Son zamanlar iş yerlərində nəqliyyat vasitələri ilə yük daşınma işlərində (nəqliyyat vasitəsinin geri hərəkəti, yükləmə və boşaltma əməliyyatları nəticəsində) işçilərin təcrübəsizliyi, səhv və ehtiyatsızlığı səbəbindən bədbəxt hadisələr baş verir. Bütün bunlar nəqliyyat vasitələrindən istifadə edərkən qəza hadisələrinin baş verməsinə səbəb ola biləcək amillərə və onların aradan qaldırılması məqsədilə həyata keçiriləcək təhlükəsizlik tədbirlərinə diqqəti artırıbdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Yükləmə-boşaltma və yüklərin daşınması işləri zamanı əməyin mühafizəsi qaydalarına əməl olunması” mövzusunda ixtisasartırma kursuna başlanılıb.
Beş iş günü davam edəcək kursa Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin, “Cahan-İnşaat”, “Gəmiqaya Yol, Su, Enerji”, “Dizayn Nəqliyyat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsinin, Naxçıvan Yol Təmir-Tikinti, Naxçıvan Şəhər Yaşıllaşdırma və Naxçıvan Şəhər Sanitar Təmizlik idarələrinin, Ordubad və Babək Rayon Kommunal Müəssisələri kombinatlarının əməyin mühafizəsi üzrə, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Yükləmə-boşaltma və yüklərin daşınması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi”, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən müvafiq olaraq istehsalatda əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülməməsinə görə məsuliyyət, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi qaydaları ilə bağlı mövzular tədris olunur.
Kurs iştirakçılarına maarifləndirici bukletlər təqdim olunub və yekunda onların bilikləri yoxlanılacaq.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti