23 Dekabr 2024, Bazar ertəsi

Havanın soyuması ilə əlaqədar yaşayış sahələrində vətəndaşlar tərəfindən müxtəlif növ qaz cihazlarından və sobalarından istifadə edilməsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bunu nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların nəzərinə çatdırır.
Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz halların baş verməməsi üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın və vətəndaşın bir sıra qaydalara əməl etməsi zəruridir. Hər bir vətəndaş sənaye üsulu ilə istehsal olunmuş və Azərbaycan dilində təlimatı yazılmış qaz cihazından istifadə etməlidir. Cihazlarda təhlükəsizlik sistemi, qaz təzyiqi nizamlayıcısı, müəyyən səbəblərdən qaz kəsildikdə və təkrar verildikdə sistemi bağlayan qurğunun olması vacibdir. Qaz cihazlarının xətlərində özbaşına dəyişiklik etmək, təhlükəsizlik qurğusunu çıxarmaq, rezin şlanqla qaz xəttinin çəkilişinə yol vermək olmaz. Qaz cihazlarının quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Mənzilə daxil olduqda qaz iyi hiss edilərsə, işığı yandırıb-söndürmək, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək və açıq alovdan istifadə etmək qəti qadağandır. Otağın qapı və pəncərələri açılmalı və hava axını yaradılmalıdır. Yaşayış evində qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz, bunun üçün yalnız sabun məhlulundan istifadə etmək lazımdır. Əgər qaz sızması aşkar olunarsa, o zaman qazın verilişini dayandırmaq və dərhal qaz istismarı idarəsinin (104) qəza xidmətinə xəbər vermək lazımdır. Təhlükəsizlik sistemi olmayan məişət qaz pilətəsinin üzərinə qazanı, çaydanı qoyduqda suyun səviyyəsi elə olmalıdır ki, su qaynadıqda daşmasın, belə ki, qaynayan su daşıb odluğu söndürə bilər. Bu isə qaz sızması ilə nəticələnər və partlayış baş verər.
Qaz cihazlarının istismarı zamanı əhalinin üzləşdiyi xoşagəlməz hadisələrdən biri də dəm qazı ilə zəhərlənmədir. Dəm qazı ilə zəhərlənmə daha çox hava təchizatı pis olan otaq, zirzəmi və qarajlarda, habelə standarta uyğun olmayan və kustar üsulla hazırlanan qaz sobaları və suqızdırıcılarının istismarından, həmçinin tüstü bacaları və borularının işlək vəziyyətdə olmaması səbəbindən baş verir.
Dəm qazı neftin, təbii qazın, kömürün, odunun və digər yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Dəm qazının yaranmaması üçün otaqlar tez-tez havalandırılmalı, tüstü boruları küləyin istiqaməti nəzərə alınmaqla quraşdırılmalı və tüstü borularının çıxışı tutulmamalıdır. Tüstü boruları və bacaları hər 2 aydan bir təmizlənməli, onların sazlığı daim yoxlanılmalıdır. Mətbəxdə qaz pilətəsi və suqızdırıcı quraşdırılarkən otağın həcmi nəzərə alınmalıdır. Yanma məhsullarının xaric olunmasına diqqət yetirilməli, pilətədən havalandırma sisteminə qədər olan məsafə 65 santimetrdən az olmamalı, qaz cihazlarının tüstü boruları digər məişət cihazlarının borularına qoşulmamalıdır. Qaz sobaları və suqızdırıcılarından tüstünün xaric edilməsi üçün standarta uyğun olmayan və tez qatlanan borulardan istifadə etmək olmaz. Bunun üçün yalnız düzaxımlı metal borulardan istifadə edilməli, soba ilə divar arasında 20-30 santimetr məsafə olmaqla, tüstü boruları 1,5 metr şaquli istiqamətdə qalxdıqdan sonra binaların dam örtüyündən 70 santimetr hündürlükdə quraşdırılmalıdır. Vanna otağında qazla işləyən suqızdırıcı cihaz quraşdırılmamalı, hava daxil olması üçün qapının aşağısında dəlik­lər açılmalı, nəfəslik açıq saxlanmalı, ventilyasiya kanalı daim işlək vəziyyətdə olmalıdır.
Dəm qazı rəngsiz və iysiz olduğundan zəhərlənmə hiss olunmadan baş verir. Zəhərlənmənin ilkin əlamətləri kimi başağrısı, gözlərin yaşarması, qulaqlarda küyün olması, ürəkbulanma, baş gicəllənmə, dodaqların göyərməsi, qusma, quru öskürək, təngnəfəslik, yuxuya meyillilik və yuxuda sayıqlama halları müşahidə olunur, dəri solğunlaşır. Əgər həmin insan dəm qazı ilə nəfəs almağa davam edərsə, onun tənəffüsü çətinləşir, qıcolmalar baş verir. Tənəffüs mərkəzinin iflic olması nəticəsində nəfəsalma dayanır. Dəm qazı ilə zəhərlənmiş insanı dərhal təmiz havaya çıxarmaq, onu sıxıcı paltarlardan azad etmək, bütün bədənini aktiv hərəkətlərlə ovuşdurmaq, alnına və sinə­sinə soyuq kompres qoymaq lazımdır. Zərərçəkmişin huşu özündədirsə, ona çay içirtmək məsləhətdir. Əgər huşunu artıq itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq və ya sirkə iylətmək lazımdır. Zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs verilməli və təcili tibbi yardım çağırılmalıdır.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli və ona ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi və ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik. Hər hansı bir xoşagəlməz hadisə baş verərsə, Fövqəladə Hallar Nazirliyinin 101 və 112 qaynar telefon xətlərinə zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR