23 Dekabr 2024, Bazar ertəsi

Ta qədim zamanlardan geyim insan həyatının ayrılmaz bir hissəsinə çevrilib. Təbii  ki,  gündəlik həyatımızda, ziyafətlərdə istifadə etdiyimiz bu geyimlərin hər birinin yaradıcısı olur. İstəyiriksə geyimlərimiz qüsursuz olsun, onda peşəkar dərzilərin əməyindən istifadə etməliyik. Belə dərzilərdən biri də Şəlalə İbrahimovadır. 

Onunla çalışdığı emalatxanada görüşdük. Şəlalə xanım bizi çox səmimi qarşıladı. Çalışdığı 25 il ərzində bu peşənin bütün sirlərinə bələd olan Şəlalə xanım dedi:
– Hansı peşə olursa-olsun, ona ürəkdən bağlanmasan, uğur qazana bilməzsən. Dərzi peşəsini seçməyimin əsas səbəbi gözəl geyimlərə, dəbə böyük marağımın olmasıdır. Gənc yaşlarımda gözəl dəblə geyinmiş insanlarla qarşılaşanda belə geyimlərimin olmasını arzulayırdım. Ancaq məlum məsələdir ki, o zamanlar hər istədiyin geyimi əldə etmək müşkül məsələ idi. Düşünüb-daşınıb belə qərar verdim ki, bu paltarları özüm də tikə bilərəm. Beləcə, mənim dərzilik peşəsi ilə bağlı şagirdlik dövrüm başladı. 3 il məişət xidmətləri məktəbində oxudum. Bu peşənin incəliklərini öyrəndim.
Şəlalə xanım onu da dedi ki, bu illər ərzində paltar tikdirmək, eləcə də paltarın ölçüsündə və formasında dəyişikliklər etmək üçün yüzlərlə müştəri müraciət edib. Çalışıb ki, müştəriləri razı yola salsın, geyimləri keyfiyyətli tiksin.

Yaxşı geyimlərin ərsəyə gəlməsi üçün diqqətli, dəqiq və səliqəli olmalısan. Geyimin qüsursuz alınması üçün dəqiq biçməlisən. Necə deyərlər, yüz ölç, bir biç. Əgər bu işə maraq vardırsa, iynələrlə, saplarla dost olacaqsan. Bütün bunlarla yanaşı, səbir də bu işdə mühüm rol oynayır. Elə müştərilər olur ki, nazı ilə oynamaq lazım gəlir. İstəklərini nə qədər yaxşı yerinə yetirsən də, belə insanlar çox çətin məmnun qalırlar. Dərzi eyni zamanda öz zövqü ilə müştərinin zövqünü də uyğunlaşdırmağı bacarmalıdır, – deyən Şəlalə İbrahimova diqqətimizə onu da çatdırdı ki, təkcə geyimlərin tikilməsi yox, mağazadan alınmış geyimlərin bədənə uyğunlaşdırılması üçün də ona paltarlar gətirilir. Çünki mağazalarda elə geyimlər olur ki, müştərinin zövqünü oxşayır, ancaq geyimdə nəyisə dəyişmək lazım gəlir. Çox vaxt müşahidə edirəm ki, bəzi xanımlarımız başqasının əynində gördükləri paltarı zorla özlərinə yaraşdırmağa çalışırlar, paltarların ölçü­sünü, rəngini nəzərə almırlar. Belə müştərilərə deyirəm ki, hər kəsə eyni rəngli və biçimli olan geyimlər yaraşa bilməz. Çünki hərənin özünəməxsus bədən quruluşu, ölçüsü var. Müştərini belə vəziyyətdə fikrindən daşındırmağa çalışıram.
Şəlalə xanım gənc nəslin geyimləri məsələsinə də toxundu. Bildirdi ki, bəzi gənclərimizin geyimləri mentalitetimizə, ənənələrimizə heç uyğun deyil. Bəziləri deyir ki, zəmanə bunu tələb edir və gənc yaşlarında bu geyimləri geyinməsələr, nə vaxt geyinəcəklər?! Elə buna görə də onları başa düşməyə çalışır və tam olmasa da, haqq vermiş oluram.
Söhbətimizin bu yerində Şəlalə xanım Naxçıvan şəhərində moda evinin açılmasını çox arzuladığını dilə gətirdi. Dedi ki, şəhərimizdə moda evinin açılması, biz dərzilərin tikdiyi geyimlərin də vitrinlərdə görünməsi və münasib qiymətlərlə insanlarımıza təqdim edilməsi onun arzularından biridir.
Şəlalə xanımın öz peşəsinə olan sevgisi gənclərimizə əsl nümunədir. Onun dediyi kimi bu və bu kimi peşələrin qadını, kişisi olmaz. Əgər peşəni sevirsənsə, bu yolda özünü tapana qədər çalışmalısan.
Həyatda bir iz qoymaq istəyiriksə, mütləq deyil ki, ali məktəbə daxil olaq. Elə insanlar var ki, yüksək nəticə ilə universitetə qəbul olur, ancaq bu sahə üzrə işləmir və o diplom da itib-batır. Bir sözlə, cəmiyyətimizə xeyir vermək üçün hansısa peşə də bizə kömək ola bilər. Bunun üçün isə Naxçıvanda hər cür şərait yaradılıb, müasir peşə məktəbləri istifadəyə verilib.

Telli MUSTAFAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR