23 Dekabr 2024, Bazar ertəsi

“Ata, məktəbə getmirəm, sinif yoldaşlarım gözəl paltarlar geyinir, mən utanıram. Mənə də gözəl paltarlar alın”, – deyib israr edən uşaqlarımıza naəlac qalıb cürbəcür geyimlər alan, “kitabım yoxdur, yaxud da köhnədir dərsi oxuya bilmirəm”, – deyən uşaqlarımıza o dükan mənim, bu dükan sənin kitab axtaran, səhər uşağın çantasını götürüb döşəkçə ilə məktəbə yollanan, “uşağı neft sobasının yanında oturt, xəstədir”, – deyib müəllimdən xahiş edən valideynlər az olmayıb. Bəli, bu bir tarixi dövr idi, yaşadıq. Zaman öz işini gördü. Köhnə məktəb binalarının yerində möhtəşəm, müasir istilik sistemi ilə təmin olunmuş, hər cür şəraitə malik təhsil ocaqları ucaldıldı. Şagirdlər pulsuz dərsliklərlə təmin olundu, vahid məktəbli formasına keçildi. Elə müəllimlər də vahid forma geyindi. Məktəb modalar nümayiş etdirilən, şagirdlərə mənəvi və psixoloji təsir obyektindən əsl təhsil məbədinə çevrildi. Dildə dediyimiz bərabərlik əməldə təsdiq olundu. Bu, dövlətin nəzarətində olan orta, orta ixtisas təhsili müəssisələrində və ali məktəblərdə yaradılan qayda-qanun, milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qorumaq üçün mühüm və deyərdim ki, vaxtında atılmış gərəkli addım idi.

Amma... Amması ondadır ki, ictimaiyyət də bu işdə dövlətin yaxın köməkçisi olmalı, ictimai qınaq deyilən məfhum öz yerini tutmalıdır. Yoxsa mənə nə var, yaxud da zaman dəyişib, gənclik qoy nə edir etsin, necə istəyir geyinsin, – deyib ötüb-keçməklə milli-mənəvi dəyərlərimizə balta çalanlara kömək edir, keçmişimizlə, tariximizlə yenilik, müasirlik arasında bir təzad yaradırıq.

Bir neçə il bundan əvvəlin söhbətidir. Ticarət mərkəzində səs yayıldı ki, Nəcəfalı yeni çeşiddə qadın geyimləri gətirib. İstər-istəməz maraqlandıq. Gedib baxdıq ki, idman formasına oxşar, amma həddindən artıq dar tikilişdə olan bir geyimdir. “Ayıbdır, bu geyimi yığışdır, bu, bizim mentalitetimizə uyğun deyil”, – deyib hamımız bir ağızdan Nəcəfalını məzəmmət etdik. Nəcəfalı bizə sakitcə qulaq asdı. Qəhqəhə çəkib güldü: – Nə geridə qalmış adamlarsınız. Dünya dəyişib, hamı müasirləşib. Çox çəkməz ki, siz də müasirləşər, mənim dükanımın daimi müştərisi olarsınız, – dedi.
Şənbə günü idi. Pəncərədən həyətə boylanan uşağa dedim: – Ay bala, niyə gedib həyətdə oynamırsan?
– Baba, mən həyətdə oynamağa getmirəm, utanıram.
– Niyə? – deyə təəccüblə soruşdum.
– Uşaqlar mənim donuma lağ edib gülürlər, – deyib ağladı.
– Yaxşı, sabah başqa bir don alaram, ondan ötrü niyə ağlayırsan? – deyib uşağı sakitləşdirməyə çalışdım.
– Baba, bu dəfə sən istədiyini yox, mənim seçdiyim paltarı alacağıq, – deyib şərtləşdik.
Ertəsi gün ticarət mərkəzinə getdik. Çox gəzdik. Nəhayət, “Baba, tapdım. Bax ondan istəyirəm, uşaqlar bundan geyinir”, – deyib dükanı göstərdi. Baxdım ki, Nəcəfalının dükanıdı. Bəyəndiyi də elə Nəcəfalının gətirdiyi geyimdir. “Ay qızım, bundan başqa, nə istəyirsən alım”, – deyib israr etsəm də, nəticə olmadı. Çünki uşaq da bu “geyim xəstəliyinə” yoluxmuşdu. O xəstə­liyə ki qonşuluqda məktəbyaşlı uşaqdan tutmuş nəvəsi olan qadınlaradək hamı yoluxmuşdu. Nəcəfalının dükanında növbə idi. Artıq Nəcəfalı özünə köməkçi də götürmüşdü, yenə çatdıra bilmirdi. Aşağı qiymət, yüksək keyfiyyət, – deyib bazar iqtisadiyyatının tələblərinə daban-dabana zidd olan bu iki kəlmə sözü barışdırıb özünün loqosuna çevirərək mal satmaq üçün dəridən-qabıqdan çıxırdı.
Nə isə, bir qədər sonra Nəcəf­alının piştaxtasına yaxınlaşdıq. Kefi kök idi. Tək üzü yox, gözləri də gülürdü.
– Hə, qardaş, gəlmisən, ya gətiriblər?– deyib əlimdən tutan uşağı göstərdi. Və iki ay əvvəl etdiyimiz söhbətə üstüörtülü işarə etdi. Elə mən də üstüörtülü olsun deyə, – ikincidir, yəni gətiriblər, – dedim. “Arifə işarə, kötüyə balta”, – deyiblər babalarımız. Nəcəfalı da arif adam idi. Məsələnin nə yerdə olduğunu başa düşdü.
– Hə, qızım, hansı paltardan istəyirsən, verim.
Uşaq əli ilə yuxarıda asılmış paltarı göstərdi.
– Qızım, o paltardan balacası yoxdur. Böyükləri qalıb. Gələndə babana xəbər verərəm, gəlib götürərsiniz, yaxşı? – deyib uşağı razı saldı. Üstəlik, qonşu dükanda milli mentalitetimizə uyğun geyimlər satan, müştəri qıtlığı üzündən mürgüləyən Əlini çağırıb uşağa yaxşı bir don da təşkil etdi. Beləliklə, Nəcəfalı, bəlkə də, ömründə bir savab iş gördü. Məni böyük bir dərddən, uşağı isə yoluxacağı “xəstəlik”dən xilas etdi.
Amma indi işə gəlib-gedərkən milli mentalitetimizə zərbə vuran bu acınacaqlı mənzərənin şahidi yox, tamaşaçısı olursan. Bəzən də bu eybəcər geyimli gənclərin yanından gözüyumulu keçirsən. Amma nə fayda. Gözüyumulu keçdiyin bir dəqiqədən sonra növbəti mənzərənin tamaşaçısına çevrilirsən.
Şəhərarası marşrut avtobusunda yanaşı dayandığım iki gənc qızdan biri digərinə: –Sosial şəbəkədə kəlağayıdan status yazdım bəyənilmədi, – deyib gileylənirdi. Qolunda tatuaj olan qıza, – Avropasayağı geyinib, milli geyimlərimizdən yazanda, əlbəttə, bəyənilməyəcək. Kəlağayını mənən dəyərləndirib, ruhən yaşayıb yazasan gərək, bəyənilsin, – dedim. Qulaqlarından şunur sallanan, ağzını mikrofona tutub 40 dərəcə istiliyi olan xəstə­lər kimi hərdənbir sayıqlayan, tok Əlini xatırladan qızlar bir-birinə: – Dayı deyəsən geridə qalıb, dünyadan bixəbərdir, – deyib qucağına bərk-bərk sıxdığı “balaca televizor”unu vərəqləyə-vərəqləyə, ana öz körpəsinə nəvaziş göstərdiyi kimi, sığallaya-sığallaya növbəti dayanacaqda düşmək üçün avtobusun ön qapısına yaxınlaşdılar. Bilmədim, elə o dayanacaqda düşməli idilər, yoxsa iradım xoşlarına gəlmədiyindən mənimlə yolyoldaşı olmaq istəmədilər. Amma məsələ burasında idi ki, bu moda xəstəliyinə tutulmuş modabazların avtobusdan düşməyi də özünəməxsus oldu, çox uzun çəkdi. Müasirlikdən dizləri süzülmüş cins şalvarını yuxarı, varlılıqdan dirsəklərinə yamaq salınmış köynəyini aşağı darta-darta, “xüsusi zövqlə bəzədilmiş”, günlüklü, Meksikanski kepkasına, Braziliyasayağı ayaqqabısına düzəliş verə-verə üç pilləkənin sonuncusuna düz 2 dəqiqəyə ayaq basdılar. Nəhayət, sürücü: – Ay qızım, bir balaca tələsin də. Qrafikdən çıxıram, sərnişinləri vaxtında mənzilbaşına çatdırmalıyam axı, – deyə gileyləndi.
– Biz sərnişin deyilik bəyəm? Düşürük də, – deyib bir az da sürücünü və sərnişinləri borclu salıb getdilər. Əsəbləri tab gətirməyən ortayaşlı, xanım-xatın bir qadın, – bunların axırı necə olacaq? – deyib yanaşı əyləşdiyi digər qadının üzünə baxdı: – Günah özümüzdədir. Onları evindən çıxaran valideyn deyə bilmir ki, ay bala, bu nə geyimdir, geyinib cəmiyyət içinə çıxırsan? – dedi. Qadının iradını sərnişinlərdən kimisi nümayişkaranə, kimisi də başını bulamaqla təsdiq etdi.
Elə buradaca yadıma düşən maraqlı bir əhvalatı oxucularıma çatdırmaq istəyirəm:
İki qonşu mübahisə edir. Ağsaqqallar qonşuları ayrı-ayrılıqda danışdırıb, mübahisənin səbəbini aydınlaşdırmağa çalışırlar. Qonşunun birindən barışmaq üçün nə təklif edirsən, – deyib soruşurlar. Cavabı həm gülməli, həm də təəccüblü olur:
– Qonşuma deyin, gözümə görünməsin, onun geyimini görəndə gözlərim ağrıyır.
Bəli, biz də istər-istəməz hələlik gözümüzü ağrıdan bu mənzərənin tamaşaçısı olmağa məhkum olmuşuq. Amma bədbin də deyilik. İnanırıq ki, bütün xəstə­liklər kimi, “geyim xəstəliyi” də uzunmüddətli yox, ötüb-keçən olacaq. Amma yaddan çıxarmaq olmaz ki, istər uzunmüddətli, istərsə də keçici olsun, hər bir xəstə­lik özündən sonra başqa bir formada fəsadlar törədir. Gəlin telekanallarda seyr etdiyimiz serial qəhrəmanlarına, gəzdiyimiz ölkə­lərin vətəndaşlarına oxşamağa çalışıb, Avropasayağı geyinib müasirləşirik deyib milliliyimizə xələl gətirməyək. Nənə-babalarımızın bizə əmanət etdiyi milli geyimlərimizə dönək, hörmət-izzət, ədəb-ərkan, xeyir-bərəkət sahibi olaq. Bu arzu və istəyin reallaşmasının, həyata keçirilməsinin yolu isə ictimai qınaqdan, ümumilikdə, birlikdə aparılan mübarizədən keçir. Atalar yaxşı deyiblər: “Tək əldən səs çıxmaz”. Millətimizə, milli dəyərlərimizə xələl gətirən “müasirləşməyə” qarşı birgə mübarizə aparıb gələcəkdə üzləşəcəyimiz problemlərdən və bu problemlərin yaradacağı fəsadlardan qorunmaq üçün özümüzə qayıdaq. Hər bir insan, hər bir millət özünə qayıdanda gözəl, dövlət isə güclü və qüdrətli olur.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR