Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2016-cı ilin noyabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Bunun üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülüb. Yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınaraq əmək pensiyaçılarının, həmçinin məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına vəsait köçürülüb.
Məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,9 faiz artaraq 187,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 209,39 manata çatdırılıb. Təyin olunmuş pensiyaların plastik kartlar vasitəsilə pensiyaçılara vaxtında çatdırılması uğurla həyata keçirilir. Hesabat ayında yeni təyin olunan əmək pensiyaçılarına və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara plastik kart hazırlanması üçün sifariş verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti