Zülmətdən işığa aparan yol və ya əngəllər aradan götürüləndə
... Mənim üçün bu məkan ikinci evim, buradakı insanlar bacı-qardaşlarım, dostlarım, sirdaşlarım, müəllimlərimdi. Bəzən düşünürəm ki, əgər bura olmasaydı, mənim halım necə olardı, kiminlə oturub söhbət edərdim, kiminlə dərdimi, qazandığım uğurları bölüşərdim? Axı bundan əvvəlki illərdə oxuduğum məktəb də, ali təhsil ocağı da müvəqqəti idi, düşünürdüm ki, bir gün bütün bunların sonu gələcək və mən yenidən özümü qaranlığa qərq edəcəyəm. Yaxşı ki bu məkanı dövlətimiz mənim kimi yüzlərlə insan üçün inşa etdi, valideynlərin qəlbində ümid işığı yandırdı, uşaqlarda gələcəyə inam oyatdı, onları mənəvi aydınlığa qovuşdurdu. Məhz burada uşaqlar hiss etdilər ki, fiziki əngəllər aşıla biləndir, heç bir fiziki məhdudiyyət onları nələri isə əldə etməkdən, nələri isə qazanmaqdan məhrum edə bilməz. Yaxşı ki dövlətimiz hər zaman yanımızdadır, humanist rəhbərimizin qayğısını və nəvazişini hər gün, hər dəqiqə hiss edirik. Bütün bunlar olmasaydı, görəsən, taleyimiz necə olardı? Bax orasını Allah bilir.
Sonsuz bir səmimiyyət və dərin ehtiramla, kövrək düşüncələrdən yaranan bu fikirləri ötən günlərdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində qabaq-qənşər əyləşdiyim bir gəncdən, dünyaya gəldiyi zaman gözünün nurunu itirən, ancaq bütün bunlara baxmayaraq, böyük həyat eşqi ilə oxumağa, öyrənməyə həvəs göstərən Elməddin Kərimovdan eşidəndə çox təsirlənmişdim.
Ona heyrətlənmişdim ki, bütün fiziki məhdudiyyətlərə baxmayaraq, onun səsində sonsuz bir inam, nəhayətsiz bir nikbinlik var idi. Sağlamlığı, səhhəti yerində olan insanların şükür etmək əvəzinə şikayət etdiklərini çox eşitmişdim və indi qarşımda oturub sakitcə keçmişdə olanlardan, mərkəzə gəlişinin tarixçəsindən, buradakı fəaliyyətindən, müəllimlik həyatına başlamasından, brayl əlifbasını necə öyrənməsindən, oxuduğu kitablardan çıxardığı nəticələrdən aram-aram danışan, sonra brayl əlifbası ilə yazılmış “Qurani-Kərim”i oxuyan bu gənci görəndə düşünmüşdüm ki, bizim çoxumuz çox naşükürük. Elə hey şikayət edirik, aldığımız nəfəsin də qədrini bilmirik, dediyimiz sözün qiymətini də. Dünyanın ən innovativ texnologiyaları ilə təchiz edilən bu mərkəzin müəllimlərinin işi o qədər asan deyil. Fiziki məhdudiyyətli uşaqlara bircə sözü söylətmək, bir əşyanın adını öyrətmək, bir hərəkəti icra etdirmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxan, bəzən bir sözü dəfələrlə təkrar edən müəllimlərin işi çox çətin olsa da, müasir texnologiyalar onların karına gəlir. Burada hər şey son dərəcə dəqiqliklə düşünülüb və bu qəbildən uşaqların yenidən cəmiyyətə qazandırılması üçün nə lazımdırsa, edilib. Bu qəbildən uşaqların yaradıcılıq müsabiqələrinə, idman yarışlarına cəlbi də unudulmayıb. Bütün bunları görəndə dövlətimizin bu sahəyə nə qədər həssaslıqla yanaşdığının şahidi olub, təsirlənməmək mümkün deyil.
Uşaqlar kimi qocalar və tənhalar da insanların qayğı və nəvazişinə möhtacdırlar. Dövlətimiz belə insanları təkbaşına, kiməsə möhtac, tənhalığın məngənəsində sıxılmağa qoymayıb, hər zaman yanlarında olub, dilbər guşəmiz olan Şahbuz şəhərində belələrinə isti yuva rolunu oynayan Ahıllar evini onların ixtiyarına verib. Bu məkanın sakinlərindən Yuriy Vladimiroviç Skvarçov deyir ki, Ahıllar evində olan bir dostu ilə görüşəndə söhbət əsnasında məlum olub ki, ömrünün bu yaşında əsl övlad qayğısı görəcəyi, rahatlıq tapacağı yer elə bu məkandı. Ona görə də buranı seçib. Burada onun ömrünün qalan illərini rahat, sakit keçirməsi üçün hər cür şərait yaradılıb, yayın istisində sərin, qışda isti otaqlarda dincəlir, televizora baxır, yoldaşları ilə masaüstü oyunlarla vaxt keçirir, qəzet, kitab oxuyur, vaxtlı-vaxtında yemək yeyir. Çox sevinir ki, bu yaşda heç kimə yük olmayıb, dövlətimizə, onun humanist, qayğıkeş insanlarına sığınıb. Bu evdə əməkdaşlar tərəfindən onlara doğma övlad münasibəti göstərilir, onlar tez-tez muxtar respublikanın gəzməli-görməli yerlərində olurlar, müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirak edirlər.
Dünəndən bu günə gətirən yolda
Dünən deyiləndə muxtar respublikanın məhdud fiziki imkanlı insanları hansı əziyyətlərə qatlaşdıqlarını yaxşı xatırlayır, məhdudiyyətlərdən əziyyət çəkmələrini, müalicə üçün hara müraciət edəcəklərini bilmədiklərini yada salırlar. Bu gün deyiləndə isə onların gözü önündə yaradılan sərhədsiz imkanlar canlanır. Əlillərin Bərpa Mərkəzində indi onlar üçün bütün imkanlar yaradılıb. Bu sağlamlıq ocağı öz səliqə-sahmanı, məhdud fiziki imkanlı şəxslər üçün yaradılan yüksək şəraiti, müasir tibbi avadanlıqları, əməkdaşların xəstələrə xüsusi diqqəti ilə insanı valeh edir. Burada tibbin ən son avadanlıqları ilə təchiz olunmuş müxtəlif müalicə və müayinə kabinələri var. İnfraqırmızı, ultrabənövşəyi şüa ilə, qısadalğalı elektriklə, müxtəlif tezlikli elektrik aparatları, həmçinin neçə-neçə masaj qurğuları və parafinlə müalicə olunan insanlar orqanizm daxilindəki rahatsızlıqları, oynaqlarındakı ağrıverici amilləri, duzlaşmaları, müxtəlif nahiyələrindəki zədələnmələri, bədənlərindəki süstlük əlamətlərini aradan qaldırır, xoş əhval-ruhiyyə ilə evlərinə qayıdırlar. Bərpa mərkəzində masaj, duş, dövrəvi və çiləmə duşlar, süni qaçış zolağı, velosiped və ikinəfərlik, eyni anda bir çox hərəkətləri yerinə yetirən idman qurğuları, trenajor zalı da vardır ki, əsəblərin sakitləşdirilməsi, əzələlərin hərəkətə gətirilməsi, oynaq ağrılarının müalicəsi, habelə iflic əl-qol və ayaqların fəallaşdırılması üçün bu qurğular xüsusi əhəmiyyətə malikdir.
Burada müalicə alan, sağtərəfli hemipalezdən əziyyət çəkən Sitarə Orucova deyir ki, bu mərkəzin yaradılmasından öncə az narahatlıq keçirməmişəm. Gecələri yenə bir-iki saat yuxulayıb, necə deyərlər, yola verirdim. Ancaq gündüzləri evdəkilər işə gedəndə və mən dörd divar arasında qalanda fikirləşirdim: görəsən, nə zamansa elə bir məkan olacaqmı ki, gedib həm insanlarla ünsiyyətdə olum, həm də müalicə alım. Yaxşı ki dövlətimiz tərəfindən Əlillərin Bərpa Mərkəzi istifadəyə verildi, mənim və mənim kimi yüzlərlə insan üçün ümid qapısı aralandı. Artıq bir neçə ildir ki, burada müalicə alıram. Müalicələr həm səhhətimin yaxşılaşmasına təsir göstərir, həm də əhval-ruhiyyəmə. Bütün bunlara görə dövlətimizə minnətdaram.
Görülən işlər bu sahəyə göstərilən davamlı dövlət qayğısından xəbər verir
Bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 7121 əlilə, o cümlədən 1971 sağlamlıq imkanları məhdud uşağa sosial müavinət, 239 şəhid ailəsinə, 1620 müharibə əlili və iştirakçısına, habelə I qrup ümumi səbəbdən əlilə Prezident təqaüdü ödənilir. Bu, o deməkdir ki, bu kateqoriyadan olan 7000-dən artıq vətəndaşımız heç kimdən kömək ummadan öz gün-güzəranını qura bilir, 2000-ə yaxın sağlamlıq imkanları məhdud uşağın valideyni övladının xərclərini çətinlik qarşısında qalmadan qarşılayır, 200-dən artıq şəhid ailəsi dövlətimizdən başqa heç kimin yardımına möhtac deyil, 1620 nəfər müharibə əlili və iştirakçısı təqaüddən yararlanaraq sosial rifahını təmin edir. Bütün bunlar hələ də blokadada olan Naxçıvan Muxtar Respublikasında sosial sahəyə böyük önəm verilməsinin rəqəmlərlə ifadə olunan göstəriciləri, humanist ideyalarla formalaşan mənəvi dəyərlərimizə sədaqətin bariz nümunələridir. Muxtar respublika rəhbərinin 30 may 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın uğurlu icrası ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün geniş imkanlar açıb. Bu kateqoriyadan olan insanlar bundan iki onillik öncə çox çətinliklərlə üzləşsələr də, bu çətinliklər indi arxada qalıb. Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdudlaşmış 444 ahıla sosial-məişət xidməti göstərilir, tənha ahıllara mütəmadi olaraq evlərində baş çəkilir, onların qayğıları, problemləri ilə maraqlanılır. Onların sağlamlığı və səhhəti də unudulmur, mütəmadi olaraq həkim müayinələri təşkil edilir, zəruri sosial problemləri yerindəcə həll olunur, mənzilləri, bağ-bağçaları səliqə-sahmana salınır. Bəlkə də, çox övladın öz valideynləri üçün yarada bilmədiyi rahatlığın onlar üçün yaradılması dövlətimiz tərəfindən hər bir vətəndaşa həssas münasibət göstərilməsindən, insani dəyərlərin hər bir dəyərdən uca tutulmasından irəli gəlir. Son illər sosial qayğıya ehtiyacı olan 2 ahılın hər cür şəraiti olan mənzillə təmin edilməsi təkcə onlar tərəfindən deyil, hər bir vətəndaş tərəfindən razılıqla və minnətdarlıqla qarşılanıb.
Fiziki məhdudiyyətli şəxslərin həyata nə qədər böyük ümidlərlə baxdığını görmək üçün hər birimizin Naxçıvan şəhərindəki bərpa mərkəzlərinə üz tutması kifayət edər. Muxtar respublikada sosial sahədə aparılan təqdirəlayiq işlərdən biri də sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyasıdır. Fəaliyyət dövrü ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində 2786 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində 2236 uşaq müalicə alıb, onurğa və sinir xəstəliyi olan 226 nəfər xarici ölkələrə müalicəyə göndərilib. Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı, Əlillərin Bərpa Mərkəzində isə əmək terapiyası otağı yaradılıb. Son 20 il ərzində sağlamlıq imkanları məhdud 4 min 984 nəfər muxtar respublika sakininə müxtəlif texniki reabilitasiya vasitələri verilib, 3018 nəfərə protez-ortopedik xidmət göstərilib, respublikamızın müxtəlif sanatoriya və pansionatlarında müalicə və istirahətləri məqsədilə 2 min 497 nəfər göndərişlərlə təmin olunub. Bundan başqa, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlıq imkanları məhdudlaşan, 1941-1945-ci illər müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən 456 nəfər minik avtomobili ilə, 210 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evi ilə təmin olunub.
Qeyd olunanlarla yanaşı, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına, onların informasiya texnologiyalarının imkanlarından istifadəsinə geniş imkanlar yaradılıb. 2010-cu ildən fəaliyyətə başlayan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində hərəkət qabiliyyəti məhdud uşaqların təhsil almasını təmin etmək üçün Distant Tədris Mərkəzi, həmçinin sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyasını təmin etmək məqsədilə Defektoloji bölmə, kinekt, əmək terapiyası və təlim-bərpa otaqları, Psixoloji dəstək xidməti fəaliyyətə başlayıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslər üçün audio və elektron kitabxana xidməti göstərilir, görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün brayl və daktilo əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, görmə məhdudiyyətli şəxslər üçün aylıq Brayl jurnalı nəşr edilir. Adıçəkilən müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqlarla söhbətlərimiz zamanı diqqətimizi xüsusilə çəkən məqamlardan biri də bu oldu ki, fiziki əngəllərə baxmayaraq, bu qəbildən olan uşaqlar oxumağa, öyrənməyə böyük səy göstərirlər. Bu mərkəzlərə gələn uşaqların çoxunda da belə bir fikir formalaşdırılıb ki, qarşıya çıxan bütün maneələri dəf etmək üçün oxumaq, öyrənmək lazımdır.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın uğurlu icrası bu kateqoriyadan olan uşaqların müasir dövrün tələbləri səviyyəsində təhsil almalarına, onların cəmiyyətə daha fəal inteqrasiyasına əhəmiyyətli dərəcədə təsir göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” isə bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığının təmin edilməsinə, inklüziv və distant təhsil imkanlarının artırılmasına şərait yaradıb. Sonuncu dövlət proqramının icrası istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazası yaradılıb. Keçən il və bu ilin ötən dövründə məktəbəqədər təhsil müəssisələrində, ümumilikdə, sağlamlıq imkanları məhdud 68 uşaq, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində isə 15 uşaq qeydiyyatda olub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin və Psixoloji dəstək xidmətinin mütəxəssisləri Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiya yönümlü məşğələlər aparır, təlim-tərbiyə işinə məsul mütəxəssislərə və valideynlərə məsləhətlər verirlər. Bundan başqa, məktəb yaşına çatan sağlamlıq imkanları məhdud uşaqlar haqqındakı məlumat bazası da daim yenilənir. İndi Distant Tədris Mərkəzində 24 uşaq təhsil alır. Mərkəzdə eşitmə qabiliyyəti məhdud şəxs və məktəbyaşlı uşaqlar üçün distant dərslərin keçilməsi də davam etdirilir. Tədrisə cəlb edilmiş uşaqlar isə xüsusi dərsliklərlə təmin olunublar. Onların məktəbdənkənar müəssisələrə, musiqi məktəblərinə, idman qruplarına cəlbi istiqamətində də məqsədyönlü işlər görülür.
Keçmişə Əminə nənənin xatirələrindən bir baxış
Bu ilin baharından xatirə qalan bir hadisəni oxucularla bölüşmək istərdim. Biz Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən hərtərəfli qayğı ilə əhatə edilən Əminə Hüseynovanın evinə baş çəkməyə getmişdik. 1934-cü il təvəllüdlü Əminə nənənin düşüncələrindən bir parça ilə yazımı bitirmək istərdim. Onun dediklərindən:
– Doxsanıncı illərin əvvəllərində, qarışıqlıq düşən vaxtda, yaşadığım evdə, dörd divar arasında olsam da, tək-tənha yaşadığım üçün çox qorxurdum. Rayonun bir təşkilatından da qapımı açan, əhvalımı soruşan yox idi. Səhərdən axşama qonum-qonşulardan bir neçəsi ilə söhbət edib vaxtımı keçirirdim. Ancaq qaranlıq çökən kimi deyirdim ki, indi hansısa yolunu azmışın biri gəlib qapımı döyəcək. Buna bir çarə də tapmışdım. Axşamlar bir cüt kişi ayaqqabısını cütləyib qapının ağzına qoyurdum ki, kimin bizim evdən oğurluq etmək kimi fikri olsa, ayaqqabıları görüb fikrini dəyişdirsin. O illərin üstündən çox müddət keçib, hər şey yaxşıya doğru dəyişilib. Sağ olsun, dövlətimiz indi mənim kimi onlarla tənha ahılın qayğısına qalır. Hər yerdə qayda-qanun yaradılıb. Artıq evimdə qorxusuz-ürküsüz rahat yaşaya bilirəm. Əvvəllər aylarla gözüm qapıda qalır, bir nəfərin evimə gəlməsini arzu edirdim. İndi bu arzuma çatmışam. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları mənə əsl övlad qayğısı göstərir, həftə ərzində bir neçə dəfə evimə baş çəkib qayğıma qalır, səhhətimlə maraqlanır, həyət- bacanı səliqəyə salırlar. Buna görə dövlətimizə də, mənim qayğıma qalanlara da minnətdaram.
Son qeydlər...
Yuxarıda qeyd olunanlar, təəssüratlar sosial sahəyə göstərilən dövlət qayğısının nümunələrindən yalnız kiçik bir hissəsidir. Bu sahədə görülən işlərin hamısını, dünəndən bu günə keçilən yolu tamamilə əks etdirmək üçün günlər, aylar lazımdır. Bu gün dövlətimiz tənha vətəndaşını da unutmur, fiziki məhdudiyyətli insanlarını da. Əksinə, qayğıkeş insanlar tərəfindən maksimum dərəcədə ona səy göstərilir ki, hər şey bu qəbildən olan insanların ürəyincə olsun, bütün əngəllər aradan qaldırılsın. Bir məşhur kəlamda deyildiyi kimi: Kimsəsiz kimsə yox, var hər kəsin bir kimsəsi. Bu insanların kimsəsi isə hər gün inkişaf edən, qüdrətli, müstəqil Azərbaycan dövlətidir.
Səbuhi Hüseynov
Yazı “Naxçıvan: dünən və bu gün” yaradıcılıq
müsabiqəsinə təqdim olunmaq üçündür