23 Dekabr 2024, Bazar ertəsi

Heç kimə sirr deyil ki, müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sisteminin inkişafı və mövcud kadr potensialı ilə də ölçü­lür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən, onun müasir dünya standartlarına uyğun təşkilindən keçir.
Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə böyük əhəmiyyət verirlər. Bu gün ölkəmizdə də təhsilin inkişafına xüsusi diqqət yetirilir. İqtisadi potensialımız daha da artdıqca bütün sahələrin inkişafına kapital qoyulur, yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu çərçivədə elmin, təhsilin inkişafına dövlət qayğısı nəticəsində gənclərimizin dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil alması da təmin edilir.
Xaricdə təhsil alan gənclər isə həm yaxşı təhsil almağa çalışırlar, digər tərəfdən ölkəmizə, o cümlədən muxtar respublikamıza dair həqiqətlərin təhsil aldıqları ölkələrin ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayırlar. Həmin gənclərin təhsil aldıqları ölkələrin informasiya mühitində fəallığı birbaşa respublikamızın beynəlxalq nüfuzuna xidmət edir. Fəxrlə deyə bilərik ki, xaricdə təhsil alan naxçıvanlı gənclər də bu gün muxtar respublikanı layiqincə təmsil edirlər. Onlara daha yaxından dəstək verməyi qarşısına məqsəd qoyan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları sosial şəbəkələrdə qruplar yaradıb və gəncləri bu qruplarda bir araya gətiriblər. “Facebook” sosial şəbəkəsində “Xaricdə təhsil alan naxçıvanlı gənclər” adlı həmin qrupun məqsədi də onları bir araya gətirmək, diskussiya mühiti formalaşdırmaq, əlaqələri möhkəmləndirmək, həyata keçiriləcək tədbirləri müəyyənləşdirmək, tələbələr arasında sıx birliyi, həmrəyliyi təmin etməkdir. Digər tərəfdən xaricdə təhsil alan gənclərin muxtar respublikanın sosial-iqtisadi inkişafı, burada həyata keçirilən quruculuq işləri ilə, həmçinin qədim diyarın gəzməli-görməli yerləri, tarixi abidələri, ziyarətgahları, mədəniyyət, istehsal, təhsil müəssisələri barədə mütəmadi olaraq məlumatlandırmaq da qrupun əsas məqsədlərindən biridir.
Qrup qısa vaxt kəsiyində xaricdə təhsil alan yüzlərlə tələbəni bir araya gətirməyi bacarıb. Bu gün “Xaricdə təhsil alan naxçıvanlı gənc­lər” qrupunda gənclərimiz kifayət qədər təşkilatlanıblar və onlar ölkə­mizin, muxtar respublikamızın aktiv təbliğatını aparırlar.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR