23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Azərbaycan rəssamlıq məktəbi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Rüfanə Qarayeva açıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı məruzə edib.
Vurğulanıb ki, Azərbaycanda rəssamlıq sənətinin tarixi çox qədimdir. Ayrı-ayrı dövrlərdə Azərbaycan torpağında çox qüdrətli rəssamlar yetişib və rəssamlıq məktəbləri yaradılıb. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağı da istedadlı sənət adamlarının vətəni olub. XII əsrdə yaşamış memar Əcəmi Naxçıvani böyük sənət inciləri yaradıb. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərli, mərhum rəssamlardan Şəmil Qazıyev, Mircəlil Seyidov və digər görkəmli sənət adamları Naxçıvan sənətkarlıq məktəbinin yetirmələridir. Bu sənətkarlar Naxçıvan rəssamlıq məktəbinin yaradılmasında və onun zənginləşdirilməsində mühüm rol oynayıblar.

Memar Əcəmi rəssamlığın naxış formasını, Bəhruz Kəngərli realist boyakarlığı, Şəmil Qazıyev Naxçıvan tarixi abidələri silsiləsini, Mircəlil Seyidov abstrakt rəssamlığın ən gözəl nümunələrini yaradıblar. 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb. Hazırda muxtar respublikada məktəbdənkənar müəssisələrdə və uşaq incəsənət məktəblərində rəsm dərnəkləri fəaliyyət göstərir. Bu dərnəklərdə yüzlərlə şagird rəssamlığın sirlərini öyrənir. Eyni zamanda Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Memarlıq və Təsviri incəsənət müəllimliyi ixtisasları üzrə ali təhsilli gənc kadrlar hazırlanır. Bu da muxtar respublikamızda rəssamlıq, memarlıq və təsviri sənətin digər sahələrində varisliyin davam etdirilməsi deməkdir.
Bildirilib ki, bu gün muxtar respublikada döymə, oyma və tikmə sahəsində fəaliyyət göstərən sənətkarlar da yüksək səviyyəli əsərlər yaradırlar. Bu da muxtar respublikanın mədəni həyatının dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Artıq internet vasitəsilə Naxçıvan sənətkarlarının əsərləri sərgilənir, satışa çıxarılır, naxçıvanlı rəssamlar ölkəmizdə və xaricdə keçirilən sərgilərdə öz əsərlərini nümayiş etdirir, layiqli yerlər tuturlar.
Qeyd edilib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli təsviri-incəsənət tariximizə adı qızıl hərflərlə həkk edilməyə layiq nadir istedad sahiblərindən biri olmuşdur. O, ilk təhsilini Naxçıvanda, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində almışdır. Bəhruz Kəngərli əsərlərini tamamilə milli ruhda və üslubda yaradırdı. Beləliklə də, o, mədəniyyətimizdə milli rəssamlığın inkişafında özünəməxsus rol oynayıb. İncəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərib. Ulu öndərimizin təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılar Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR