Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və cəmiyyətə inteqrasiyası, qabiliyyət və bacarıqlarının inkişaf etdirilib düzgün formalaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən və icrası uğurla başa çatdırılan “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu istiqamətdə görülən işlərin sistemli xarakter almasına, distant təhsilin tətbiqinə və bu sahədə müvafiq pedaqoji kadr hazırlığının təkmilləşdirilməsinə, uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, onlara kollektivçilik ruhunun aşılanmasına geniş imkanlar açıb. Dövlət proqramının icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sahəsində mühüm nəticələr qazanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu qəbildən olan uşaqlara dövlət qayğısının daha bir ifadəsidir. Proqramda bir sıra vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub. Həmin vəzifələr sırasında sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili də var. Bu, onların əqli və fiziki inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də bu kateqoriyadan olan uşaqlar arasında kinekt və intellektual oyunlar, şahmat, dama, darts, stolüstü tennis, futzal, yüngül atletika və xalq uşaq oyunlarından ibarət əyləncəli yarışlar, görmə qabiliyyəti məhdud şəxslər arasında brayl yazı və oxu müsabiqələri keçirilir.
Bu diqqəti Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunmuş rəsm və aplikasiya dərnəklərində də gördük. Dərnəklərə Fizzə Hümbətova və Səkinə Qarayeva rəhbərlik edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərnəyə sağlamlıq imkanları məhdud uşaqlar cəlb edilib. Aplikasiya dərnəyinin rəhbəri Fizzə müəllimə ilə söhbət zamanı öyrəndik ki, belə uşaqlar özlərini digər uşaqlardan heç də kənarda hiss etmir və bacarıqlarını üzə çıxarmaqdan çəkinmirlər. Dərnəkdə uşaqlar rəngli muncuqlardan, pilək, qaş, yarpaq və güllərdən əl işləri hazırlayırlar. Bunların içərisində Rza Hümbətovun piləklə hazırladığı “İlan tablosu”, digər uşaq və gənclərin – Özgan Allahverdiyevin piləklə işlədiyi “Bir millət, iki dövlət”, pilək və muncuqla hazırladığı “Quşların rəqsi”, Səranə İbrahimovanın “Aşıqlar”, “Meşədə dovşan”, Novruz Allahverdiyevin səhərin açılmasını təsvir etdiyi, piləklərlə hazırladığı “Xoruz” və digər əl işləri göz oxşayır.
Həmin uşaqlarla söhbət zamanı hiss etmək çətin deyildi ki, onlar bu dərnəyə cəlb olunmaqlarından xeyli razıdırlar, burada bir-birlərinə qaynayıb-qarışır, özlərinə yeni dostlar tapırlar. Düzəltdikləri əl işləri barədə bir-birlərinin fikirlərini öyrənirlər.
Dərnək rəhbəri bildirdi ki, uşaqların əl işlərini mərkəzdə sərgiləməklə kifayətlənmirlər. Onların müxtəlif tədbirlərə qatılmasına çalışırlar.
Mərkəzdə “Naxçıvanım mənim” mövzusunda sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm, əl işləri və musiqi müsabiqələrinin keçirilməsi də bu mənada yaddaqalan tədbirlər olub.
Telli MUSTAFAYEVA