23 Dekabr 2024, Bazar ertəsi

Məhdud fiziki imkanlı şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinin təmin olunmasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.

 Azərbaycanda məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən başlayaraq daha geniş vüsət almışdır. Ümummilli liderimiz Heydər Əliyev əlillərin cəmiyyətə inteqrasiyasını, onların reabilitasiyası və sosial müdafiəsinin təmin olunmasını daim diqqət mərkəzində saxlamış, əlilliyin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülmüşdür. Ulu öndər bu kateqoriyadan olan insanların problemlərinə böyük həssaslıqla yanaşmış, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılmışdır.

Ümummilli liderimizin ideyalarını bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Cəmiyyətin ümumi inkişaf prosesindən irəli gələn yeniləşmə, təkmilləşmə tendensiyasına müvafiq olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə yeni hüquqi imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların, təqaüd və sosial müavinətlərin məbləği mütəmadi artırılır.
Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilən davamlı islahatlar sakinlərin həyat şəraitinin yaxşılaşmasına, rifahının yüksəlməsinə imkanlar yaradır. Müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılır. Bu ilin ötən dövründə məhdud fiziki imkanlı şəxslərin tibbi reabilitasiyası məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində 244 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 315 uşağın müalicəsi təşkil edilmiş, məhdud fiziki imkanlı 11 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 5 uşaq valideynlərinin müşayiəti ilə Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 308 nəfər isə respublikanın müxtəlif sanatoriyalarına göndərişlərlə təmin edilmişdir. Bundan başqa, qeyd olunan dövr ərzində sağlamlıq imkanları məhdud 205 şəxsə müxtəlif texniki reabilitasiya vasitələri verilmiş, 201 vətəndaşa səyyar protez-ortopedik xidmət göstərilmiş, 61 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 47 nəfərin isə respublika daxilində müalicəsinə köməklik göstərilmişdir. Hazırda sağlamlıq imkanları məhdud 71 şəxsə evlərində sosial məişət xidməti göstərilir, onların zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Qeyd olunan dövr ərzində müharibə əlillərinin sosial vəziyyətinin yaxşı­laşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 6 Azərbaycan Vətən Müharibəsi iştirakçısı və 4 şəhid ailəsinə yeni mənzillər və 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına “Naz-Lifan 320” markalı minik avtomobilləri təqdim edilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Qeyd olunan dövr ərzində əmək bazarının tələblərinə uyğun təşkil olunan müvafiq peşə kurslarına sağlamlıq imkanları məhdud 44 nəfər cəlb edilmiş, bu kateqoriyadan olan 86 şəxs münasib işlə təmin edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 39 şəxs sosial xarakterli haqqıödənilən ictimai işlərə cəlb olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Hazırda məktəbəqədər təhsil müəssisələrinə sağlamlıq imkanları məhdud 77 uşaq cəlb olunmuş, ümumtəhsil məktəblərində 895 uşaq, Distant Tədris Mərkəzində isə 23 uşaq təhsil alır. Tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud 273 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində psixoloji dəstək xidməti, diqqət zəifliyi olan və hiperaktiv uşaqlar üçün təlim-bərpa otağı yaradılmışdır. Bununla yanaşı, uşaqlarda kiçik motorikanın inkişaf etdirilməsi, zehni inkişaflarının daha da yaxşılaşdırılması, habelə sərbəst şəkildə özünəqulluq vərdişlərinin aşılanması məqsədilə Uşaq Bərpa Mərkəzində əmək terapiyası otağı yaradılmışdır.
Məhdud fiziki imkanlı şəxslərin istedadlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin inkişafı məqsədilə də tədbirlər təşkil olunur. Belə ki, onlar arasında şeir, bilik, mütaliə, brayl yazı, rəsm və əl işləri üzrə müsabiqələr təşkil edilir. Bununla yanaşı, idmanın boccia, stolüstü tennis, voleybol, futzal, yüngül atletika növləri üzrə yarışlar keçirilir. Bu il Naxçıvan şəhərində Paralimpiya İdman Festivalı təşkil edilmişdir. Festivalda 106 məşqçi və idmançı iştirak etmişdir. Yaradılan hərtərəfli şərait, göstərilən qayğı paralimpiyaçılarımızın respublika səviyyəli yarışlarda uğurla çıxış etmələrinə zəmin yaradır. Cari ilin noyabr ayında Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən II uşaq paralimpiya idman oyunlarında muxtar respublikanı təmsil edən idmançılar boccia idman növü üzrə yarışlarda müvəffəqiyyətlə çıxış ediblər.
Məhdud fiziki imkanlı şəxslərin əl işlərinin satışına da köməklik göstərilir, sərgilərdə onların əl işləri nümayiş olunur, sərgi-müsabiqədə fərqlənənlərin ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakı təmin edilir. Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu mütəmadi olaraq bayram tədbirlərində, eyni zamanda əsgərlər qarşısında konsert proqramı ilə çıxış edir.

Yay mövsümündə məhdud fiziki imkanlı 180 şəxsin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir. Əlamətdar günlərdə məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə silsilə tədbirlərin həyata keçirilməsi ənənə halını alıbdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan şəhərində və rayоnlarda məhdud fiziki imkanlı şəxslərlə görüşlər keçirilmiş və ümumilikdə, 1000 nəfərə sоvqat verilmişdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR