Uşaqlara ad qoyarkən nəyə əsaslanırıq?
Bu cür adları fikirləşməyə hər kəsin “təxəyyülü” yetməz: Gilənar, Servant, Balıq, Moruq, Kombayn, Kolxoz…
Ad olduqca vacib məsələdir. Qətiyyən şişirtmirəm. Hətta bəzi inanc sistemlərinə görə, insanın adı onun gələcək taleyini müəyyən edir. Ona görə də qədim dövrlərdən üzü bu yana ata-analar öz övladlarına pozitiv məna daşıyan adlar verməyə çalışıblar. Xatırlayıram ki, orta məktəbdə oxuyanda Azərbaycan dili müəllimim belə deyərdi: hər kəsin xarakterini adı müəyyənləşdirir. Hətta adlarınızın rəngləri belə, vardır. Müəllimimin fikrincə, mənim rənglərim tünd qırmızı və göy idi… Mən də bayrağımızın rənglərinə oxşar rənglərimin olması ilə qürur duyub bir xeyli sevinmişdim.
Ad və soyadın insan taleyinə təsiri barədə deyilənlərin bir hissəsi fərziyyələr olsa da, son illərdə aparılan tədqiqatlar qədimlərdən bəri yaşayan bir çox anlamların doğru olduğunu sübut etdi. İnanılması asan olmasa da, insanın davranışını, xasiyyətini və hətta taleyini onun adı müəyyənləşdirir.
Astroloqlar deyir ki, adlar yeni doğulan körpəyə verilərkən belə, fərqində olmadan adı qoyan şəxs onun gələcəyini yazır. Astrologiyada eynilə rəqəmlərin insanlar üzərində təsirinin olması kimi, hərflərin də insanlar üzərində çox böyük təsiri olduğu artıq sübut edilib.
Qeyd edək ki, insanın adının taleyinə sirayət etməsi inancı qədim Misir və hind mədəniyyətindən qaynaqlanır. Maraqlı burasıdır ki, Hindistanda hələ də bu ənənəyə sadiq qalırlar. Hazırda bu ölkədə doğulan hər yeni körpə üçün astroloq-kahin-münəccim çağırılır, o, müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Adqoyma mərasimi xüsusi təşkil edilir. Tanrıya səcdə edərək od ətrafında körpəni dolandırır, oda qansız qurbanlar (meyvə-tərəvəz, paxlalılar, ağartı məhsulları) verir, Tanrıdan onun adının uğurlu olmasını diləyirlər. Çünki ad insan həyatının, demək olar ki, yol nişanıdır. Qədim Romada isə belə bir deyim olub: “nomen est omen”, yəni “ad taledir”.
Müsəlman adətlərinə görə isə yeni doğulan körpəyə ailənin böyüyü ad verir. Ata, ya da baba körpəni qucağına alır və onun qulağına dua oxuyur və 3 dəfə adını təkrarlayır.
... Muxtar respublikamızda körpələrə verilən adların mənalı olmasına xüsusi diqqət yetirilir. Son zamanlar uşaqlarımıza qoyulan adlar bunun əyani sübutudur. Lakin bəzən uşağını mənası bilinməyən, haradan gəldiyi əsaslandırılmayan sözlərlə adlandırmaq istəyənlər də olur. Hətta onlar bu iddialarında çox qərarlı davranırlar. Uşaqlara Viktoriya, Melisa, Aleks adı qoymaqla onları modern edəcəyinizi düşünürsünüzsə, çox yanılırsınız. Əslində, bu adlar heç modern deyil.
Fikrimizcə, ad mümkün qədər milliliyi ifadə etməli, yığcam, digər tərəfdən də mənalı olmalı, özündə Azərbaycançılıq ideyasını qoruyub saxlamalıdır. Ancaq bu gün, təəssüf ki, adqoyma məsələsində problemlər kifayət qədərdir. Bəzi valideynlərdə elə təəssürat yaranar ki, biz onların fikirlərinə qarşıyıq. Amma bizim başlıca məqsədimiz odur ki, balalarımız adları səslənəndə utanmasın, əksinə, qürur hissi keçirsinlər. Valideynin övladına “Almalı” adı qoyması hansı məntiqə uyğundur?!.
Bu gün balaca Almalı öz adından utanır. Baxmayaraq ki, bu ad onun böyük babasının adıdır. Düzdür, Almalını ailə üzvləri Ümid çağırırlar. Məktəbdə isə müəllimlər və sinif yoldaşları tərəfindən ona “Almalı” deyə müraciət edildikdə o, narahat olub ağlayır. Bu cür situasiyalar balacaların psixologiyasına da mənfi təsir göstərir.
“Kitabi-Dədə Qorqud” dastanlarında ağzıdualı ailələr övlad arzusu ilə Tanrıdan övlad diləyər, Tanrı da onlara övlad bəxş edərdi. Oğuz elinin insanları yeddi gün, yeddi gecə bu sevinci bayram kimi qeyd edərdilər: şadlıq məclisi qurular, boy boylanar, soy soylanardı. Dədə Qorqud cəmiyyətində yeni doğulan körpəyə indiki kimi uşaq hələ anadan olmamış ad qoymazdılar. Bir müddət keçər, uşağın bu və ya digər xüsusiyyətini müşahidə edər və həmin xüsusiyyətə uyğun ad seçərdilər. Yalnız bundan sonra el ağsaqqalı Dədə Qorqud gəlib “Adını mən verdim, yaşını Allah versin” deyərdi.
Ad insanın ömürboyu daşıyacağı bir məfhum kimi çox vacibli və ciddi məsələdir. Gəlin uşaqlarımıza mənalı adlar qoyaq və onlara ulu Dədə Qorqudun sözlərini xatırladaq: “Adını mən verdim, yaşını Allah versin”!!!
Nərgiz İsmayılova