Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Sədərək rayonunda “Sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi və avtomatlaşdırılmış pensiya təyinatı xidməti” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açıb.
Fondun Sədərək Rayon Şöbəsinin müdiri Nəsimi Rzayev sosial sığortahaqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən danışıb. Bildirilib ki, elektron xidmətlər içərisində avtomatlaşdırılmış pensiya təyinatı və pensiya kalkulyatoru mühüm yer tutur. Bu sistem sayəsində pensiya yaşına çatmış vətəndaşa fondun Pensiya şöbəsində yaradılan pensiya təyinatı xidmətinə zəng etməklə və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməklə real vaxt çərçivəsində yaşa görə əmək pensiyası təyin olunur.
Vurğulanıb ki, sosial sığortaya cəlb olunan şəxslər məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onlar özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar. Eyni zamanda ödənilən sosial sığorta haqları torpaq mülkiyyətçilərinə sığorta stajı qazandırmış olur. Məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesablara toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da həmin vətəndaşların pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır.
Tədbirin sonunda iştirakçıları elektron xidmətlərin tətbiqi və istifadə qaydası ilə əlaqədar maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi