23 Dekabr 2024, Bazar ertəsi

(Replika)

– Yola çıxırıq, gəl mağazadan bir-iki şüşə su alaq.

– Ehtiyac yoxdur, Naxçıvan-Şərur yolu üzərində bir neçə bulaq-abidə kompleksi var. Həm su içərik, həm də yolun yorğunluğunu çıxararıq.
– Birdən su gəlməsə?
– Ola bilməz. Deyirsən yəni yol üstündə yaradılmış bir neçə bulaq-abidə kompleksinin heç birində su olmayacaq?
...Bu qısa dialoq, təxminən, iki-üç gün əvvəl Şərur rayonuna yollanarkən mənimlə redaksiyanın fotoqrafı arasında olmuşdu. Beləliklə, iş yoldaşımı su almaq fikrindən daşındırmışdım.

Xülasə, yola çıxdıqdan, təqribən, 30 dəqiqə sonra gedib çatdıq Kəngərli rayonunun girişindəki bulaq-abidə kompleksinə. Avtomobili saxladıb əmin addımlarla bulaq-abidə kompleksinə tərəf getdikdə buradakı bulağın çoxdan suya həsrət qaldığını gördüm və fotoqrafı su almaq fikrindən daşındırdığım üçün az da olsa, peşmançılıq hissi keçirdim. Ancaq bu qədər tez təslim olmaq da istəmədim. Qarşıda yenə bulaq var, oradan su içərik deyib avtomobilə oturdum. Fotoqrafa sübut etmək istəyirdim ki, mən haqlıyam. Ancaq Kəngərli rayonunun Qabıllı kəndi ərazisindəki bulaq-abidə kompleksi də yol yoldaşımı haqlı çıxardı. Çünki bu bulaqdan su gəlməməyi bir yana dursun, su kranlarını açmaq belə, mümkün deyildi. Sanki su kranları bir daha açılmamaq üzrə bağlanmışdı.
Ancaq yenə qarşıdakı bir bulaq kompleksində su tapacağıma dair ürəyimdə bir ümid işığı var idi. Bu işığı da Kəngərli rayonunun çıxışında yaradılan bulaq-abidə kompleksi söndürdü.
Avtomobilimiz Şərur rayonunun Danyeri kəndinin girişindəki bulaq-abidə kompleksinin qarşısında dayananda daha avtomobildən enmək istəmədim. Pəncərədən bulaq-abidə kompleksinin qarşısındakı səkidə oturmuş iki kənd sakinindən suyun gəlib-gəlmədiyini soruşdum. Adamların dərdi açıldı. Dedilər ki, hər həftə bu əraziyə iməciliyə çıxırlar. Yayın istisində tək güman bu bulaqdan axacaq suya qalır. Ancaq buradan su axmır ki, axmır. Onlar da bu bulağın qarşısında oturub gözləyirlər ki, bəlkə, kiminsə yadına düşə və buraya su buraxa, ağaclara qulluqdan sonra əl-üzlərini yuyub sərinləyələr.
Mən artıq təslim bayrağını qaldırıb, yanacaqdoldurma məntəqəsindəki mağazaya girdim və iki şüşə “Çınqıllı” alıb fotoqrafla bölüşdüm. Fotoqraf qalib əda ilə suyu aldı, minnətdarlıq edib suyu son damlasına qədər həzm-rabedən keçirdi.
Dünən yenə bulaq-abidə komplekslərilə bağlı Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində, “Dərəlik” adlanan yerdə bir hadisənin şahidi oldum. Ailəsi ilə birlikdə avtomobillə səyahət edən bir xarici ölkə vətəndaşı yanacaqdoldurma məntəqəsinin önündəki bulaq-abidə kompleksində, sözün həqiqi mənasında, su kranları ilə “mübarizə” aparırdı. O inana bilmirdi ki, son dərəcə səliqə ilə işlənmiş, müəyyən miqdarda vəsait xərclənərək qurulan bu bulaq-abidə kompleksində uzun müddətdir, axan sular cavabdeh qurumların məsuliyyətsizliyi üzündən quruyub. Onda mənfi fikir formalaşmaması üçün yaxınlaşıb dedim ki, su xətlərində təmir işləri aparıldığından burada su yoxdur.
Cavabı isə belə oldu:
– Biz keçən il də buraya səfər etmişdik. Bu bulaqdan o zaman da su gəlmirdi. Təmir işləri nə vaxt başa çatacaq?
Doğrusu, qonağa cavab verə bilmədim. Yəqin ki, muxtar respublikanın qonağının bu sualının cavabını cavabdeh qurumların nümayəndələri tapa biləcəklər.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR