23 Dekabr 2024, Bazar ertəsi

Dünən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara, az­təminatlı ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə əlaqədar tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Məmməd Qəribov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada təhsilin inkişafından, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, onların təhsilə cəlbi, yaradıcılıq potensiallarının üzə çıxarılması üçün yaradılan şəraitdən, problemlərinin həlli istiqamətində görülən işlərdən, asudə vaxtlarının səmərəli təşkilindən bəhs ediblər.
Həmin gün muxtar respublikanın rayonlarında da tədbirlər keçirilib və ümumilikdə, muxtar respublika üzrə 407 uşağa, Təhsil Nazirliyi tərəfindən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 54, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 273, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə aztəminatlı ailələrdən olan 80 şagirdə qış geyimi verilib.

Tədbir iştirakçıları sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Muxtar respublika üzrə distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud 24 uşağa qış geyimi evlərində təqdim olunub.
Qeyd edək ki, bu kateqoriyadan olan uşaqlar daim dövlətimizin hərtərəfli qayğısı əhatəsindədirlər. Onların sağlam böyümələri, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” uğurla icra olunub, Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir dövrün tələbləri səviyyəsində təhsil almasına, cəmiyyətə daha fəal inteqrasiyasına geniş imkanlar yaradıb. Dövlət pro­qramının icrası ilə bağlı Bilik Günü ərəfəsində yuxarıda adıçəkilən kateqoriyalardan olan uşaqlara məktəbli forması, çantası və dərs ləvazimatları təqdim olunub.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR