23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə bir çox sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də islahatlar həyata keçirilməkdədir. İslahatların əsas məqsədi əhalinin bütün təbəqələrinin, o cümlədən aztəminatlı ailələrin, pensiyaçıların və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasından və sığorta-pensiya sisteminin təkmilləşdirilməsindən ibarətdir.
Azərbaycan Respublikasında sığor­ta münasibətlərinə əsaslanan yeni sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırmışdır. 2006-cı il yanvar ayının 1-dən ölkəmizdə yeni sistem sayılan məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqinə başlanılmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur ki, sosial sığorta fiziki şəxslərin əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, həmçinin itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması kimi çıxış edir.
Məcburi dövlət sosial sığortahaqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti, bilavasitə, sığorta haqlarının ödənilməsindən asılıdır. Hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını və ödənilməsini təmin etməlidirlər. Ödənilən sosial sığorta haqları torpaq mülkiyyətçilərinə sığorta stajı qazandırmış olur. Eyni zamanda məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesablara toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da həmin vətəndaşların pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır.

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olanlar üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqına nisbət əsasında torpaqların keyfiyyət qrupları üzrə hər hektar hesabı ilə müvafiq faiz dərəcələrində sosial sığortahaqqı müəyyənləşdirilmişdir.
Torpaq mülkiyyətçiləri əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaqların ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (105 manat) 1-ci keyfiyyət qrupu üzrə 12 faizi, yəni 12,60 manat, 2-ci keyfiyyət qrupu üzrə 8 faizi, yəni 8,40 manat, 3-cü keyfiyyət qrupu üzrə 4 faizi, yəni 4,20 manat, 4-cü keyfiyyət qrupu üzrə isə 2 faizi, yəni 2,10 manat miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəməlidirlər. Torpaqların keyfiyyət qrupu dövlət aktına əsasən müəyyənləşdirilir.
Son illər ərzində sosial sığorta sahəsinin sürətli inkişafı bu sahədə elektron xidmətlərin tətbiqini zəruri etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2015-ci ilin oktyabr ayında “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” və “Ailə-kəndli təsərrüfatının onlayn uçota alınması” elektron xidmətləri əhalinin istifadəsinə verilmiş, bununla da, sığortaedən və sığortaolunanların uçotu sahəsində əhaliyə təqdim olunan xidmətlərin elektronlaşdırılması təmin edilmişdir. Bu xidmətlərin istifadəyə verilməsi kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin və ailə-kəndli təsərrüfatının uçota alınma prosesinə sərf olunan vaxtın minimuma endirilməsi ilə yanaşı, bu prosesin daha da sadələşdirilməsi məqsədini daşıyır.
Elektron xidmətlərdən istifadə etmək üçün kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs fondun internet səhifəsinə daxil olaraq Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş elektron imza kartı ilə müvafiq elektron xidmətləri seçir və müvafiq xanaları dolduraraq elektron formada sorğu edir. Elektron formada göndərilmiş ərizə və kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin surətləri fondun yerli orqanları tərəfindən qəbul edilir və bu barədə sorğu edənə elektron təsdiqetmə bildirişi göndərilir. Təqdim edilmiş sənədlər yoxlandıqdan sonra mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsə uçot nömrəsi verilir və sosial sığorta şəhadətnaməsi rəsmi­ləşdirilir.
Hal-hazırda məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi üsullar tətbiq edilməkdədir. Məcburi dövlət sosial sığortahaqqı ödəyiciləri məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsindən bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada onlayn ödənilməsi ilə, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilirlər.
İstifadəyə verilmiş “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən torpaq mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalından qeydiyyatdan keçməyən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqlarını banklarda nağd qaydada onlayn olaraq ödəyə bilirlər.

Mütərəqqi üsullardan biri də məcburi dövlət sosial sığorta haqlarının poçt şöbələrindən ödənilməsidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə poçt şöbələri arasında bağlanmış müqavilələrə əsasən, 2014-cü ilin noyabr ayından məcburi dövlət sosial sığorta haqlarının poçt şöbələrindən ödənilməsi təmin edilmişdir. Bununla da, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər rayon mərkəzlərinə getmədən, əlavə vəsait sərf etmədən kəndlərdəki poçt şöbələrindən məcburi dövlət sosial sığorta haqlarını ödəyə bilirlər.

Vüsal SEVDİMALIYEV
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun aparat rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR