Deyirlər ki, insan özü üçün dəyər daşıyan insanlara nəyi isə hədiyyə edirsə, bu, səxavətdir, hədiyyə etdiyi nəsnələrlə hansısa ali məramı anladırsa, bu, mədəniyyətdir. Əslində, hədiyyələr ayı kimi daha çox mart ayı beynimizdə həkk olunub qalır. Çünki insanlar arasında formalaşmış ənənəyə görə, onlar bir-birinə, əsasən, əlamətdar günlərdə hədiyyə etməyi xoşlayırlar. Mart isə bayramlar ayı olduğundan bu ayda qarşılıqlı hədiyyə təqdimatları daha çox olur. Ötən ay yazdığım yazılarımdan birində təqribən belə bir fikir işlətmişdim. 8 mart iqtisadi gəlir baxımından daha çox aşağıgəlirli insanların bayramı kimi meydana çıxsa da, bəziləri ondan daha çox gəlirlərini sürətlə yüksəltmək üçün istifadə edirlər. Əslində, kapitalizm və azad bazar iqtisadiyyatı şəraitində bu, normal haldır.
Lakin uzun zamandan bəri müşahidə etdiyim bir məqam var. Bayramlar ərəfəsində hədiyyə bazarında tələb təklifə deyil, təklif tələbə diqtə edir. Başqa sözlə desək, əksəriyyətimiz hədiyyə biznesi ilə məşğul olanların gətirdikləri müxtəlif əşyaları hədiyyəlik məhsulların diqtəsi altında qalıb alırıq. Halbuki...
Elə o səbəbdən bu yazını keçən ay yazmamışdım ki, hədiyyə biznesi ilə məşğul olanların, necə deyərlər, “çörəyinə bais olmayım”. Və bu səbəbdən bu yazını indi yazıram ki, gələn il alıcılara təqdim edəcəkləri hədiyyələrdə qazancdan başqa, bir az da digər məsələləri fikirləşsinlər. Elə alıcılar da hədiyyə alarkən təkcə keyfiyyətsiz ətirləri, kuklaları, suvenirləri və sair almaq məcburiyyətində olmadıqlarının fərqində olsunlar. Əksər hallarda hədiyyəni “palaza bürün, el ilə sürün” prinsipi ilə alanlar artıq fərqinə varmalıdırlar ki, hamının aldığını almaq və yaxud hamının aldığından qiyməti daha bahalı hədiyyə almaq önəmli deyil. Önəmli olan təqdim etdiyinizin nəyi ifadə etməsindədir.
Əslində, ötən ay Bakı şəhərinə gedərkən hələ 5 yaşı olan bacımın qızının telefonda mənə dediyi söz olmasaydı, bu barədə, bəlkə də, heç vaxt fikirləşməyəcəkdim. Getməmişdən öncə telefonla danışarkən uşaqdan nə istədiyini soruşdum. Cavabı xeyli qəribə oldu: “Mənə Naxçıvan gətir”. “Yaxşı, gəlim, qayıdanda səni Naxçıvana aparacağam”, – dedim. Amma o, narazılıqla dediyini təkrar edirdi: “Yox, mənə Naxçıvan gətir”. Sonradan aydın oldu ki, bir il öncə ona hədiyyə etdiyim Möminə xatın türbəsinin mis fiquru hələ 5 yaşı olan uşağın hədiyyələrinin arasında özünə xüsusi “yer edib” və o da bunu “Naxçıvan” adlandırıb. Maraqlı məqam da burda idi; o günə qədər ona hədiyyə etdiyim, bəlkə də, yüzlərlə irili-xırdalı hədiyyələr içərisində hansısa xarici ölkədə hazırlanmış hədiyyələr deyil, elə Naxçıvanın özündə, öz sənətkarlarımız tərəfindən hazırlanmış hədiyyə yadda qalmışdı. Və bu hədiyyə ona tariximizin qədim çağlarını özündə yaşadan bir diyarı xatırladırdı.
Bəli, maraqlı olan və bu günlərdə də hədiyyə seçimi etmək istəyən oxucularımızın diqqətinə çatdıraq ki, fərqli, orijinal və uyğun qiymətə hədiyyələri uzağa getmədən əldə etmək olar. Muxtar respublikamızda 3, paytaxt Bakıda isə bir yerdə açılan satış mərkəzlərində satıcılar naxçıvanlı sənətkarlar tərəfindən hazırlanmış bu tip hədiyyələri əldə edə bilərlər. “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərində yerləşən əl işlərinin satış mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzində və “Duzdağ” hotelindəki satış mərkəzləri ilə yanaşı, paytaxt Bakıda “İçərişəhər” Qoruq İdarəsinin satış mərkəzlərində də yerli sənətkarlarımızın, dekorativ-tətbiqi sənət nümunələri hazırlayan ustalarımızın əl işləri alıcılara təklif olunur. Qeyd edək ki, hazırda muxtar respublikamızdakı mağazalarda alıcılara yerli sənətkarlar, evdar xanımlar, peşəkar rəssamlar, ağac üzərində oyma sənəti ustaları tərəfindən hazırlanmış 1500-dən çox sayda müxtəlif məhsullar təklif edilir. Yerli sənətkarlar tərəfindən hazırlanan hədiyyəlik əl işlərinin qiymətlərinə gəlincə, alıcılar 2 manatdan 1500 manatadək qiymətdə hədiyyələr əldə edə bilərlər. Bu isə orijinal hədiyyələri əldə etmək üçün beyinlərdə formalaşmış baha qiymət stereotipinin heç də düzgün olmadığını göstərir. Nəzərə alsaq ki, biz hədiyyələri təkcə yaxınlarımıza və doğmalarımıza deyil, müxtəlif ölkələrdən və yerlərdən Naxçıvanımıza gələn qonaqlara da təqdim edirik, o zaman biz təkcə hədiyyə verməklə yox, həm də Naxçıvanımızı və ümumi mənada, Azərbaycanımızı, tariximizi və kimliyimizi təbliğ etmiş oluruq. Hər halda, Avropadan gəlmiş qonağa fransız istehsalı olan bir ətir və yaxud Çindən gəlmiş dostunuza Çin istehsallı bir suvenir hədiyyə etməniz, yayın istisində kəndə gələn qonaqlara ayran yerinə “Coca-Cola” içkisini təklif etməyə, ya da Naxçıvana satış üçün duz gətirməyə bərabər bir addımdır.
Elnur KƏLBİZADƏ