Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir.
24-25 avqust tarixlərində mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri olublar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. Karateçiləri Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İlk olaraq idmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər.
İki gün ərzində karateçilər burada müxtəlif mövzularda diskussiyalarda, intellektual oyunlarda iştirak edib, sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə fəallığın təmin edilməsi mövzularında keçirilən seminarlarda müzakirələr aparıblar. Təşkil olunan mini-futbol, şahmat və voleybol yarışlarında karateçilər bacarıqlarını nümayiş etdiriblər. İstirahətin son günündə idmançılar Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanış olublar. Burada idmançılara bildirilib ki, muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növün bu ərazilərdə yayılmasına imkan verib. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
Nahar yeməyindən sonra federasiyanın yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
İdmançılar onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyasının təşkilatçılığı ilə keçirilib.
Ceyhun Məmmədov