23 Dekabr 2024, Bazar ertəsi

Milli dəyərlərin yaşadılması, milli-mədəni irsə qayıdış siyasəti bu gün muxtar respublikamızda uğurla davam etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Milli dəyərlərin əsas yaradıcıları və daşıyıcıları qadınlardır. Buna görə də həyata keçirilən dövlət qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Gənc qızların xüsusi peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün xalçaçılıq, dərzilik kimi peşə kurslarının təşkil olunması bu sənət nümunələrinin qadınlarımız tərəfindən qorunub saxlanılması, yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Cari ildə muxtar respublikanın rayonlarında qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satışlar özünəməxsusluğu ilə seçilib. İlk olaraq qeyd etmək lazımdır ki, bu səpkidə silsilə sərgi-satışlar muxtar respublikanın rayonlarında ilk dəfə olaraq təşkil edilib. Hər bir rayona məxsus adət-ənənələrin əl işlərində öz əksini tapması sərgi-satışları bir-birindən fərqləndirib. Belə ki, Ordubad rayonunun istedadlı qadınları dekorativ, Culfa rayonunun yaradıcı xanımları tikmə və toxuma əl işləri ilə seçiliblərsə, Şahbuz rayonunun xalçaçıları ərsəyə gətirdikləri milli ornamentli xalça nümunələri ilə hər kəsi heyrətləndirib, rəngarəng toxuma əl işləri ilə əsrlərdən gələn toxuma el sənətini yaşatdıqlarını göstəriblər. Şərur və Kəngərli rayonlarının istedad sahibləri olan qadınlar yaratdıqları dekorativ, tikmə, toxuma əl işləri, rəsm əsərləri, xalça və digər sənət nümunələri ilə sərgiləri seyr edənlərə xüsusi zövq veriblər. Ümumiyyətlə, yaradıcı insanların sevincinə, zəhmətlərinin qiymətləndirilməsinə xidmət edən bu sərgi-satışlar milli dəyərlərimizin də yaşadılmasına bir töhfədir.
Ümumilikdə, muxtar respublikanın rayonlarında təşkil olunan sərgi-satışlara 385 qadının 2907 rəsm və əl işi çıxarılıb, 175 qadının 4489 manat dəyərində 383 rəsm və əl işi satılıb. Bunu da qeyd edək ki, sərgi-satışlarda iştirak edən iki qadından birinin əl işinin satılması onların özünüməşğulluğunun təmin edilməsi, maddi gəlir əldə etməsi baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerli icra hakimiyyətləri ilə birgə xalqımızın adət-ənənələrinin yaşadılması, qadınların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi ilə bağlı bundan sonra da müvafiq tədbirlər həyata keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR