1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 28-də muxtar respublikanın ən uzunömürlü sakini, 118 yaşlı Şərur rayon sakini Qönçə Hümbətova ilə görüş keçirilib.
Qönçə Hümbətova 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini işğal etməsindən sonra o, anası ilə birlikdə Naxçıvana gələrək burada məskunlaşıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları bildiriblər ki, muxtar respublikamızda uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin əsas qayğılarındandır. Onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqları qayğısına qalınır, maddi cəhətdən tələbatlarının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Mütəmadi olaraq onlara evlərində baş çəkilir, yaşayışları ilə maraqlanılır, zəruri sosial problemləri yerində həll olunur.
Qönçə Hümbətova ona göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda muxtar respublikanın ən yaşlı sakininə hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti