“Naxçıvanqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin növbəti ixtisasartırma kursuna başlanılıb.
Qeyd edək ki, ixtisasartırma kursları Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin “Naxçıvanqaz” İstehsalat Birliyinə “Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmalarının davam etdirilməsi” barədə verdiyi tapşırığa əsasən təşkil edilir.
“Naxçıvanqaz” İstehsalat Birliyinin rayon, şəhər Qaz İstismarı idarələrinin müvafiq işçilərinin cəlb edildiyi kursda qaz avadanlıqlarının istismarı, texniki rəsmxət, elektrotexnika fənləri tədris olunur, emalatxanada məşğələ və istehsalat təlimləri aparılır. Cari ilin sentyabr ayında başlanılan kurslar yekunlaşdırılıb, noyabr ayında yeni kursa başlanılıb. Bir kursun müddəti iki aydır. İxtisasartırma kursları birliyin aparıcı mütəxəssisi tərəfindən tədris olunur və bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, ixtisasartırma kurslarının təşkili qaz təsərrüfatında texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət etməklə təbii qazın səmərəliliyinə, peşəkar ixtisaslı işçi qüvvəsinin artırılmasına, istehlakçılara nümunəvi xidmətin göstərilməsinə, həmçinin görülən işlərin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır.
Sonda ixtisasartırma kurslarını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunur.
“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti