Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəssisələrdə kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə maarifləndirici kursların təşkili davam etdirilir.
Sentyabr ayının 19-da Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda növbəti kursa başlanılıb. Kurs beş gün davam edəcək.
Kursa Naxçıvan Şəhər Elektrik Şəbəkəsi, Lift Təmiri və İstismarı, Yaşıllaşdırma, İstilik Təsərrüfatı, Sanitar-Təmizlik, Su-kanalizasiya idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər, Maşın-Mexanizmlərin, Hidrotexniki Qurğuların Təmiri və Texniki Nəzarət, Subartezian idarələri və Kəngərli Rayon Suvarma Sistemləri İdarəsi üzrə, ümumilikdə, 10 mütəxəssis cəlb edilib.
Kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları”, “Əmək müqaviləsinin nümunəvi forması, onun düzgün doldurulması və ona dəyişikliklərin edilməsi qaydaları”, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları”, “Əmək müqaviləsi üzrə işəgötürən və işçinin hüquq və vəzifələri”, “Əmək münasibətləri zamanı digər sənədləşmə işlərinin qanunamüvafiq həyata keçirilməsi” və başqa mövzular tədris olunur.
Kursun yekununda iştirakçıların bu sahədə aldıqları biliklər yoxlanılacaq.
Hafizə Əliyeva