23 Dekabr 2024, Bazar ertəsi

Ən qiymətli sərvət olan insanların əmək hüquqlarının ciddi şəkildə qorunması ölkəmizdə pri­ori­tet vəzifəyə çevrilib. Bunu muxtar respublikamızın timsalında da görmək mümkündür. Cari ilin ötən dövrü ərzində müvafiq qurumlar tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər də belə deməyə əsas verir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin 11 ayında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıb. Xidmət tərəfindən tikinti və istehsal müəssisələri üçün təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin olunması və həmin vasitələrdən istifadə edilməsi, həmçinin işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində görülən işlər davam etdirilib. İşçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində çalışanların əməyin mühafizəsi qaydalarına riayət etmələri ilə əlaqədar 69 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 96 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 180 işçi isə həmin vasitələrlə yerində təmin olunub. Bu barədə qəzetimizə nazirlik tərəfindən məlumat verilib. Məlumatda bildirilir ki, qeyd olunan dövr ərzində işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının real göstərilməsinə nəzarət məqsədilə 424 sahibkarlıq obyektinə baxış keçirilib, 218 işçi ilə yeni əmək münasibətlərinin rəsmiləşdirilməsinə, 1066 halda isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunub.

İstehsalatda yüngül xəsarətalma ilə nəticələnən hadisələrin təkrarlanmaması məqsədilə işəgötürənlərə metodik köməklik göstərilib və istehsalatda baş verən 8 hadisənin müvafiq komissiya tərəfindən təhqiqatı aparılıb. Əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə inzibati xəta haqqında tərtib edilmiş protokola uyğun olaraq 5 vəzifəli şəxsə 4400 manat məbləğində cərimə tətbiq olunmasına dair qərar qəbul edilib.
Nəzarət zamanı “İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icbari sığorta müqaviləsi bağlanmadığı aşkar edilən 218 işçinin siyahısı müvafiq tədbirlər görülməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə göndərilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti aparılacaq meydançalarda müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılmasına nəzarət məqsədilə, ümumilikdə, 33 tikinti sahəsinə baxış keçirilib və müvafiq akt tərtib olunaraq həmin tikinti sahələrində inşaat işlərinə başlanmasına razılıq verilib.
Kadr işləri və əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığını artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” və “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzularında, ümumilikdə, 6 maarifləndirici kurs təşkil edilib.
Məlumatda o da qeyd olunur ki, son zamanlar iş yerlərində nəqliyyat vasitələri ilə yükdaşıma işlərində (nəqliyyat vasitəsinin geri hərəkəti, yükləmə və boşaltma əməliyyatları nəticəsində) işçilərin təcrübəsizliyi, səhv və ehtiyatsızlığı səbəbindən bədbəxt hadisələr baş verir. Bütün bunlar nəqliyyat vasitələrindən istifadə edərkən qəza hadisələrinin baş verməsinə səbəb ola biləcək amillərə və onların aradan qaldırılması məqsədilə həyata keçiriləcək təhlükəsizlik tədbirlərinə diqqəti artırıb. Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Nəqliyyat vasitələri üzrə yükləmə-boşaltma və yüklərin daşınması işləri zamanı əməyin mühafizəsi qaydalarına əməl olunması” mövzusunda ixtisasartırma kursu təşkil edilib.
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə istehsalat xüsusiyyətləri nəzərə alınmaqla, 6 müəssisədə əməyin mühafizəsi üzrə bilik və peşəkarlığın artırılması məqsədilə maarifləndirici seminarlar təşkil olunub, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair maarifləndirici slaydlar hazırlanıb, seminar iştirakçılarına əməyin mühafizəsinə dair yaddaş kitabçaları təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR