23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, nazirlik 2016-cı ilin 11 ayı ərzində əhalinin sosial təminatı, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifə və tapşırıqların icrası ilə bağlı fəaliyyətini davam etdirib. Belə ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilən müxtəlif növ xidmətlərin səmərə və keyfiyyətini artırmaq məqsədilə ahıl və sağlamlıq imkanları məhdud şəxslər haqqında informasiya bazası yaradılıb və bu məlumat bazası hər ay  yenilənir.

Hazırda muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan 16 244 şəxsə müxtəlif növ sosial xidmətlər göstərilir. Ümumilikdə, müvafiq əhali qruplarına 37 növ aylıq və birdəfəlik müavinət, təqaüd və kompensasiya ödənilir. Müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə 7131 nəfər əlilə sosial müavinət, 245 şəhid ailəsinə, 1622 müharibə əlilinə və I qrup ümumi səbəbdən əlilə Prezident təqaüdü ödənilir. Aztəminatlı 2073 ailənin 7879 nəfər ailə üzvünə ünvanlı sosial yardım ödənişi həyata keçirilir.
Tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 422 ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, həmçinin 16 nəfərə Ahıllar evində stasionar sosial-məişət xidməti göstərilir. Qeyd olunan dövr ərzində 64 nəfərin sosial-məişət şəraitinin yaxşılaşmasına, 47 nəfərin isə respublika daxilində müalicəsinə köməklik edilib.
Muxtar respublikada müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Qeyd olunan dövr ərzində 6 Azərbaycan Vətən Müharibəsi iştirakçısı və 4 şəhid ailəsinə yeni mənzillər və 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına “NAZ-Lifan 320” markalı minik avtomobilləri verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradıb. Belə ki, məktəbəqədər təhsil müəssisələrinə sağlamlıq imkanları məhdud 81 uşaq cəlb olunub, ümumtəhsil məktəblərində 895 uşaq, Distant Tədris Mərkəzində isə 23 uşaq təhsil alır. Tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud 273 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin olunub.
Məlumatda bildirilir ki, məhdud fiziki imkanlı şəxslərin asudə vaxtının, o cümlədən istirahətlərinin təşkili, sosial qayğıya ehtiyacı olan şəxslərin ziyarət edilməsi də diqqət mərkəzindədir. Yay mövsümündə məhdud fiziki imkanlı 180 şəxsin Ağbulaq İstirahət Mərkəzində istirahətinin təşkili bu tədbirlərin davamı olub. Həmçinin bir uzunömürlü ailənin brilyant toyu qeyd edilib, sosial qayğıya ehtiyacı olan 10 ailəyə baş çəkilib, onlara ərzaq payı verilib.
Ahıllar evi sakinlərinin və sosial xidmət göstərilən tənha ahıllardan bir qrupunun “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib. Asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Heydər ­Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı Ahıllar evi sakinləri qarşısında konsert ­proqramı ilə çıxış edib, həkimlər tərəfindən Ahıllar evinin sakinləri tibbi yoxlamaya cəlb olunub, onlara tibbi məsləhətlər verilib. Sosial xidmət göstərilən tənha ahıllar mütəmadi olaraq evlərində ziyarət edilib, hər həftənin şənbə günü onların həyətlərində iməciliklər təşkil olunub.
Məlumatda o da qeyd olunur ki, məhdud fiziki imkanlı şəxslərin istedadlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin inkişafı diqqət mərkəzində saxlanılıb, onlar arasında şeir, mütaliə, brayl yazı, rəsm və əl işləri üzrə müsabiqələr təşkil edilib, idmanın boccia, stolüstü tennis, voleybol, futzal, yüngül atletika növləri üzrə yarışlar keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə də yaddaqalan olub. Müsabiqədə 24 müəllifin 21 adda müxtəlif janrlarda çəkdiyi rəsmlər, 3 adda aplikasiya və 51 adda əl işləri, Naxçıvan şəhərindəki ­Heydər Əliyev Sarayında təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda bu qəbildən olan 39 şəxsin 57 rəsm və 149 əl işi nümayiş etdirilib. Tədbirdə 12 şəxsin, ümumilikdə, 2023 manat məbləğində 5 rəsm və 33 əl işi satılıb.
Bu ilin may ayında İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil edilən Paralimpiya İdman Festivalında Milli Par­alimpiya Komitəsinin, İran İslam Respublikasının və Naxçıvan Par­alimpiya Federasiyasının, ümumilikdə, 106 nəfər məşqçi və idmançısı iştirak edib. Yaradılan hərtərəfli şərait, göstərilən qayğı paralimpiyaçılarımızın respublika səviyyəli yarışlarda uğurla çıxış etmələrinə zəmin yaradır. Cari ilin noyabr ayında Sumqayıt Par­alimpiya İdman Kompleksində keçirilən II uşaq paralimpiya idman oyunlarında muxtar respublikamızı təmsil edən idmançılarımız boccia idman növü üzrə müvəffəqiyyətlə çıxış ediblər.
27-29 noyabr tarixlərində Bakı şəhərində keçirilən sağlamlıq imkanları məhdud şəxslərin VII Ümumrespublika bədii yaradıcılıq müsabiqəsində muxtar respublikanı bədii yaradıcılığın instrumental ifaçılıq, mahnı və bədii qiraət növləri üzrə istedad və bacarıqları ilə fərqlənən 3 nəfər təmsil edib. Müsabiqədə bədii qiraət üzrə nümayəndəmiz 3-cü yerə layiq görülüb.
Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan şəxslər və əsgərlər qarşısında konsert pro­qramı ilə çıxış edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR