Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
Adıçəkilən proqramda müxtəlif qurumlar qarşısında mühüm vəzifələr qoyulub. Cari ilin ilk 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin proqramın icrası ilə bağlı görülən işlər barədə aldığımız məlumatda deyilir ki, muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə nazirlik tərəfindən müntəzəm olaraq təhlillər aparılır. Bu məqsədlə işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət və monitorinqlərin keçirilməsinə diqqət artırılıb, sosial müdafiəyə xüsusi ehtiyacı olanların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etmək üçün sosialyönümlü layihələr həyata keçirilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə, ümumilikdə, 163 müəssisədə sorğu keçirilib.
Bəhs olunan dövr ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 2047 işaxtaran ayrı-ayrı müəssisələrdə mövcud olan vakansiyalar üzrə işə düzəldilib, 214 işaxtaran isə sosial əhəmiyyətli haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bunlardan 36 nəfəri sağlamlıq imkanları məhdud şəxslərdir. Ümumilikdə isə işlə təmin olunanlardan 76-sı məhdud fiziki imkanlı, 6-sı cəzaçəkmə müəssisəsindən azad edilən, 20-si hərbi xidmətdən tərxis olunan, 72-si isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir. Əmək yarmarkalarında 352 nəfər, həmçinin təhsil və səhiyyə müəssisələrində keçirilən əmək yarmarkalarında, ümumilikdə, 297 nəfər münasib işlə təmin edilib.
Bu dövr ərzində kənd və xidmət mərkəzlərinin kadr təminatı ilə bağlı Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə kurslar təşkil edilib, xidmət mərkəzlərinin bərbər, gözəllik salonu və dərzi sexlərində olan vakant yerlərə, ümumilikdə, 53 nəfər işə göndərilib. Onların 5 nəfəri sağlamlıq imkanları məhdud şəxslərdir.
Məlumatda qeyd olunur ki, bəhs olunan dövrdə Naxçıvan Biznes Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyi ilə birgə işəgötürənlərlə görüşlərin keçirilməsi davam etdirilib, işəgötürənlərin əcnəbi işçilərə olan tələbatının maksimum səviyyədə yerli əmək ehtiyatları hesabına təmin olunması ətraflı təhlil edilib, yerli əmək ehtiyatlarından istifadə edilməsinin zəruriliyi və əmək bazarının tələbinə uyğun təşkil olunacaq peşə kursları barədə məlumatlar verilib.
Sosial müdafiəyə xüsusi ehtiyacı olanların və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunmaları üçün 64 müəssisədə 245 kvota yeri ayrılıb. Qeyd olunan dövr ərzində bu kateqoriyadan olan 21 nəfər kvota yerlərində işlə təmin olunub, habelə sosial qayğıya ehtiyacı olan şəxslərin özünüməşğulluqlarının təmin edilməsi, həmçinin fərdi təsərrüfatlarının inkişafı üçün iki aztəminatlı ailəyə müvafiq köməklik göstərilib.
Məlumatda o da bildirilir ki, muxtar respublikada qadınların özünüməşğulluğunun təmin edilməsi sahəsində xeyli iş görülüb. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq!” adlı sosialyönümlü haqqı ödənilən ictimai işin təşkili bu tədbirlərin davamıdır. Belə ki, bəhs olunan dövrdə 11 nəfər xalça toxuyanla əmək müqaviləsi bağlanılıb, müvafiq ölçüdə xalçaların toxunması üçün onlar lazımi avadanlıq və alətlərlə, həmçinin materiallarla təmin ediliblər.
Bu dövr ərzində qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı monitorinqlərin aparılmasına da diqqət artırılıb. Bu monitorinqlər zamanı 408 sahibkarlıq obyektində 199 əmək münasibətinin rəsmiləşdirilməsinə, 1053 əmək müqaviləsində isə əməkhaqqının real göstərilməsinə nail olunub.
İşəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasının, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinin vəziyyəti ilə bağlı, ümumilikdə, 69 obyektdə nəzarət həyata keçirilib. Nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 155 işçi həmin vasitələrlə yerində təmin edilib, 78 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.
Məlumatda deyilir ki, istehsalatda yüngül xəsarətalma ilə nəticələnən hadisələrin təkrarlanmaması məqsədilə işəgötürənlərə metodik köməklik göstərilib və istehsalatda baş verən altı hadisənin müvafiq komissiya tərəfindən təhqiqatı aparılıb. Əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə inzibati xəta haqqında tərtib edilmiş protokola uyğun olaraq 4 vəzifəli şəxsin 3700 manat məbləğində cərimə olunmasına dair qərar qəbul edilib.
Bu dövrdə “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqə təşkil edilib və qaliblər mükafatlandırılıb.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.
Xəbərlər şöbəsi