Bağçılıqla məşğul olanlar yaxşı bilirlər ki, meyvə ağaclarına, xüsusən də almalara qulluq nə qədər zövqverici və həvəsli bir işdir. Şübhəsiz, alma özünün faydalı xüsusiyyətləri ilə də dəyərli meyvədir. Bu meyvənin yetişdiyi bağların öz füsunkarlığı, onun bağbanının öz qayğıları və düşüncələri vardır. Xüsusən payızın bu barlı-bərəkətli ayında Şahbuzun buz kimi saf və ətirli almalarının yetişdiyi bağlarda olan hər kəs görəcəkdir ki, alma təkcə sağlamlıq üçün çox faydalı minerallarla zəngin olan meyvə deyil, həm də insanı yaşadığı torpağa sıx bağlayan bir canlıdır.
Bu yağışlı payız günlərində Şahbuza yollanmazdan əvvəl almanın faydaları haqqında bildiklərimi təzələmək istədim. Alma haqqında maraqlı fikirlər, elmi cəhətdən sübut olunmuş dəlillər vardır. Məşhur təbib İbn Sina öz əsərlərində almanın müalicəvi əhəmiyyətindən bəhs edib. Almanın şəfaverici xüsusiyyətlərinin olduğuna inanmaq üçün xalq deyimlərimizi, nağıllarımızı yada salmaq kifayətdir. İndi də həkimlər daim gənc və gözəl görünmək, sağlam və gümrah olmaq baxımından davamlı alma yeməyi məsləhət görürlər.
Çünki alma öz mineral və vitamin tərkibinə görə, demək olar ki, bütün meyvələri üstələyir. Bir sıra alma sortlarında C vitamininin miqdarı portağaldakından on dəfə artıqdır. Alma özünün yod zənginliyinə görə təkcə dəniz məhsullarından geri qalır. Zob xəstəliyi kimi də tanınan qalxanabənzər vəzin böyüməsinə qarşı faydalı olan yod mineralları almanın toxumlarında xeyli miqdardadır. Ona görə də saf almanı toxumları ilə bərabər yemək məsləhətdir. Bütün bunlarla bərabər, insan orqanizmində qanazlığına səbəb olan dəmir çatışmazlığı zamanı həkimlərin ən yaxşı təbii resepti yenə də almadır. Alma qanazlığına və yuxusuzluğa qarşı ən yaxşı təbii vasitələrdən biri hesab olunur. Artıq çəkidən əziyyət çəkənlərə də müntəzəm alma yemək məsləhət bilinir. Bu meyvə zehni işlə məşğul olanlar üçün də çox faydalıdır. Xülasə, alma haqqında istər xalq təbabəti, istərsə də müasir elmi mənbələr çox qiymətli məlumatlarla zəngindir.
Alma bağı salmaq, bağ sahibi olmaq Şahbuza xas qədim təsərrüfat ənənələrindəndir. Bu bölgədə yaşayan adamlar alma haqqında çox maraqlı hekayələr danışırlar. Məsələn, deyilənə görə, ötən əsrdə şaxta, dolu ucbatından alma az olduğu vaxtlarda Novruz bayramında ağsaqqal, ağbirçək görüşlərinə aparılan alyanaq alma ən dəyərli hədiyyələrdən olub. Burada məhsuldar alma sortlarının yetişdirilməsi, əldə olunub Şahbuzun torpaqlarına uyğunlaşdırılması işində ustalaşmış və bu təcrübəni nəsildən-nəslə ötürən çox sayda yerli sakinlə tanış olmaq mümkündür. Mütəxəssislərin fikrincə, alma ağacı hər torpaq növündə boy atıb bar verməz. Məhz bu səbəbdəndir ki, bazardakı hər almanı Kükü, Ağbulaq, Qızıl Qışlaq, Nursu, yaxud Biçənək alması adı ilə satsalar da, tək birinin dadına baxmaq kifayətdir ki, satıcıya inanasan. Xülasə, Şahbuzda alma tinglərinin əkilməsindən, onlara qulluq edilməsindən tutmuş ilin bu vaxtlarında məhsulun dərilib anbarlanmasınadək hər işdə təcrübə toplamış bağ sahibləri, torpaq mülkiyyətçiləri vardır.
Rayonda olarkən öyrəndik ki, hazırda Şahbuzda 850 hektara yaxın meyvə bağı vardır. Əksəriyyətinin müxtəlif sort alma ağacları olduğu bu bağlarda ağ-qırmızı “Palmet”, “Belflor”, “Qızıl-əhmədi”, “Şafran”, “Banan”, “Qarpız”, “Toz” və sair sortlar yerli şəraitə yaxşı uyğunlaşıb. Burada alma ağacına heç bir kimyəvi dərmanlar vurulmur. Şahbuzda deyirlər ki, yetişmiş almaların arasında qurdu olan varsa, deməli, bu bağdakı almalar ən saf, ekoloji cəhətdən ən təmiz meyvələrdir. Bu baxımdan Kükü alması Naxçıvana xas olan brend məhsul kimi bölgədə yaxşı tanınır. Ancaq Şahbuzun digər kəndlərindəki bağları görüb, onların sahibləri ilə söhbət edəndə dünyanın ən dadlı-tamlı almalarının məhz onların həyətində yetişdiyinə inanmamaq olmur.
Nursu kənd ağsaqqalı Əli Kazımovun da geniş bir ərazidə bağı vardır. Bağda alma, armud, cəviz, heyva əkilib. İl yaxşı gələndə təkcə alma bağından 2 tona yaxın məhsulu olur. Söhbət əsnasında bildirir ki, kəndin girəcəyində gördüyümüz təzə bağı da o saldırıb, iki kilometr məsafədən oraya su çəkdirib. Əli kişi deyir ki, indi bağ salmaq üçün hər cür şərait var. Torpaq kəndlinindir. Maşın, texnika, suvarma imkanları əvvəlki dövrlərdən çox fərqlidir. Dövlət bütün imkanları yaradıb, hələ kredit də verir. Alma ağacı uşaq kimidir. Daim qayğı tələb edir. Siz heç görmüsünüzmü ki, təkcə suvarmaqla alma ağacı ərsəyə gəlsin? Onun gərək nazı ilə oynayasan. Həm də bütün fəsillərdə. Erkən yazda quru budaqları kəsilib arıtlanan, sonra dibi bellənib yumşaldılan alma ağaclarının barı böyüdükcə kiçik dirəklərlə budaqlarına dayaq verməlisən ki, almaların ağırlığından qırılmasınlar. Elə ki oktyabr ayı başladı, bu yerlərdə yetişən almaların yığım mövsümüdür. Düzdür, indi bu bağlardan almaların çoxu dərilib. İlk olaraq ağacların ta uc budaqlarındakı Günəşdən yanıb qızarmış alyanaqları dərib anbara yığmışıq. Yanvardan aprelə qədər onların yeməli vaxtıdı. Alma yığmaq xüsusi diqqət və səriştə tələb edir. Almanı gərək elə dərəsən ki, zədələnməsin. Yoxsa iki-üç həftədən çox anbarda qalmaz. Elə ağacın özünə də qarşı diqqətli olmaq lazımdır. Budaqları qırmaq olmaz. Unutmayaq ki, builki yarpaq kökləri gələn ilin barıdır. Alma çox etibarlı ağacdır. Ən nazik budağı belə, qırılmağa qarşı çox davamlıdır. Ona görə də cavanlar alma yığmağı, ağacın ən uc budaqlarına dırmanmağı çox xoşlayırlar. Bilirsiniz, kəndimiz şair yurdudur, həmişə qonaqlı-qaralıdır. Yazın gül-çiçəyində, yayın istisində şəhərdən gələnlər, bağlarda oturub dincələnlər olur. Payızda, alma yetişəndə də buraya tez-tez qonaqlar gəlir. Bu yaxınlarda böyük bir avtobus dolusu qonaq gəlmişdi. Deyirdilər, Bakıdan gəliblər, jurnalistlərdir. Xalq şairi Məmməd Arazın ev-muzeyinə baxırdılar. Qayıdanda bu ağacların şəkillərini çəkirdilər. Onda budaqların üstü dolu idi. Ətirli almalara onları da qonaq elədik. Çox bəyəndilər.
Bu sözləri deyərkən, fərəhindən səksənyaşlı ağsaqqalın sinəsi qabarırdı. Şair olmasa da, onun da bu torpaqda bir əsər yaratdığından əmin olduğu açıqca sezilirdi. Görüşüb ayrılanda şahbuzlulara xas ləhcəylə – oğul, bağ-bağçanıza sahib çıxın, o, sizin baba yurdunuz, ata əmanətinizdir. Sahib çıxın ki, sizi də unutmasınlar, – deyib bizi uğurladı.
Əli Cabbarov