23 Dekabr 2024, Bazar ertəsi

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün təsis olunmasında məqsəd ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdən ibarətdir.
Həyat təcrübəsi ilə gələcək nəsillərə nümunə olan ahıllara hörmət və qayğı həm də nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək kimi mühüm amala xidmət edir. Tarixboyu Azərbaycan xalqı yaşlı nəslin nümayəndələrinə ehtiram göstərməyi yüksək insani keyfiyyət kimi dəyərləndirmişdir.
Ölkəmizdə ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artır. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşmış, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Pensiya və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması, ahılların sosial rifahının yaxşılaşmasına hüquqi imkanlar yaradan qanunların qəbul edilməsi onlara göstərilən davamlı dövlət qayğısının ifadəsidir.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına, yaşayış səviyyəsinin yüksəlməsinə hərtərəfli şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən islahatların davamlılığını təmin etmişdir. Ahıl insanlara göstərilən müxtəlif növ xidmətlərin səmərə və keyfiyyətini artırmaq məqsədilə onlar haqqında informasiya bazası yaradılıb və hər ay bu məlumat bazası yenilənir.
Muxtar respublikada 1941-1945-ci illər müharibəsi veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Müharibə iştirakçıları minik maşını ilə təmin olunur, onların yubiley yaşları qeyd olunur, sosial müdafiələrini gücləndirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, 1941-1945-ci illər müharibəsi iştirakçısı olan 122 ahıl minik maşını ilə, 2 ahıl evlə təmin olunub, 37 nəfər müharibə əlil və iştirakçısına hər ay Prezident təqaüdü ödənilir.
Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 444 ahıl vətəndaşa evlərində, 16 ahıla isə Ahıllar evində sosial xidmət göstərilir. Tənha yaşayan ahıllara mütəmadi olaraq evlərində baş çəkilərək qayğıları ilə maraqlanılır, onlar həkim müayinəsindən keçirilir, zəruri sosial problemləri yerində həll edilir. Ahıllar evi sakinlərinin rahat yaşaması üçün hər cür məişət şəraiti yaradılıb. Sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə sakinlərlə görüşlər təşkil olunur, onlara sovqatlar təqdim edilir.
Ahıl insanların sağlamlıqlarının qorunmasına, tibbi reabilitasiyasına xüsusi önəm verilir, onların protez-ortopedik və müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyari xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir. Bundan başqa, ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur. Ahılların əl işlərinin satışının təşkil edilməsi onların məşğulluğunu təmin etməklə maddi təminatlarının yaxşılaşmasına xidmət edir.
Ahıllar mütəmadi yad edilirlər, bayram tədbirlərinə dəvət olunurlar, onların yubiley yaşları, uzunömürlü ailələrin qızıl və brilyant toyları qeyd olunur. Sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, həftənin şənbə günləri onların yaşayış yerlərində iməci­liklərin həyata keçirilməsi ahıllara göstərilən dövlət qayğısının təzahürüdür.
Bu tədbirlərin davamı olaraq Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikada ahılların iştirakı ilə silsilə tədbirlər həyata keçirilir. Belə ki, Ahıllar evi sakinlərinin və sosial xidmət göstərilən tənha ahıllardan bir qisminin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ziyarəti, muxtar respublikanın ən uzunömürlü sakini ilə, həmçinin Ahıllar evində, Naxçıvan şəhərində və rayonlarda sosial xidmət göstərilən tənha ahıllarla görüş təşkil edilir, onlara sovqat təqdim olunur.
Muxtar respublikanın dinamik inkişafı ahılların sosial müdafiəsinin güclənməsinə, rifahının daha da yaxşılaşmasına hərtərəfli zəmin yaradır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR