Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yaşayan aztəminatlı çoxuşaqlı Mehdiyevlər ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Malik Tarverdiyev bildiriblər ki, muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrin və bu qəbildən olan digər şəxslərin müavinət təminatının yaxşılaşdırılması onların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Muxtar respublikada aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı mexanizminin uğurla həyata keçirilməsi, təkcə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 2 milyon manatdan artıq həcmdə ünvanlı dövlət sosial yardımın ödənilməsi sosial siyasətin praktik nəticələri kimi diqqəti çəkir. Bir sözlə, sosial sahəyə qayğının ildən-ilə artırılması ailələrimizin rifah halının yüksəlməsi ilə nəticələnir.
Sonra aztəminatlı çoxuşaqlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı verilib.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti