Məhdud fiziki imkanlı şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinin təmin olunmasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə hər il dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu münasibətlə dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış edərək vurğulayıb ki, ölkəmizdə məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən başlayaraq daha geniş vüsət alıb. Ümummilli liderimiz Heydər Əliyev belə şəxslərin cəmiyyətə inteqrasiyasını, onların reabilitasiyası və sosial müdafiəsinin təmin olunmasını daim diqqət mərkəzində saxlayır, əlilliyin qarşısının alınması istiqamətində ölkəmizdə mühüm tədbirlər həyata keçirirdi. Ulu öndər bu kateqoriyadan olan insanların problemlərinə daim böyük həssaslıqla yanaşır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi önəm verirdi. Ümummilli liderimizin ideyalarını bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür.
Qeyd edilib ki, muxtar respublikada məhdud fiziki imkanlı şəxslər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bu ilin ötən dövründə məhdud fiziki imkanlı şəxslərin tibbi reabilitasiyası məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində 244 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 315 uşağın müalicəsi təşkil edilib, məhdud fiziki imkanlı 11 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 5 uşaq valideynlərinin müşayiəti ilə Türkiyə Respublikasına müalicəyə göndərilib. Bundan başqa, 308 nəfər respublikanın müxtəlif sanatoriyalarına göndərişlərlə təmin edilib, sağlamlıq imkanları məhdud 205 şəxsə müxtəlif texniki reabilitasiya vasitələri verilib, 201 vətəndaşa səyyari protez-ortopedik xidmət göstərilib, 61 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 47 nəfərin isə respublika daxilində müalicəsinə köməklik edilib.
Bildirilib ki, hazırda sağlamlıq imkanları məhdud 71 şəxsə evlərində sosial məişət xidməti göstərilməsi, onların zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri, bu il 6 Azərbaycan Vətən Müharibəsi iştirakçısı və 4 şəhid ailəsinə yeni mənzillər və 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına “Naz-Lifan 320” markalı minik avtomobillərinin verilməsi də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının göstəricisidir.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirlərdə, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə sovqat təqdim olunub.
Görüşlərdə iştirak edə bilməyən məhdud fiziki imkanlı şəxslərə evlərində baş çəkilib, onlara sovqat verilib.
Məhdud fiziki imkanlı şəxslər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Hafizə Əliyeva