23 Dekabr 2024, Bazar ertəsi

Sahibkarlıq fəaliyyəti zamanı risklərdən sığortalanma biznesin uğuruna zəmanət verən mühüm amillərdəndir. Əmlak sahibi olan hər bir sahibkar, adətən, öz biznesinə məsuliyyətlə yanaşır, gözlənilməz hadisələrdən vaxtında sığortalanmaqla dəyə biləcək zərərlərdən maddi təminat alınmasını təmin edir.  

Sığorta və sahibkarlıq fəaliyyəti bir-birindən asılı olan sahələrdir. Tarixən bu iki sahə arasında sıx əlaqələr olub. Belə ki, sığorta fəaliyyəti sahibkarların risklərini bölüşməklə, ümumilikdə, iqtisadiyyatın inkişafı üçün çox mühüm olan bir məsuliyyəti də öz üzərində daşıyır. Buna görə də sığor­taya olan tələb artdıqca, o, sahibkarlıq fəaliyyətinin bütün sahələrində real olaraq özünü hiss etdirir. Ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında sahibkar­ların sığortaya olan tələbatı da azad bazar sisteminin bərqərar olması və həyatın bütün sahələrində müşahidə olunan sürətli inkişafla əlaqədar daha da genişlənir.

Muxtar respublikamızda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün tətbiq edilən daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası bu baxımdan çox əhəmiyyətlidir. Belə ki, daşınmaz əmlak sahibkarların biznesini genişləndirmək və gəlir götürmək üçün əsas vasitələrdəndir. Əgər sahibkarın əmlakına zərər vurulubsa, onun biznesinə də zərər dəyəcək. Misal üçün, əgər obyektdə yanğın baş verərsə, müəssisənin işində fasilə yaranacaq, istehsal və satış dayanacaq. İşçilərə əməkhaqqı ödənə bilməyəcək və müəssisə müflisləşəcək. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası zamanı sahibkarın sərəncamında olan daşınmaz əmla­kın istismarı zamanı üçüncü şəxslərin həyatına və əmlakına vurula biləcək zərərlərə qarşı bu sığorta növü üzrə müqavilə bağlanmaqla sığorta təminatı verilir.
Ölkəmizdə 24 iyun 2011-ci il tarixdə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə daşınmaz əmlakın icbari sığortası zamanı sahibkara bütün təbii və texnogen hadisələrdən sığorta təminatı verilir. Bu qanuna uyğun olaraq, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortası da aparılır. Qanuna əsasən, daşınmaz əmlakın istismarı zamanı yaranan mülki məsuliyyətin icbari sığortasında istismar edilən daşınmaz əmlak dedikdə fərdi evlər istisna olunmaqla, istehsal və xidmət məqsədilə istifadə olunan bütün binalar, tikililər, qurğu və sahələr başa düşülür. Belə əmla­kın istismarı, o cümlədən həmin əmla­kın ərazisində inşaat, təmir, yenidənqurma və digər işlərin yerinə yetirilməsi zamanı üçüncü şəxslərin həyatı və sağlamlığına dəymiş zərərlərin əvəzinin ödənilməsi məqsədilə icbari sığorta tətbiq edilir. Belə zərərlərə səbəb olan hadisələrə gəldikdə isə bunlar yanğın, qaz partlayışı, qısaqapanma, su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində yaranan subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi kimi hadisələr hesab olunur. Şübhəsiz, belə hadisələr baş verdikdə daşınmaz əmlak sahibkarı burada olan insanların həyatına, onların sağlamlığına və əmla­kına mülki məsuliyyət daşıyır.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığortahaqqı istehsal və qeyri-istehsal sahəsinin təyinatından asılı olaraq 30 manatdan 120 manatadək məbləğdə müəyyən edilir. Daşınmaz əmla­kın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta məbləğləri isə fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmla­ka dəyən zərər üzrə isə 50 min manat müəyyən olunub.
Sahibkarlar üçün icbari sığortanın yuxarıda sadalanan növlərinin mühüm bir üstünlüyü onların sosial əhəmiyyətə malik olmasıdır. Başqa sözlə, bu sığorta növü cəmiyyətdə hər kəs üçün faydalıdır. Bu gün Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti yüksəlməkdə, neçə-neçə yeni istehsal və xidmət müəssisələri yaradılmaqdadır. Buna görə də sahibkarların öz biznesindən daha çox mənfəət əldə etməsi və rahat fəaliyyət göstərməsi üçün öz daşınmaz əmlaklarını və daşınmaz əmlaklarının istismarı zamanı mülki məsuliyyətlərini sığorta etdirmələri vacibdir.

Hafiz Hüseynov
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR