Sığorta iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da mühüm rol oynayır. Əmlakı və məhsulu gözlənilməz hadisələrə qarşı sığorta etdirmək fermer və torpaq mülkiyyətçiləri üçün böyük əhəmiyyət daşıyır. Belə ki, kənd təsərrüfatında tətbiq olunan sığorta bitkiçilik və heyvandarlıqda müxtəlif riskli hadisələr nəticəsində dəymiş zərərlərin ödənilməsində çox faydalıdır.
Kənd təsərrüfatı mühüm fəaliyyət sahəsidir. Torpaq, iqlim, hava və su ehtiyatlarından istifadə olunması hər bir ölkədə müxtəlif məhsulların istehsalına imkan yaradır. Lakin bununla yanaşı, kənd təsərrüfatı müxtəlif gözlənilməz hadisələrə qarşı həssasdır. Belə ki, təbii hadisələr nəticəsində tez-tez bu sahəyə zərərlər dəyir. Ona görə də əhalinin yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunması məqsədilə fermer və torpaq mülkiyyətçilərinin əmlakına və hazır məhsuluna zərər vuran müxtəlif gözlənilməz hadisələrə qarşı sığorta olunmaq vacib məsələdir.
Kənd təsərrüfatında sığortanın təşkili və onun fəaliyyətinin stimullaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Bu məqsədlə təbii hadisələrdən kənd təsərrüfatı məhsullarının sığortalanması üçün müvafiq qanunlar və qərarlar qəbul olunmuşdur. Həmin qanunlara əsasən, kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digərləri ilə bağlı əmlak mənafeləri sığortanın obyektləri hesab olunurlar.
Kənd təsərrüfatına zərər vura bilən çox sayda gözlənilməz hadisələr, təbii və texnogen fəlakətlər vardır. Belə ki, kənd təsərrüfatı məhsulları yanğın, dolu, sel, daşqın, tufan, şaxta kimi təbii fəlakətlərin zərərlərindən, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri müvafiq olaraq yoluxucu xəstəliklərdən və xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanırlar.
Kənd təsərrüfatında əmlakın sığortası üzrə sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir. Əmlakını üç ildən az olmayaraq ardıcıl sığorta etdirmiş, lakin həmin müddətdə sığorta ödənişi almamış sığortalıya sonrakı illər üçün hesablanmış sığortahaqqından dördüncü ildən başlayaraq güzəştlər edilir.
Sığorta müqaviləsi üzrə sığorta məbləğləri kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri üzrə hüquqi şəxslərdə onların balans dəyərinin, fiziki şəxslərdə isə bazar qiymətinin azı 70 faizi, binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlak üzrə isə əmlakın bazar qiymətinin tam məbləği miqdarında müəyyən edilir. Göründüyü kimi, sığorta işi kənd təsərrüfatında məhsul istehsalçılarının iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Burada qarşıya qoyulan vəzifə isə ilk olaraq bitkiçilik və heyvandarlıq məhsulları istehsalçılarına təbii fəlakətlər zamanı onlara dəyə biləcək maddi zərərlərdən təminat verməkdir.
İlk olaraq bitkiçilik məhsulları istehsalındakı sığortaya baxsaq, görərik ki, mövcud qanunlara əsasən, istixanalar və onlarda yetişdirilən gül-bəzək, tingliklər, şitilliklər və çoxillik otların məhsulları istisna olunmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına məxsus olan bütün bitkilər və çoxillik əkmələrin məhsulları sığortaya cəlb edilirlər. Yuxarıda qeyd olunduğu kimi, əkinçilik məhsulları yanğın, dolu, sel, daşqın və şaxtavurma kimi gözlənilməz hadisələrdən tam məhv olduqda və ya bir hissəsi məhv olduqda bir hektarın əkin sahəsi məhsulunun dəyəri nəzərə alınmaqla məhsulun sığortalanma faizi miqdarında sığorta ödənişi verilir. Kənd təsərrüfatında sığorta etdirənlərin mənafeləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz, meyvə bağları, üzüm sahələrinin məhsulları yanğın, dolu, sel, daşqın, şaxta kimi hadisələrdən sığortalanır. Bu məhsullar üzrə bağlanılan sığorta müqavilələrində hesablanmış sığorta haqlarının 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin kənd təsərrüfatı sığortasının həyata keçirilməsinin qaydalarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının dəyərinin 5 faiz həcmində sığorta tarifi müəyyən olunur. Bu zaman kənd təsərrüfatı məhsulunun sığorta məbləği isə sığorta müqavilələrinin bağlandığı ildən əvvəlki dövrün orta məhsuldarlığı nəzərə alınmaqla və rayonun orta göstəricisi əsasında müəyyən edilir.
Kənd təsərrüfatı heyvanları üzrə sığortaya gəldikdə, burada 6 aylıqdan yuxarı iribuynuzlu mal-qara, qoyun və keçilər, habelə bir yaşdan yuxarı yük heyvanları, 3 aylıqdan yuxarı ev quşları və bir yaşdan yuxarı arı ailələri sığortaya cəlb olunurlar. Bundan başqa, broyler təsərrüfatlarında yetişdirilən quşlar da sığortaya cəlb edilir. Sığorta etdirilmiş kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklərdən, yanğın, çovğun, dolu və ildırım vurmasından tələf olduqda onların sahibinə sığorta ödənişləri verilir. Heyvanların sığortası üzrə müqavilələr göstərilən yaşa çatmış həmin növdən olan bütün heyvanların balans dəyəri, yaxud bazar qiymətinin 50 faizdən az olmamaqla 80 faizədək məbləğdə bağlanılır.
Kənd təsərrüfatı məhsulunun və əmlakın sığortası könüllülük prinsipləri əsasında həyata keçirilir. Bu zaman sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir. Kənd təsərrüfatının sığortası fermerlər və torpaq mülkiyyətçiləri üçün gözlənilməz hadisələrdən dəymiş zərərlərin əvəzinin ödənilməsi üçün yaxşı imkanlar vəd edir. Hazırda payızlıq taxıl əkinlərinin yekunlaşdırıldığı bir vaxtda bu daha da vacibdir. Belə ki, torpaq mülkiyyətçiləri öz əkinlərini dövlət sığorta orqanlarında sığorta etdirməklə qarşıdakı qış aylarında ola biləcək şaxtaların vurduğu, gələcəkdə dolu, sel, tufan və digər hadisələr nəticəsində dəyə biləcək zərərlərə qarşı sığorta təminatı ala bilərlər. Kənd təsərrüfatı məhsulları istehsalçıları əkdikləri payızlıq arpa və buğda məhsullarını ilin sonunadək sığorta etdirməklə işlərini zərərsiz başa vurmaq üçün tam təminat almış olurlar.
Əli Cabbarov