Orda bir kənd var uzaqda
O kənd bizim kəndimizdir.
Gəzməsək də, getməsək də
O kənd bizim kəndimizdir.
Türk şairi Əhməd Kutsi Tecerin bu misraları Qurtuluş savaşından sonrakı Türkiyə Cümhuriyyətində Anadolu kəndlərinin inkişafına diqqət çəkmək məqsədilə yazılmışdır. Sonralar dillər əzbəri olacaq və nəğməyə çevriləcək bu misralarda həm də Türkiyənin ümumi inkişafının yalnız Anadolu kəndlərinin inkişafı ilə mümkün ola biləcəyinə işarə edilirdi.
Əslində, bu formul bütün ölkələr üçün keçərlidir. Hər bir ölkənin dayanıqlı inkişafı onun insanının torpağa, yurda bağlılığından ciddi şəkildə asılıdır. “Kitabi-Dədə Qorqud” dilində ifadə etsək, yalnız baxılan bağların bağ olmaq ehtimalı var. Məhz bu müdrik fikirlərin işığında ötən 20 il ərzində Naxçıvanda da əsas diqqət kəndlərin inkişafına, infrastrukturun müasirləşdirilməsinə, bununla da, kənd insanının doğma yurd yerlərinə bağlılığının təmin olunmasına yönəldilib.
Sovet dönəmini görmüş və XX əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanın yaşadığı çətinliklərin şahidi olmuş oxucularımıza yaxşı məlumdur ki, o dönəmlərdə diqqətsizlik ucbatından neçə-neçə yurd yerlərimiz boşalmışdır. Sovetlər dönəmində bu diqqətsizlik kəndlərin bir çox hallarda məqsədli boşaldılmasına xidmət edirdi. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində isə bu, yaranmış ümumi ictimai və iqtisadi böhrandan qaynaqlanırdı. Əgər ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bu prosesin qarşısının alınması istiqamətində islahatlar həyata keçirilməsəydi, sonrakı dövrdə muxtar respublikada bu siyasət davamlı və məqsədli şəkildə davam və inkişaf etdirilməsəydi, yəqin ki, bu gün çoxsaylı ucqar kəndlərimiz eyni taleyi yaşayacaqdı.
Bütün hallarda muxtar respublika ərazisində mövcud olan və olmuş yaşayış məskənləri bizim tariximizdir və onları unutmamaq, onların haqqında bilgiyə sahib olmaq bizim milli kimlik borcumuzdur. Bu yazımızda Naxçıvanda bir zamanlar mövcud olmuş, ötən əsrin 50-60-cı illərində məqsədli diqqətsizlik ucbatından insansız yurd yerinə çevrilmiş iki kəndin – Şahbuz rayonunun Zərnətün və Xınzirək kəndlərinin sorağına çıxdıq. Bu gün yaddaşlarda və qəlblərdə adı yaşayan bu kəndlər uca dağlar qoynunda, Biçənək kəndinin yaxınlığında yerləşən tarixi yurd yerlərimizdir. Naxçıvandan Batabat yaylağına doğru hərəkət edərkən gözəlliklərlə dolu səfalı təbiəti ilə Zərnətün yolun solundan, bəlkə də, ulu hunların izlərini hələ də özündə yaşadan Hunzirək-Xınzirək isə yolun sağından boylanaraq sanki bu yolların keşiyini çəkir. Bu yurd yerlərinin yerləşdiyi mövqe, insanların məskunlaşması üçün əlverişli təbii-coğrafi şərait burada tarixən insanların məskunlaşmasına şərait yaratmışdır.
1728-ci ilə aid İrəvan əyalətinin müfəssəl dəftərində Xınzirək bölgənin əsas kəndlərindən biri kimi qeyd edilmiş, hətta bir neçə kəndi birləşdirən nahiyələrdən biri Xınzirək nahiyəsi adlandırılmışdır. Xınzirək və Zərnətün həm də Kolanı türk tayfalarının Naxçıvanda məskunlaşdığı yurd yerlərimizdən biri olmuşdur.
AMEA-nın müxbir üzvü, mərhum alim Adil Bağırovun yazdığına görə, hətta XIX əsrin ikinci yarısında qonşu kəndlərdən, xüsusilə Biçənəkdən bir sıra ailələr qonşu Zərnətün və Xınzirək kəndlərinə köçmüşdür.
Mənbələrdən birində qeyd olunur ki, elektrikləşdirmə və yollar salınması adı altında Naxçıvanın bir sıra kiçik kəndləri ləğv edilərək əhalisinin mərkəzlərə köçürüldüyü vaxt Şahbuz rayonunda kolanılıların da yaşadığı kiçik kənd olan Xınzirək kəndi ləğv olunmuş və əhalisi, əsasən, qonşu Biçənək kəndində yerləşdirilmişdir. Güman etmək olar ki, sovet dövləti tərəfindən Xınzirək və Qaraboya kəndlərinin də ləğv edilməsi azərbaycanlılar əleyhinə yönəldilmiş tədbirlərdən idi.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu yolların keşiyini çəkən kəndlərdən biri Xınzirəkdirsə, digəri səfalı təbiəti, mehriban və xeyirxah insanları ilə ad çıxarmış Zərnətündür. XX əsrin 50-ci illərində 30-35 evdən ibarət olan bu səfalı yurd yerimiz uca dağların qoynunda yerləşir. Bu kənddən baxanda Batabat gölləri ovuc içi kimi görünür. Bir zamanlar insanlar bu kəndin Tamam bulağından, Qaya bulağından, Qamışlı bulağından su içiblər, Misirxan babanın (Misirxan İsayev) balabanının səsindən feyzyab olublar, İman kişinin (İman Quliyev) tulumunun sədaları altında qol götürüb oynayıblar.
Zərnətündə böyüyüb boya-başa çatmış, tanınmış dialektoloq-alim, şair Əbülfəz Muxtaroğlu ötən günlərin xatirələrindən söz açaraq bizi də bir anlıq o zamanlara aparır. Deyir ki, yaz-yay aylarında Zərnətünə gələn qonaqlar Qaya bulağından axan suyun səsindən və gözəlliyindən doymazdılar, ən dəyərli qonaqlarına da məhz bu bulağın suyundan içirdərdi zərnətünlülər. Tamam bulağının gözəlliyi və el arasında yayılmış əfsanəsi isə tamam başqa aləmdir:
Kəndimizdə bir bulaq var.
Adı Tamam bulağıdır.
Onun üstə kölgə salan.
Bir söyüdün budağıdır.
Tamam adlı bir qız qazmış
Gördüyümüz bu bulağı.
Sevgilisi Zakir isə
Yerə sancıb bir budağı.
Demişdi ki, əziz Tamam.
Qoy yadigar qalsın bizdən.
Bu bir bulaq, bu bir budaq.
Bizim təmiz eşqimizdən.
(Ə.Muxtaroğlu “Yadigar”)
Zərnətünlülər həm də sağlamlıqları ilə seçilirmişlər. Bu, bir tərəfdən yurd yerinin səfalı təbiətindən qaynaqlanırdısa, digər tərəfdən bu dağlarda hər çiçəyin, hər otun sirrini bilən, türkəçarəyə – türkün təbabət çarəsinə dərindən bələd olan ağbirçəklərimizin sayəsində olmuşdur. “Bir Gülənbər nənə var idi, biçənəklərdə bitən hər gülün, hər çiçəyin xeyrini bilərdi, böyükdən-kiçiyə hər kəsi müalicə edərdi”, – deyir Əbülfəz müəllim. Zərnişan nənə isə Zərnətün kəndi ətrafında olan bütün yabanı bitkilərin yerini, harada bitdiyini, nə zaman yetişdiyini əzbərdən bilərdi.
Kənddə hər kəs eli ilə, tayfası ilə tanınardı. Kolanılılar, Qədimlilər, Quluuşağı, Paşauşağı elləri bu yurd yerini özlərinə məskən seçmişdilər.
Zərnətünün dünənindən danışarkən dərin bir köks ötürür Əbülfəz müəllim. Deyir ki, XX əsrin 50-ci illərinin sonlarında kənd baxımsız vəziyyətdə qaldı, sonralar Qaqanoviç adına Zərnətün kolxozu Biçənək kəndindəki “Qırmızı Oktyabr” kolxozu ilə birləşdirildi. Bundan sonra isə zərnətünlülər Biçənəyə, Məzrəyə, Vayxıra, hətta Bərdə rayonunun Qaraqoyunlu kəndinə köç etdilər.
Bir zamanlar otlaqlarında qoyun-quzu otlayan, bərəkətli əkin sahələrində taxıl və kartof bitən, evlərində ocaqları yanan, uzaqdan gələn insanların qoynuna üz tutduğu səfalı kəndlərimizdən biri olan Zərnətün beləcə kimsəsiz yurd yerinə çevrildi.
Zərnətün və Xınzirək ətrafındakı kəndlər – Biçənək, Ağbulaq, Gömür, Aşağı Qışlaq, Yuxarı Qışlaq və başqa kəndlər bu gün öz inkişafının ən yüksək mərhələsini yaşamaqdadır. Muxtar respublikamızda son 20 ildə həyata keçirilən möhtəşəm quruculuq işlərindən bu kəndlərin hər biri öz payını alıb. Bu yaşayış məntəqələrində məktəblər, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri tikilib, yollar abadlaşdırılıb, kəndlər fasiləsiz elektrik enerjisi, təbii qazla təmin olunub. Sadaladığımız kəndlərin hər birinin inkişafı, şəksiz ki, qüdrətli Azərbaycanın ümumi inkişafı ilə vəhdət təşkil edir. Blokada şəraitində reallaşdırılan Naxçıvan intibahından öz payını alan bu kəndlər kimi, inanırıq ki, bir gün tarixi yurd yerlərimiz olan Zərnətün və Xınzirək də öz payını alacaq, bu kəndlər qədim tarixi və səfalı təbiəti ilə nəinki yerli sakinlər üçün, eləcə də muxtar respublikamıza gələn qonaqlar üçün cazibədar bir guşəyə çevriləcəkdir.
Elnur KƏLBİZADƏ