Dünya binə olandan bəri insanlar vaxtı təyin etmək üçün müxtəlif üsullara əl atıblar. Bəzən bunu Günəş vasitəsilə etməyə çalışıblar, bəzən qum saatından istifadə ediblər, bəzən də su saatları kara gəlib. Zaman keçdikcə insanoğlu üçün saatlar həyatın ayrılmaz hissəsinə çevrilib, beləcə, saatlar da təkmilləşməyə başlayıb. Əvvəlcə divar saatları, sonra cib, daha sonra isə qol saatları meydana gəlib. Bu əşyalar evləri bəzəyib, ən vacib aksesuar kimi istifadə edilib. Bu gün dünyada elə ölkələr var ki, ənənəvi saat istehsalına görə bütün dünyada tanınır. Ən zəngin muzeylərdə isə dünyanın müxtəlif ölkələrində yüz illər öncə mahir ustalar tərəfindən düzəldilmiş saatlar sərgilənir. Bu saatlar düzəldilməsindən bu günə qədər əsrlər keçməsinə baxmayaraq, dəqiqliyi ilə seçilir. Onları düzəldən ustaların adı isə indi dünyanın tanınmış saat markalarına çevrilib.
...Saniyələr, dəqiqələr, saatlar. Vaxtın dəqiq bilinməsi hər kəs üçün çox vacibdir. İnsanların dəqiq vaxtı bilməsində, saatların qüsursuz işləməsində saatsazların rolu böyükdür. Naxçıvanda da saatların, necə deyərlər, dərdindən, sərindən anlayan saatsazlar çox olub. Təkcə Naxçıvan şəhərində bu sənətlə məşğul olan onlarla sənətkar fəaliyyət göstərib. Ancaq indi belə sənətkarlar barmaqla sayılacaq qədər azdır. Onlardan biri də şəhərimizin Xətai küçəsindəki Mərkəzi bazarın yanında, kiçik bir dükanda bu sənəti yaşadan, 40 ildən artıq bir müddətdə “yorulmuş” saatları yenidən “həyata qaytaran” İlyas Əliyevdir. Hər peşə kimi saatsazlıq sənətinin də özünəməxsus incəlikləri var. 61 yaşlı saatsaz həvəs göstərdiyi bu sənətə 1974-cü ildən könül verib. Əvvəllər bu iş ona çətin gəlib, ancaq zaman keçdikcə, bu sahədə təcrübəsi artdıqca saatların dilini də yaxşıca öyrənib, onları düzəltmək onun üçün asan olub. Onun dediklərindən:
– 1972-1973-cü illərdə mexaniki saatları daha mükəmməl öyrənmək üçün Bakıda, 1984-cü ildə isə elektron saatlar üzrə təcrübə qazanmaq məqsədilə Moskvanın Penza şəhərində olmuşam. Belə demək mümkünsə, bu şəhərlərin bir sənətkar kimi yetişməyimdə böyük rolu olub. Hər iki növ saatları düzəldə bilirəm. Ancaq mexaniki saatlarla məşğul olmaq mənə daha maraqlı gəlir. Bu saatlar üzərində işləyəndə mən özümü əsl zərgər kimi hiss edirəm. Zarafat deyil, bir saatın içində onlarla detal var və sənin hər bir detal haqqında, onun funksiyası barədə mükəmməl məlumatın olmalıdır. Elə etməlisən ki, bu detallar arasında tarazlıq, ahəng pozulmasın. Hər bir detal nəzərdə tutulandan nə sürətli işləməlidir, nə də yavaş.
İlyas usta onu da deyir ki, günümüzdə saatların təmirinə maraq azalıb. İndi saatda bir balaca nasazlıq olan kimi atırlar bir kənara və gedib ucuz qiymətə yeni bir saat alırlar. Təbii ki, belə qiymətə satılan saatların keyfiyyəti də olmur, qısa zamanda sıradan çıxır. Ancaq əvvəllər belə olmayıb. Yaşlı və orta nəslin nümayəndələri mənimlə razılaşar ki, saat bu nəslin nümayəndələri üçün zamanı, vaxtı-vədəni öyrənmək üçün vasitədən daha çox, bir yoldaş, əvəzolunmaz aksesuar olub. Başqa sözlə, saat sahibinə, sahibi isə saata bənzəyib. Sahibinin qolunda saat dayandıqda bunun günahını həmin adam qolundakı saatda yox, özünün həmin saata qarşı soyuq münasibətində görüb. Və elə həmin dəqiqə saat ustanın masasına qoyulub, təmir edilib, yenidən işə salınıb. Saatlarla bağlı xalq arasında bir sıra inanclar da olub. Məsələn, belə düşünürdülər ki, bir evin, bir ailənin başçısı dünyasını dəyişibsə, həmin evin divardan asılan saatı da elə həmin zaman kəsiyində dayanır. Deyə bilmərəm bu nə dərəcədə həqiqətə uyğundur ya yox, ancaq mənim hər zaman saatlarla onların sahibləri arasında bir əlaqə, bağ olduğuna dair inancım olub. Bəzən bir nəfər təmir etmək üçün saat gətirib, saatın çox baxımsız olduğunu görəndə düşünmüşəm ki, onun sahibinin də hansısa bir çətinliyi, problemi var. Onun da həyatında bu saatın mexanizmi kimi geriyə qalmalar, önə qaçmalar var. İstər-istəməz gördüyüm işdən ayrılıb bircə dəqiqəliyinə də olsa, sahibi ilə maraqlanıram, görürəm ki, gəldiyim qənaətdə qismən də olsa, haqlıyam.
Bəzən köhnə divar saatları da təmir edirəm. Düzdür, bu saatlardan indi evlərdə çox az qalıb, ancaq hələ də keçmişi yaşatmaq istəyən insanların evlərindən bu saatların zəng səsləri gəlməkdədir. Onu da deyim ki, bu işlə məşğul olan insanların çoxu özləri üçün saat kolleksiyası toplayır. Ancaq mən kolleksiya toplaya bilmirəm. Çünki təmir üçün gətirilən saatların nə olursa-olsun, düzəldilməsi, sahiblərinin əliboş qayıtmaması üçün çox vaxt evdəki saatlarımın ehtiyat hissələrindən də istifadə edirəm. Qolumdakı mexaniki saat düz 35 ildir ki, mənimlə yol yoldaşıdır. Bu saatın bu qədər müddətdə işlək vəziyyətdə qalmasının səbəbi, şübhəsiz ki, keyfiyyətli olmasından irəli gəlir. Saatını təmir etdirmək istəyənlər mütləq onu yaxşı usta yanına aparmalıdırlar. Günümüzdə peşəkar saatsazlar say etibarilə həddindən artıq azdır. Bu heç də yaxşı hal deyil. Fərz edin ki, evinizə başqa şəhərdən bir qonaq gəlib, saatı xarab olub və təmirə ehtiyacı olan bu saatı düzəltdirmək üçün sizdən bir ünvan istəyir. Verəcəyiniz ünvanda çalışan bu ustanın da öz işini yaxşı bilməsi vacibdir. Məndən sonra da bu sənəti yaşada biləcək birilərinin olması üçün oğluma bu sənətin incəliklərini öyrətmişəm. Başqa işlərim olduğu zaman o, məni əvəz edir, bu işin öhdəsindən gəlməyi bacarır. Marağı olan hər kəsə bu peşəni öyrətməyə hazıram.
Telli MUSTAFAYEVA