23 Dekabr 2024, Bazar ertəsi

Qənaət. Bu sözü tez-tez eşidirik. Xüsusilə də özümüzdən böyük insanlarla, ən çox da nənə və babalarımızla söhbət əsnasında. Məsələn, nənəmgildə oturmadığımız otağın işığını lazımsız yerə yanılı qoyanda birdən nənəmin səsini eşidirəm:
– A bala, işığı niyə havayı yerə yandırırsan? Söndür.
Bəli, bu gün üçün yaşlı insanlar qənaətə daha həssaslıqla yanaşır, israfçılığa yol vermirlər. Çünki onlar ölkəmizin sosial-iqtisadi cəhətdən böhran keçirdiyi illərdə yaşayıb yoxluğun, çətinliyin, hətta aclığın belə, nə demək olduğunu çox yaxşı bilirlər. Yadımdadır, uşaq ikən süfrədə həmişə isti çörəyə əl atar, köhnə olmasa da, dünəndən qaldığı üçün heç birimiz yemək istəməzdik. Nənəm o bir parça çörəyi əlinə götürüb: “Biz bu bir parça çörək üçün saatlarla növbəyə dururduq”, – deyərdi.
Gənc nəsil isə ölkənin firavan dövründə yaşadığından, şükürlər olsun ki, bolluq içində böyüyür. Düşünəndə ki, normal maddi imkanı olan hər bir ailə uşağına istədiyi hər şeyin ən yaxşısından olmasa da, qane edəcək səviyyədə olanını ala bilirsə, təbiidir ki, həmin uşaq gələcəkdə istədiyi bir şey üçün “yox” sözünü qəbul etməyəcək. Söhbət də elə bundan gedir: uşaqlarda qənaət mədəniyyətinin formalaşmamasından, bəzilərinin isə həddən ziyadə israfçı olmasından. Günümüzün ən aktual məsələlərindən biri olan qənaət mədəniyyəti niyə bu gün üçün bir çox uşaqda formalaşmayıb? Yoxsa ailədə, ya da cəmiyyətdə bunun üçün lazımi tədbirlər görülmür?
Bu mövzuda psixoloq fikirlərini vacib saydıq və “Naxçıvan” Universitetinin müəllimi Şahnaz Məmməd­ovaya müraciət etdik.

Bununla bağlı o dedi:
– Bəzi valideynlər var ki, imkanı çatmasa belə, ətrafın qınağına görə uşağını imkanlı göstərir. Şöhrətpərəst valideynlər də var ki, uşağının gələcəkdə bədxərc olmasının səbəbkarı məhz elə onlar hesab olunurlar. Çünki uşaq yaxşı ilə pisi ayırd edə bilmir. Kiçik yaşlarda nə geyindirsələr, heç narazılıq etmədən geyinir. Uşaq özünü dərk edəndən bəri ailədə hər şeyin ən yaxşısı ilə təmin olunduğundan böyüdükdən sonra da bu istəyin ardı-arası kəsilmir, o, yenə də hər şeyin ən yaxşısını istəyir. O cür şəraitə öyrəşdikdən sonra isə onları tərbiyə etmək olduqca çətindir. Onları belə bir şəraitə alışdıran isə özgəsi deyil, elə öz valideynləridir.
Öz qazancları olmadan maksimumu istəyən 12-18 yaşlı uşaqlar pulun necə qazanıldığından xəbərsiz olduqları üçün bədxərclik edirlər. Ətrafla uşaqları qınamaq isə valideynlərin bilərəkdən üz tutduqları ən mənfi cəhətdir. Məsələn, uşaqlara “sən bunu etmə, sən bunu danışma, ətrafdakılar pis baxar”, – deyə şərt kəsdiyimiz zaman sonrakı illərdə uşaqlar bizə deyəcək ki, “sən mənə bunu al, digərini, köhnəni geyinsəm ətraf mənə pis baxar”. Qısaca, onlar valideyni öz silahı ilə “vuracaqlar”.
Bütün bunlar xırda detallar hesab edilsə belə, hər şey bax bu cür xırdalıqlardan başlayır.
Müsahibim onu da vurğulayır ki, hər birimiz cəmiyyətin nümayəndəsiyik. Valideyn, müəllim maddiyyatı kənara qoyub mənəviyyatı irəli çəkməli və özləri də uşaqlara belə nümunə olmalıdırlar. Bununla yanaşı, onlar aforizmlərlə, dahilərin dedikləri məsələlərlə uşaqlara başa salmalıdırlar ki, qənaətcillik nədir?
Şahnaz Məmmədovanın sözlərinə görə, iqtisadçılar da uşaqlarda qənaət mədəniyyətinin formalaşmasının ailə büdcəsinə müsbət təsiri olduğunu bildirirlər. İqtisadi qənaət maddi imkandan asılı olmayaraq, hər bir ailə üçün vacib şərtdir. İsraf fərdə və cəmiyyətə maddi-mənəvi sıxıntılar gətirməklə yanaşı, iqtisadi inkişafı da ləngidir.
Sosial problemlərin həlli üçün planlı ailə iqtisadiyyatının qurulması mühüm amildir. Bunun üçün ailənin hər bir üzvünün xərci müəyyən bir çərçivə daxilində olmalı, onlar həmin çərçivəyə uyğun pul xərclərinə diqqət etməlidirlər. Müasir dövrdə kişi və qadının birgə ailə büdcəsinə ciddi yanaşması onların övladlarının da gələcək dövr üçün mükəmməl ailə idarə edəcəyinə zəmin yaradır.
Uşaqlarımızın qənaət tərbiyəsinə körpəlikdən başlamalıyıq. Başa salmalıyıq ki, israfçılıq dini baxımdan da günah sayılır. Uşaq yaşlarından ən böyük israfın zamanı boşa keçirmək olduğunu onlara aşılamalıyıq. Onlara öyrətməliyik ki, vaxtın səmərəli keçirilməsi ilə bütün istədiklərimizə nail ola bilərik. Beləliklə, cəmiyyətə faydalı, savadlı, intellektli gənclər yetişdirəcəyik. Hər cür potensiala malik Azərbaycan gəncinə də elə bu yaraşar. Sağlam və firavan bir gələcək üçün gəlin hamımız əlimizdən gələni edək. Atalarımızın dediyi kimi: “Güc birlikdədir!”

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR