Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin təhsil alması, intellektual səviyyələrinin yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili daim diqqət mərkəzindədir. Elə bu məqsədə xidmət edən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində belə şəxslərə informasiya texnologiyaları tədris olunur, görmə qabiliyyəti zəif olanlara bu sahədə bilik və bacarıqlar aşılanır. Bu xidmətlər günü-gündən genişlənir və təkmilləşir. Mərkəzdə eşitmə və danışıq məhdudiyyətli şəxslər üçün daktilo əlifbası üzrə distant dərslər keçilir. Dərsləri Bakı Şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin müəllimi tədris edir. Dərslərə 7 eşitmə və danışıq imkanları məhdud şəxs cəlb olunub. Əlavə olaraq mərkəzin kinozalında həftədə iki dəfə həmin kateqoriyadan olan şəxslər üçün subtitrli filmlər nümayiş olunur.
Burada görmə və eşitmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audio və elektron kitabxana xidməti göstərilir. Vurğulamaq lazımdır ki, bu xidmətdən ilk dəfə muxtar respublikada yaşayan görmə problemi olan şəxslər istifadə edib. Belə ki, onlar mərkəzdə qeydiyyatdan keçdikdən sonra yaşadıqları ünvanlarda mərkəzin kitabxanasında olan audiokitabları dinləyirlər. Bu qəbildən olan şəxslər xidmətin imkanlarından 24 saat ərzində istifadə edə, iş günləri saat 900-dan 1800-a qədər mərkəzin operatorunun köməyindən faydalana bilərlər. Qalan vaxtlarda isə sistem özü avtomatik xidmət göstərir. Xidmətdən eyni anda 30 nəfər istifadə edə bilər. Proqramda 1190 audio əsər yerləşdirilib. İstifadəçi operatorla əlaqə saxlayarkən audio kitabxanada yerləşən kitablar haqqında və dinləyəcəyi audio fayl haqqında ətraflı məlumat ala bilər. Belə faydalı bir xidmətdən istifadəyə ruhlandırmaq üçün xidmətin imkanlarından istifadə zamanı xüsusi fəallıq göstərən şəxslər mükafatlandırılır. Görmə qabiliyyəti məhdud insanlar üçün brayl yazı sisteminin və kompüterin tədrisi kursları da təşkil olunub. Kursa 4 görmə qabiliyyəti məhdud şəxs cəlb edilib.
Digər bir xidmət isə eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana xidmətidir. Mərkəzdə mövcud olan kompüterlərə “pdf” formalı kitablar yerləşdirilib. Hazırda proqramda olan 664 kitabdan istifadə etmək mümkündür. Bununla yanaşı, fiziki imkanları məhdud uşaqlar üçün burada kompüter kursları təşkil olunub. Kurslardan ay ərzində 30 nəfərdən az olmayaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında yaşayan məhdud fiziki imkanlılar istifadə edirlər. Kurslara cəlb olunanlara pulsuz iaşə xidməti göstərilir.
Mərkəzdə autizm və digər sindromlu uşaqlar, habelə bədənini koordinasiya edə bilməyən, ünsiyyət qurmaqda çətinlik çəkən məhdud fiziki imkanlı uşaqlar üçün kinekt oyunları otağı da yaradılıb.
Mərkəzdə Defektoloji bölmə yaradılıb ki, bu bölmənin təşkilində əsas məqsəd muxtar respublikada yaşayan, zehni inkişafın ləngiməsi və nitq qüsurları olan uşaqların reabilitasiyasına nail olmaqla onların cəmiyyətə adaptasiyasını təmin etməkdir. Bölmənin təlim otağı elektron lövhə və digər tədris ləvazimatları ilə təmin edilib. Bölməyə 38 sağlamlıq imkanları məhdud uşaq cəlb olunub.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi də istifadəyə verilib və bu məqsədlə mərkəzdə 2 otaq ayrılıb. Otaqların birində mərkəzi server və çevirici avadanlıqlar, tədris sinfində intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlar quraşdırılıb. Hazırda 3 müəllim tərəfindən 24 şagirdə ibtidai siniflərin proqramında nəzərdə tutulan fənlər tədris olunur. Şagirdlər videobağlantı vasitəsilə keçilən dərsləri dinləyir və müəllimlərlə birbaşa əlaqə saxlaya bilirlər. Tədris sinfindəki interaktiv lövhə elektron dərsliklərdən və digər multimedia tədris avadanlıqlarından istifadəyə imkan verir. Bu da şagirdlərin daha dərin biliklərə yiyələnməsi və dünyagörüşlərinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Burada sağlamlıq imkanları məhdud uşaqlar üçün Əmək terapiyası otağı da yaradılıb. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırma, plastilin işi, rəsm, quraşdırma və sair növləri sağlamlıq imkanları məhdud uşaqlarda əmək qabiliyyətinin inkişafı, həmçinin fiziki və əqli cəhətdən qüsurları olan uşaqlarda onların bu qüsurlarının qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətlərinin inkişafı üçün əsas vasitədir. Əmək terapiyası otağı uşaqların əmək terapiyasını həyata keçirmələri üçün lazımi avadanlıqlarla təchiz olunub.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfərov bizimlə söhbətində dedi ki, mərkəzin fəaliyyəti üçün hər cür şərait yaradılıb və mövcud olan imkanlar daha da zənginləşdirilir. Mərkəzin internet saytı yaradılıb. Hər bir şəxs, sağlamlıq imkanları məhdud şəxslərin valideynləri buranın fəaliyyəti və keçirilən tədbirlər barədə məlumatları internet saytından əldə edə bilərlər. Eyni zamanda burada əlaqə bölməsi və muxtar respublikada fəaliyyət göstərən tibbi reabilitasiya mərkəzləri barədə məlumatlar da yerləşdirilib.
Ramin Səfərov onu da xüsusi vurğuladı ki, bəzi valideynlər sağlamlıq imkanları məhdud övladlarını evdən çölə çıxarmır, cəmiyyətin onlara ziyan verə biləcəyi düşüncəsi ilə övladlarını ev dustağına çevirirlər. Bu halla razılaşmaq mümkün deyil. Çünki bu qəbildən olan uşaqlar da digərləri kimi cəmiyyətin üzvləridir. Parklarda əylənmək, uşaqlarla oynamaq, müxtəlif məclislərdə iştirak etmək bütün uşaqlar kimi onların da haqqıdır. Qısaca, biz onları evdə televizorun qarşısında deyil, parklardakı yelləncəklərdə, mərkəzimizdə keçirilən tədbirlərdə görmək istəyirik.
Son illərdə bu mövzuda valideynlərin maarifləndirilməsi öz nəticəsini göstərir, onların övladlarına müəyyən mənada köməklik göstərə biləcək mərkəzlərə üz tutmalarına nail olunur.
Psixoloqlar belə iddia edirlər ki, sağlamlıq imkanları məhdud şəxslərin çoxu uşaq yaşlarından evə məhkum edildiklərindən, bu, onlarda zamanla aludəçiliyə çevrilir, qapalılıq yaradır və ən əsası da sonradan valideyn istəsə belə, onların təkidinə baxmayaraq, həmin şəxslər cəmiyyətə, insanlar arasına çıxmağa razılıq vermirlər. Buna görə də hələ ki narahatçılıqlarını tam olaraq dərk etmədikləri balaca yaşlarından onlar insanlarla ünsiyyətdə olmalıdırlar.
Bu sahədə hamımızın üzərinə düşən öhdəliklər var. Belə ki, bu qəbildən olan insanlarla ünsiyyətdən qaçmamalı, onlara qarşı hər hərəkətimizdə daha məsuliyyətli olmalıyıq ki, həssas olan belə insanları incidib, qəlblərini qıracaq hər hansısa bir ifadə işlətməyək.
Digər bir öhdəlik isə övladlarını cəmiyyətə çıxarmağa çəkinən valideynləri maarifləndirmək, belə halların zərərverici fəsadlarından danışmaq və onların öz qərarlarında dəyişiklik edərək övladlarını cəmiyyətə, insanların əhatəsinə, əllərindən tutaraq onlara köməklik göstərə biləcək mərkəzlərə, müəssisələrə üz tutmalarına nail ola bilməkdir.
Əl-ələ verib bu istiqamətdə təbliğat aparsaq, kim bilir neçə insanın taleyini dəyişə bilərik. İnsan hər şeyə qadirdir, təki içimizdə olan o insanlıq hissini oyada bilək. Hər kəs qismən də olsa, bunu bacara bilsə, baxın görün o zaman dünya necə də yaşanması gözəl bir yerə çevrilər.
Fatma Babayeva