Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, cari ilin 10 ayı ərzində 2277 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 22 nəfər kvota yerlərinə göndərilib, 230 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib. İşlə təmin olunanların 612-si qadınlar, 964-ü gənclər, 86-sı sağlamlıq imkanları məhdud şəxslər, 28-i hərbi xidmətdən yeni tərxis olunan gənclər, 6-sı cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər, 84-ü isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.
Qeyd olunan dövr ərzində 65 nəfər, həmçinin sağlamlıq imkanları məhdud 5 nəfər kəndlərdə fəaliyyət göstərən xidmət mərkəzlərində işlə təmin ediliblər. Tətil günlərində işləmək istəyən tələbələrin mövsümi işlərə göndərilməsi istiqamətində də tədbirlər həyata keçirilib, 33 tələbə müvəqqəti xarakterli işlərə göndərilib.
Məlumatda o da bildirilir ki, bəhs olunan dövrdə keçirilmiş əmək yarmarkalarında 352 nəfər, həmçinin təhsil və səhiyyə müəssisələrində keçirilən əmək yarmarkalarında isə, ümumilikdə, 297 nəfər münasib işlə təmin edilib.
Bu müddətdə Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kursların təşkil olunması davam etdirilib. 324 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 44 nəfər, hərbi xidmətdən tərxis olunan 13 nəfər peşə kurslarına cəlb edilib.
Məhdud fiziki imkanlı 23 şəxs tərəfindən toxunan 1184 cüt yun corab və 464 ədəd yun şərf əsgərlərimizə təhvil verilib. Əsgərlər üçün isti geyimlərin toxunması işi davam etdirilir. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işə 11 nəfər xalçatoxuyan evdar qadın cəlb olunub. Onlar tərəfindən toxunan xalçalar təhvil alınıb, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda toxuduqları xalçalar nümayiş etdirilib. Tədbirdə sağlamlıq imkanları məhdud 12 şəxsin, ümumilikdə, 2023 manat məbləğində 5 rəsm və 33 əl işi satılıb. Fərdi təsərrüfatlarını inkişaf etdirmək üçün 2 aztəminatlı ailəyə köməklik göstərilib.
Xəbərlər şöbəsi