Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu proqram Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunması üçün əlverişli şərait yaradır.
Proqramın əsas məqsədi muxtar respublikamızda yaşayan bu qəbildən olan uşaqların təhsil hüquqlarının təmin edilməsi, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin inkişafı, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, eləcə də təlim-tərbiyəsilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasıdır. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi proqramın icrası ilə bağlı bir sıra işlər görüb. Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 2005 nəfər uşaqdan 363 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilib və onlar haqqında məlumat bazası yaradılıb.
Komitə tərəfindən 1185 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılıb, həmin uşaqlardan 2 nəfər Şərur Rayon Texniki-Peşə və Sürücülük Məktəbinə, 1 nəfər Naxçıvan Şəhər Regional Peşə Tədris Mərkəzinə, 7 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə, 4 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 3 nəfər Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 1 nəfər Naxçıvan Şəhər Şahmat Mərkəzinə, 22 nəfər musiqi məktəblərinə və məktəbdənkənar müəssisələrin dərnəklərinə, 1 nəfər Şərur Rayon Uşaq-gənclər idman məktəbinə, 58 nəfər muxtar respublikanın tam orta məktəblərinə, 5 nəfər uşaq bağçalarına yönləndirilib.
Rübdə bir dəfə olmaqla cari il ərzində 3 dəfə rayon (şəhər) icra hakimiyyətləri və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 158 nəfər müəllim, metodist və tərbiyəçinin iştirakı ilə kurslar təşkil edilib. Kurslarda məktəbəqədər təhsil müəssisələrinin müvafiq işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə məruzələr oxunub və tədbir iştirakçılarına müxtəlif materiallar paylanılıb.
Komitə tərəfindən cari ildə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması diqqət mərkəzində saxlanılıb, 211 məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirilib, xüsusi kateqoriyadan olan uşaqlara qarşı heç bir hüquq pozuntusu qeydə alınmadığı müəyyən edilib. Eyni zamanda Culfa rayon Yaycı kənd 1 nömrəli və Babək rayon Nehrəm kənd 2 nömrəli, Şahbuz rayon Külüs kənd tam orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün tolerant mühitin yaradılması ilə bağlı bu qəbildən olan uşaqların valideynləri, şagirdlər və müəllimlər ilə görüş keçirilib.
Komitə tərəfindən 11 ay ərzində aid təşkilatlarla birgə ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı ibtidai sinif müəllimləri, məktəb psixoloqları və distant tədris üzrə pedaqoji kadrlar üçün 8 dəfə seminar təşkil edilib.
Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikanın rayon və şəhərlərində təşkil olunmuş teatr tamaşalarına, animasiya və cizgi filmlərinə, konsert proqramlarına komitə tərəfindən 310 nəfər, sağlamlıq imkanları məhdud 237 uşaq Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Xatirə Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyaya aparılıb. Onlar üçün Naxçıvan Dövlət Film Fondunda “Qaraca qız”, “Bir qalanın sirri”, “Sehrli xalat” filmləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Duz kisəciyi”, “Ağca və Bozca” tamaşaları göstərilib.
Sağlamlıq imkanları məhdud uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə “Müstəqilliyimiz əbədidir” mövzusunda 44 uşaq arasında şeir müsabiqəsi keçirilib, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar. Əlamətdar və bayram günlərində sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərinin sərgisi təşkil olunub, “İstedadlı uşaqlar” festivalında üç nəfər sağlamlıq imkanları məhdud uşaq “İlin ən yaxşı istedadlı uşağı” adına layiq görülüb.
Ümumiyyətlə, komitə tərəfindən 11 ay ərzində əlaqə saxlanılan 1185 sağlamlıq imkanları məhdud uşaqdan 58-i muxtar respublikanın tam orta məktəblərinə, 8-i məktəbəqədər, 22-si məktəbdənkənar müəssisələrin dərnəklərinə, 2-si idman məktəblərinə, 3-ü peşə məktəbinə, 11-i müalicə və reabilitasiya müəssisələrinə olmaqla, cəmi 104-ü məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə cəlb olunub. Komitə tərəfindən bu kateqoriyadan olan uşaqlar üçün qanvermə aksiyası təşkil edilib, 7 litrə yaxın qan toplanaraq hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən uşaqlara köçürülməsi məqsədilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adıçəkilən proqramın icrası ilə bağlı tədbirləri hal-hazırda da davam etdirir. Bütün bu görülən tədbirlər bir məqsədə – gələcəyimizin sağlam təməllər üzərində qurulmasına, gələcəyimiz olan uşaqların Vətənimiz, dövlətimiz üçün layiqli, savadlı vətəndaş kimi yetişməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti