23 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 28-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, Bilik Fondunun Himayəçilik Şurasının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri sayəsində muxtar respublikamız tarixdə misligörünməmiş dərəcədə inkişaf edib və müasirləşib. Bu müddətdə qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılıb, onların fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Sevindirici haldır ki, muxtar respublika qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, özəl sektorda geniş təmsil olunur, dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində fəaliyyət göstərirlər.
Vurğulanıb ki, hazırda müxtəlif peşə sahələrində çalışan qadınların sayı ildən-ilə artmaqdadır. Öz fəaliyyətləri ilə seçilən qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinə, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülürlər.
Qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma kimi peşə kursları təşkil olunur və bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb olunur.
“Muxtar respublikada müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara da xüsusi diqqət göstərilir”, – deyən Rəhman Məmmədov bildirib ki, bunun da nəticəsində istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah hallarının yüksəldilməsi üçün əl işlərinin sərgi-satışı təşkil olunur. Muxtar respublikamızda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkili artıq ənənə halını alıb.
Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən, sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satış təşkil olunur. Bu sərgidə qadınlarımız bizim qədim xalq sənətlərimizdən olan bir çox nümunələr nümayiş etdirirlər. Sərgi-satışa muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud 54 şəxsin 254, 227 istedadlı qadının isə 934 olmaqla, ümumilikdə, 281 qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 1188 yaradıcılıq nümunəsi çıxarılıb.
Bu sərgi-satışın milli dəyərlərimizi, adət-ənənələrimizi yaşatmaqla yanaşı, istedadlı qadınların üzə çıxmasında mühüm rol oynayacağına əminliyini bildirən Rəhman Məmmədov istedadlı qadınlara yeni yaradıcılıq nümunələri yaratmaqda uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov tədbirdə çıxış edərək bildirib ki, bu gün muxtar respublikanın bütün sakinləri kimi, xüsusi qayğıya ehtiyacı olan insanlar, o cümlədən sağlamlıq imkanları məhdud şəxslər də yüksək dövlət qayğısı ilə əhatə olunub. Məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Sağlamlıq imkanları məhdud şəxslərin istedad və bacarıqlarının aşkar edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə hər il idman yarışları, bədii yaradıcılıq və bilik müsabiqələri, əl işlərindən ibarət sərgilər təşkil olunur. Sərgilərdə fərqlənən şəxslərin əl işləri respublika səviyyəli müsabiqələrdə nümayiş etdirilir.
Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların yaradıcılıq potensiallarının dəstəklənməsi onların yaradıcılıq əzmini daha da artırır.
Nazir deyib ki, muxtar respublikada milli və xalq tətbiqi sənət növlərinin yaşadılmasına, onların təbliğinə xüsusi önəm verilir və bu sahədə müvafiq tədbirlər həyata keçirilir. Evdə xalça toxunuşu ilə bağlı sosialyönümlü ictimai işlərin, milli və xalq tətbiqi sənət növləri üzrə peşə kurslarının təşkili, əl işlərinin satışına köməklik göstərilməsi qeyd olunanların əyani ifadəsidir.
Bu gün sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsi qeyd olunan tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında sərgi-satışın əlamətdar bir gündə – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sen­tyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığı gündə keçirildiyini vurğulayıb. Qeyd olunub ki, ümumiyyətlə, müstəqillik illərində, xüsusən də 1995-ci ildən başlayaraq muxtar respublikada həyata keçirilən dövlət-qadın siyasətinin nəticəsi olaraq qadınlarımız dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər.
Bildirib ki, 2015-ci ilin oktyabr ayında Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda təşkil edilən sərgi-satışda iştirak edən Ali Məclisin Sədri belə sərgilərin hazırlanmasını yüksək dəyərləndirərək deyib: “Milli dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdirilməlidir. Aid dövlət təşkilatları yaradılan şəraitdən istifadə edərək fəaliyyətlərini gücləndirməli, milli dəyərlərin əsas daşıyıcıları olan qadınlar bu işdə yaxından iştirak etməlidirlər. Hər bir kəndə, rayona xas olan milli dəyərlər muxtar respublikanın, muxtar respublikada toplanan milli dəyərlər isə, ümumilikdə, Azərbaycan xalqının milli dəyərlər sisteminə daxildir. Ona görə də bu cür sərgilər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində də təşkil olunmalı, istedadlı qadınların fəaliyyətinə dəstək verilməlidir”.
Vurğulanıb ki, verilən tapşırığa uyğun olaraq cari ilin ötən dövründə muxtar respublikanın rayon mərkəzlərində bu səpkidə sərgilər keçirilib. Hər bir rayona məxsus adət-ənənələrin əl işlərində əksini tapması, ailə-məişət tərzlərinin, məxsusi xalçaların, bəzək nümunələrinin, gündəlik məişətdə istifadə olunan əşyaların sərgiyə çıxarılması sərgi-satışları bir-birindən fərqləndirib. Ümumilikdə, sərgi-satışlarda 385 istedadlı qadının 2907 rəsm və əl işi satışa çıxarılıb, 175 qadının 4489 manat dəyərində 383 rəsm və əl işi satılıb. Ümumiyyətlə, cari ildə keçirilən sərgi-satışlarda 259 istedadlı qadının 6625 manat dəyərində 709 rəsm və əl işi satılıb. Bu gün keçirilən sərgi-satışda isə muxtar respublikada yaşayan 227 istedadlı qadının 169 muncuqla, 8 kağızla, 37 daş üzərində oyma, 55 toxunma, 18 taxta üzərində dekorativ iş, 383 toxunma iş, 38 yağlı boya, 61 tikmə, 100 toxunma, 33 muncuqla, 6 vitrajtipli tablo, 26 xalça olmaqla, ümumilikdə, 934 rəsm və əl işi nümayiş etdirilir.
Sonra sərgiyə baxış olub. Qeyd edək ki, sərgi-satış 10 gün davam edəcək.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR