Bu sərhəd kəndi həm də gözəl istirahət məkanıdır
Naxçıvan qədimliyi qədər möcüzələr diyarıdır. Burada hər obanın özünəməxsus gözəllikləri var. Xüsusən də dağlar qoynuna sığınan yaşayış məskənlərinin. Elə götürək yüksəkliklərdə qərar tutan Gərməçatağı. Babək rayonunun qeyri-adi spesifik cəhətlərə malik bu kəndi ecazkarlığı baxımından turizm üçün də son dərəcə faydalıdır desək, – yanılmarıq. Çünki füsunkar təbiəti, qeyri-adi təbii quruluşu, yaşıllıqlar qoynunda çağlayan buz bulaqları və sair xüsusiyyətləri ilə yanaşı, ab-havası da bunu təsdiqləyər.
Bu günlərdə yolumuzu Gərməçataq kəndinə saldıq. Yolboyu gördüyümüz mənzərələr bizi heyranlıq cazibəsinə almışdı. Kəndə aparan yol dağların ətəyi ilə burula-burula hündürlüyə qalxırdı. Şose yolun sol tərəfindən axan çay ilan kimi qıvrıla-qıvrıla məcrasına doğru tələsirdi.
Gərməçatağa belə gözəllikləri seyr edə-edə gedirik. Maşınımız Aşağı Buzqov kəndinə gedən yoldan ayrılıb, dağ yoluna burulur. Məlumat üçün bildirək ki, getdiyimiz yol cari ildə yenidən qurulub. Altı metr enində və 6 kilometrlik məsafədə təmir işləri aparılıb, 10 yerdə selötürücü kanallar tikilib.
Abad yolla daha yüksəkliyə qalxdıqca gözəl mənzərələr bir-birini əvəz edir. Ətrafdakı həmərsin, yemişan, kəklikotu, dağ nanəsi, boz daşların üstündə şaxələnib yayılan, meyvələri yetişib partlayan çöl qarpızı göz oxşayır.
Kəndin başlanğıcındakı hündür yerdə dayanırıq. Buradan Gərməçataq ovuc içi kimi görünür. Kənardan baxanda, bir az obrazlı desək, bu sərhəd yaşayış məntəqəsi mahir bir rəssamın yaratdığı tabloya bənzəyir. Yaşıllıqlar qoynunda bəyaz çardaqlı evlər ağ göyərçinləri xatırladır. Kəndi ikiyə bölən, Günəş şüasında suyu bərq vuran dağ çayı, üzüyuxarı Günəşə boy verən köklü ağaclar... Demək olar ki, bu yurd yerindən Tanrı heç nəyi əsirgəməyib. Gözəllik qələmini elə saxavətlə çəkib ki, heyranlığımızı gizlədə bilmirik. Kəndin coğrafi mövqeyinə uyğun olaraq Gərməçatağa hündürlükdən enməlisən. Bu gözəlliyi yaxından duymaq üçün piyada enməyə qərar veririk.
Yolüstü son illərin bu kəndə quruculuq ərməğanı olan məktəb binası diqqətimizi çəkir. İlk olaraq bu ünvana üz tuturuq. 2002-ci ildə tikilən 130 şagird yerlik məktəbin həyətyanı sahəsindəki meyvə bağı göz oxşayır. Məktəbdə yaradılmış tarix muzeyində qorunan eksponatlar uşaqların tariximizə məhəbbət hissini gücləndirir. Öyrənirik ki, dövlətin yaratdığı şəraiti, tədrisə göstərdiyi qayğını pedaqoji kollektiv dəyərləndirməyə çalışır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Lazım Mirzəyevdən kənd sakinlərinin gün-güzəranı haqqında ətraflı məlumat alırıq. Deyir ki, Gərməçataqda 130 təsərrüfat var. Kənd əhalisinin sayı 529 nəfərdir. Kənddə feldşer-mama məntəqəsi, kitabxana, klub fəaliyyət göstərir. Dağ kəndinin sakinləri öz gün-güzəranlarını yaxşılaşdırır, kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirirlər.
Kərə təpə, Yazı yurdu dağlarının qoynundan çağlayan Sarı bulaq, Novruz bulağı, Qoşa bulaq, Pir bulağının gur suyu nəinki insanları içməli su ilə təmin edir, hətta onlara bağ-bağçalarını da suvarmaq imkanı qazandırıb. Kənddə vurulan iki artezian quyusu isə su tutmayan yerlərin suvarılmasında insanların köməyinə çatır.
Burada hər bir evə telefon çəkilib, evlər fasiləsiz elektrik enerjisindən və təbii qazdan istifadə edirlər. Yəni rahat yaşamaq üçün sərhəd bölgəmiz olan Gərməçataqda dövlət tərəfindən hər bir şərait yaradılıb.
Evlərdən birinin həyət qapısını döyür, güzəranları ilə tanış olmaq üçün içəri daxil oluruq. Gənc bir qız bizi qarşılayır, “xoş gəldiniz”, – deyir və sonra babasını səsləyir. Öyrənirik ki, bu ev 81 yaşlı Əbdülhüseyn Rzayevə məxsusdur. Ağsaqqal kənd sakini kimliyimizi öyrəndikdən sonra üzünə səmimi bir təbəssüm qonur. Bizi evə dəvət edir. Lakin bağçada oturmaq istəyirik. Ev sahibi bizimlə razılaşır. Şirin söhbət başlayır. Sanki ailənin çoxdankı tanışı kimi bizimlə söhbət edən Əbdülhüseyn kişi bir oğul, dörd qız atasıdır. Övladlarını ev-ocaq sahibi edib. Yaşayışlarından da çox razıdır. Bunu söhbətinin əvvəlində də, axırında da dövlətimizə dua etməklə bildirir. Deyir ki, müxtəlif idarələrdə çalışıb, sürücü işləyib, yaxşı da qazanıb. Amma bu gün dövlətin verdiyi pensiya daha bərəkətlidir: – Aldığımız pensiya yaşayışımızı təmin edir. Hər şəraitimiz, suyumuz, qazımız, işığımız var. Daha nədən gileylənməliyik? Bir vaxtlar kimin ağlına gələrdi ki, dağ kəndindən bir zənglə dünyanın o biri başı ilə danışasan.
Əbdülhüseyn dayı kəndin tarixi barədə də danışır. Deyir ki, bu kəndin tarixi çox qədimdir. Eşitmişəm ki, qədimlərdə Kərim adlı yaşlı adamın yeni yurd salmaq məqsədilə yola çıxması qohumlarını da onun ardınca aparıb. Arxadan gələnlər bir-birinə “tez gedək ki, Kərimə çataq”, – deyiblər. Ağsaqqala bu yerdə çatıblar və onun məsləhəti ilə burada məskunlaşıblar. Beləcə, bu kənd binə olub. Elə o vaxtdan da kənd “Gərməçataq” adlandırılıb.
Əbdülhüseyn dayı deyir ki, burada əzəldən evlər dağların sinəsində, çayın kənarlarında üzbəüz tikilib. İnsanlar heyvandarlıqla, meyvəçiliklə yanaşı, taxılçılıqla da məşğul olublar. Taxıllarını su dəyirmanında üyüdüblər. Hər kəs bir parça çörəyini qazanıb, sakit şəraitdə dolanırmış. Sonralar düşmən ermənilər gəlib kəndin yuxarısındakı torpaqlarımızda – Sultanbəy kəndində yerləşiblər və ziyanları da az olmayıb. Ötən əsrin əvvəllərində gərməçataqlılara dişqıcayan düşmən qonşular əsrin sonlarında, eləcə də ötən əsrin 90-cı illərində yenidən namərdliklərini göstəriblər. O illərdə kənddə ciddi döyüşlər gedib. Gərməçataqlıların köməyinə gələn igid oğullardan Vəli Zeynalov şəhidlik zirvəsinə yüksəlib. Altıyaşlı Amilə Əmirova həlak olub. Evlər dağıdılıb, heyvan sürüləri oğurlanıb, ancaq kənd sakinləri öz yurd yerlərinə bağlılıqlarını sübut ediblər. İndi əsgərlərimiz bu yaşayış məskənimizin keşiyində ayıq-sayıq dayanıblar. Gərməçataq sakitlik, firavanlıq şəraitində inkişaf edir.
Kənd sakini Həmzə Sadiqovla da görüşüb həmsöhbət oluruq. 80 yaşlı bu tibb işçisi uzun illər gərməçataqlıların sağlamlığı keşiyində dayanıb.
Həmzə Sadiqov deyir ki, Gərməçatağın dağları şəfa mənbəyidir. Çaşır, bolu, quzuqulağı, quşquyruğu, quşəppəyi, minbir dərdin dərmanı olan müalicəvi otları var. Solmazçiçəyi, səhlab, qantəpər, bağayarpağı, dəvədabanı, əməköməci və daha yüzlərlə bitkinin hər biri neçə dərdin dərmanıdır. Deyir ki, 115 yaşdan çox yaşayan nənəsi bu otlarla təbib olmayan vaxt xəstələrin dadına çatıb. Əslində, kəndin səfalı havası, bitkiləri, insanların əməksevərlikləri gərməçataqlıları sağlam saxlayıb, dava-dərman bilməyiblər. Odur ki, Gərməçataqda uzunömürlü insanlar yaşayıb və indi də belə insanlar var.
Sonra kəndi gəzirik. Kənddə 128 nömrəlik ATS quraşdırılıb. Bundan başqa, bu yaşayış məntəqəsinə optik kabel çəkilib, Naxtel istifadəçiləri üçün şərait yaradılıb.
Bəli, Gərməçataq qədimliyi qədər gözəl kənddir. İlk növbədə, onu gözəlləşdirən mehriban, səmimi, qonaqpərvər insanlarıdır. Onları dövlətin bu sərhəd məntəqəsinə göstərdiyi qayğı yaşadır. Elə yay aylarında başqa yerlərdən, xüsusən Bakı şəhərindən bura qonaq gələnlər mehriban insanların evlərində, gözəl təbiət guşəsində dincəlib xoş təəssüratlarla buradan ayrılırlar.
Hafizə Əliyeva