23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə yeniyetmə voleybolçuların Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.

Avqustun 21-22-də mərkəz 45 voleybolçunu qəbul edib. İdmançılar əvvəlcə Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanış olublar. Burada 2899 bitki növü yayılıb ki, onların bir çoxu endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
Sonra idmançılar Ağbulaq İstirahət Mərkəzinə yol alıblar. Burada idmançılara məlumat verilərək bildirilib ki, Ağbulaq İstirahət Mərkəzi Naxçıvanda kənd turizminin inkişaf etdirildiyi ən gözəl məkanlardan biridir. 2013-cü ildə istifadəyə verilən mərkəzin ərazisi 3,5 hektardır və 3 yaşayış korpusundan, 1 yeməkxana binasından ibarətdir.

Nahar yeməyindən sonra proqrama uyğun olaraq voleybolçular müxtəlif stolüstü oyunlarda mübarizə aparıblar. Şahmat, dama kimi zehni oyunların ardınca “Ağbulaq” bulağına yürüş keçirilib. Sonra vətənpərvərlik mövzusunda sənədli filmin nümayişi idmançılarda xoş təəssüratlar yaradıb.
Növbəti gün voleybolçular müxtəlif idman yarışlarında qüvvələrini sınayıblar. Mərkəzin stadionunda voleybol yarışı keçirilib. Nahar yeməyinin ardınca idmançılar üçün əyləncəli saat təşkil edilib. Əyləncəli saatda yeniyetmə idmançılara bir-birindən xoş musiqi nömrələri təqdim olunub. Axşam saatlarında isə idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
İkigünlük istirahət mərkəzdə olan idmançılarda razılıq doğurub. Onların təəssüratlarını öyrəndik.
Voleybolçu Röyal Həsənov bu səfərin onda xoş təəssüratlar yaratdığını bildirdi. İki gün ərzində tədbirlərə qatılıblar və bu da voleybolçuların istirahətlərinin səmərəli keçməsində mühüm rol oynayıb.
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev istirahət mərkəzində yaradılmış hərtərəfli şəraitə görə minnətdarlığını bildirdi.
Qeyd edək ki, cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR