Daşınmaz əmlakın icbari sığortası təbii fəlakətlər və gözlənilməz hadisələr nəticəsində vətəndaşların evlərinə və fərdi mənzillərinə dəymiş zərərlərin əvəzinin ödənilməsi zamanı mühüm vasitədir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müxtəlif sığorta hadisələri baş verdikdə sığortalanmış daşınmaz əmlak sahiblərinə dəymiş zərərlər sığorta orqanları tərəfindən qiymətləndirilərək əmlak sahibinə ödənilir.
Bildiyimiz kimi, son dövrlərdə baş vermiş güclü külək, tufan və yağışlar vətəndaşların daşınmaz əmlakına müəyyən zərərlər vurub. Nəticədə, vətəndaşlara məxsus evlərin və digər yaşayış sahələrinin dam örtüyü yerindən qopub, onlara ciddi ziyan dəyib. Vətəndaşlar tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta agentliklərinə daxil olmuş müraciətlərə əsasən təbii fəlakət nəticəsində zərərçəkmiş sığortalı daşınmaz əmlaklara baxış keçirilib və dəymiş zərərlər qiymətləndirilərək əmlak sahiblərinə ödənilib. Belə ki, son dövrdə baş vermiş güclü külək nəticəsində Babək rayonu üzrə 53, Culfa rayonu üzrə 7, Ordubad rayonu üzrə 25, Şahbuz rayonu üzrə 13 nəfər olmaqla, ümumilikdə, 98 nəfərin daşınmaz əmlakına dəymiş zərərlərə görə sığorta ödənişləri verilib. Bu, bir daha onu göstərir ki, öz əmlakını sığorta etdirmiş hər bir vətəndaşa istənilən sığorta hadisəsi zamanı dəymiş zərərlərə görə sığorta təminatı verilir. Qeyd edək ki, göstərilən hadisə nəticəsində müxtəlif rayonlarda vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin əvəzinin ödənilməsi işi davam etdirilir.
Əli Cabbarov