Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avqust ayında işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirlərini davam etdirmişdir. Bu dövrdə 213 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 27 nəfər müvafiq peşə kurslarına, 40 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilmiş, 5 nəfər isə kəndlərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. İşlə təmin olunan, ictimai işlərə və peşə kurslarına cəlb olunanlardan 11-i məhdud fiziki imkanlı, 5-i hərbi xidmətdən yeni tərxis olunan şəxslərdir. Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqqının reallığı əks etdirməsi ilə bağlı 55 obyektdə yoxlama aparılmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində isə əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Təlimlərə, ümumilikdə, 124 uşaq cəlb olunmuşdur.
Avqust ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 452 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, həmçinin 16 nəfərə Ahıllar evində stasionar sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 20 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 43 uşağın müalicəsi təşkil edilmiş, eyni zamanda 31 nəfərə sanatoriya və pansionatlara göndəriş verilmiş, 13 nəfər texniki reabilitasiya vasitəsi ilə təmin olunmuş, 1 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 3 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik göstərilmişdir. Sosial qayğıya ehtiyacı olan 4 nəfər Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər və Azərbaycan Vətən Müharibəsi iştirakçısı olan 2 nəfərə isə “NAZ Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti