Muxtar respublikada son illər uşaqlarla bağlı həyata keçirilən tədbirlər, görülən işlər sağlam gələcəyin formalaşmasına xidmət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradılması da bu istiqamətdə görülən işlərin davamıdır. Çünki informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə edib uşaqlarla bağlı məlumatları elektronlaşdırmaqla uşaq hüquqlarının daha operativ müdafiəsinə, aidiyyəti orqanların bu sahə ilə bağlı səmərəli fəaliyyətinə, hər bir uşaq haqqında informasiyaların asanlıqla əldə edilməsinə nail olmaq mümkündür. Bu amillər nəzərə alınaraq muxtar respublikada uşaqların qanunla müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təmin edilməsi ayrıca müddəa kimi göstərilib.
Müvafiq sənəddən irəli gələn məsələləri həll etmək üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilib. Cari ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb. Məlumat bankına müvafiq məlumatları daxil edəcək mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri üçün seminar keçirilib.
Elektron məlumat bankının istifadəçiləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır.
Uşaqlar haqqında məlumat bazası elektron məlumat bankının mərkəzi serverində yerləşir və bura hər bir uşaq barədə fərdi məlumatlar daxil edilir. Elektron məlumat bankına uşaq barəsində məlumatlar daxil edən mərkəzi və yerli icra hakimiyyəti orqanları yalnız müəyyən olunmuş formaya uyğun elektron anketin öz səlahiyyətlərinə aid hissələri üzrə bəndləri doldururlar. Elektron məlumat bankının idarə olunmasına, bura məlumatların yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti administrator həyata keçirir.
Bu günədək elektron məlumat bankına 4242 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Məlumat üçün bildiririk ki, ötən müddət ərzində fərdi qaydada uşaq hüquqları haqqında məlumat bankında uşaqların adı, soyadı və atasının adı, doğulduğu tarix, doğumunun qeydiyyata alındığı yer, yaşadığı ünvan, şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnaməsinin seriya və nömrəsi, ata və anasının yaşadığı ünvan və vətəndaşlıq vəziyyətləri, doğum və ölüm tarixləri, valideynlərinin nikah vəziyyəti ilə bağlı məlumatlar yerləşdirilib. Bundan əlavə, uşaqların qeydiyyatda olduğu səhiyyə və təhsil aldığı müəssisələr, sağlamlıq tarixçəsi, müalicə aldığı səhiyyə müəssisəsi, xüsusi təhsil və idman nailiyyətləri, uşaqlara təyin edilmiş əmək pensiyası və yaxud sosial müavinətlər, ünvanlı sosial yardım təyin edilmişdirsə, məbləği və verilmə müddəti kimi məlumatlar da uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankında yerləşdirilib.
Elektron məlumat bankına uşaqlar haqqında məlumatların daxil edilməsi və onların təhlili davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti