Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi Naxçıvan şəhərinin Qaraçuq kəndində torpaq mülkiyyətçiləri ilə “Məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyəti və mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirmişdir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Novruzov tədbirin məqsədi barədə iştirakçılara məlumat vermişdir. Şöbənin Gəlirlər sektorunun aparıcı məsləhətçisi Vüqar Ağacanov çıxışında bildirmişdir ki, sosial sığorta sahəsində münasibətləri tənzimləyən hüquqi sənədlərdən biri “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanunla müəyyən edilmişdir ki, sosial sığorta fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Ölkədə aparılan iqtisadi siyasətin sosialyönümlü olması, sosial sığorta fondunun ölkənin milli sərvətinin mühüm bir hissəsi olması faktını nəzərə alsaq, toplanılan məcburi dövlət sosial sığorta haqqının aktuallığı barədə geniş təsəvvür yaranar.
Qeyd olunmuşdur ki, hər bir vətəndaşın ödədiyi məcburi dövlət sosial sığorta haqqı müəyyən dövrdə onun birbaşa özünə qaytarılır. Belə ki, məcburi dövlət sosial sığorta haqqı ödəyən hər bir vətəndaş sığortaçı təşkilatdan qanunla müəyyən edilmiş sosial sığorta hadisələrindən hər hansı biri baş verdikdə, yəni pensiya yaşına çatdıqda, əlil olduqda, ailə başçısını itirdikdə, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sosial sığorta ödəmələri almaq hüququna malikdir.
Tədbirdə şöbənin Fərdi uçotun təşkili sektorunun müdiri Cabir Seyidov fərdi uçot sistemi barədə danışaraq bildirmişdir ki, bu sistem Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkilini və aparılmasını nəzərdə tutur. Fərdi uçotun yaradılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin, digər məqsəd isə sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaq və sığortaedənlər haqqında lazım olan məlumatların istənilən vaxt müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilməsi üçün informasiya bazasının yaradılmasıdır. Bu bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında məlumat almaq mümkündür ki, bu da, öz növbəsində, sığortaolunanın pensiyaya çıxacağı barədə dəqiq proqnozların verilməsinə, sığortaolunanlar və sığortaedənlər tərəfindən ödənilməli və ödənilmiş olan məcburi dövlət sosial sığorta haqlarına daha asan və çox vaxt itirmədən nəzarət etməyə imkan verir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Xəbərlər şöbəsi