23 Dekabr 2024, Bazar ertəsi

Yurd sevgili yuxarı yaycılılar torpağı qoruduqları kimi, onu əkib-becərməyi də bacarırlar

Şərur rayonunda Arpaçay dəryaçasının yaxınlığında, Kölgəli, Xizəngi dağları və Cənnət qayasının ətəyində bir kənd var: Yuxarı Yaycı. Bu yaşayış məntəqəsinin 4 kilometrliyində isə Aşağı Yaycı kəndi yerləşir. Aparılmış arxeoloji qazıntılar bu kəndlərin nə qədər qədim olduğundan xəbər verir. Yuxarı Yaycı kəndi həm də Ağzirət piri, Cənnətqaya yaşayış məskəni ilə tanınır. Ağzirət piri kənd əhalisinin inanc yerlərindən biridir. Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Yuxarı Yaycının qədim yurd yeri olduğunu bu kəndin ərazisindəki Cənnətqaya yaşayış məskəni də təsdiqləyir. Kəndin şərq hissəsində yerləşən Cənnətqaya Son Tunc və İlk Dəmir dövrlərinə aid edilir.

Kənd hər tərəfdən dağlarla əhatə olunduğundan burada müalicəvi dağ bitkilərinə rast gəlmək olur: ələyəz, dağ nanəsi, pürk otu, limon ətirli kəklikotu və sair. Bu kənd həm də həmərsini ilə məşhurdur ki, bu kolun meyvəsinin soyuqdəymə və böyrək xəstəliklərində müalicəvi əhəmiyyəti olduqca böyükdür. Həmərsin çiçəklərindən bişirilən mürəbbə isə minbir dərdin dərmanıdır.

Şərurun ucqar dağ kəndi olan Yuxarı Yaycı özünəməxsus gözəlliyi, füsunkar təbiəti ilə də seçilir. Bu qədim yaşayış məskənində təmiz dağ havası, güllü-çiçəkli bağlar, yamyaşıl meşələr, uca, əzəmətli dağlar, büllur bulaqlar adamın könlünü oxşayır.
Yuxarı Yaycı kəndinin sakinləri bu gün rahat, firavan, əmin-amanlıq şəraitində yaşadıqlarına görə, ilk növbədə, ulu öndərimizə dönə-dönə minnətdar olduqlarını bildirirlər. Söyləyirlər ki, görkəmli dövlət xadimi Heydər Əliyev ötən əsrin 70-ci illərində Arpaçay üzərində nəhəng dəryaça tikdirməklə bu torpaqlara həyat bəxş edib. Adamların gün-güzəranında əsas dəyişiklik də məhz o illərdən sonra başlanılıb.
Yuxarı Yaycı həm də sərhəd kəndidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində milli zəmində münaqişələr başlayanda bu kəndin adamları da böyük müsibətlər çəkib. Erməni yaraqlıları dəfələrlə bu torpağa hücum edib, sakinlərini ata-baba ocaqlarından didərgin salmağa çalışıblar. Amma Yuxarı Yaycının sakinləri öz dədə-baba torpaqlarını qoruyublar. Həmin dövrləri kənd ağsaqqalı Məhəmməd Cəfərov belə xatırlayır:
– Kəndimiz dəfələrlə erməni yaraqlılarının hücumuna, basqınına məruz qalıb. Ərazimizə səksənə yaxın top mərmisi düşüb. Onlardan beşi kəndin içərisində partlayıb. Uşaqlar və qadınlar dəfələrlə kənddən çıxarılıb. Amma əli tüfəng tutan bir nəfər belə, kəndi tərk etməyib. Hətta kəndin qadınları da hər gün neçə kilometrlərlə yol qət edərək uca dağ zirvəsinə qalxıb döyüşçülərə evlərindən yemək gətiriblər, onlara arxa-dayaq olublar.
50 ildən çox Yuxarı Yaycıda kənd məktəbinin direktoru olmuş təqaüdçü Miribrahim Seyidov da söhbətə qoşulur:
– Xalqımız özünün qəhrəmanlıq tarixi ilə həmişə öyünüb. Buna onun mənəvi haqqı da var. Tariximizin səhifələrində qanlı-qadalı döyüşlər, torpaq uğrunda mübarizələr çox olub. Bədnam qonşularımız erməni daşnakları isə XX əsrin əvvəllərindən başlayaraq torpaqlarımızı özününküləşdirməyə, yeraltı və yerüstü sərvətlərimizə sahib çıxmağa çalışıblar. Müəyyən məqamlarda öz havadarlarının köməyi ilə buna nail olsalar da, torpaq qədri bilən xalqımız onların bu fitnəkarlığı qarşısında mərdanə dayanıb. Mənim doğma kəndim də belə igidliklə qorunan yaşayış məntəqələrindən biridir. Elə son döyüşlər zamanı da ermənilər yuxarı yaycılıların güclü müqavimətinə rast gəldilər, igid və vətənpərvər oğulların əzmini qıra bilmədilər. Gördülər ki, bu torpaq burada yaşayanlar üçün onların canlarından əzizdir. Çünki bu torpaq Vətəndir. Vətən isə o vaxt Vətən olur ki, o qorunur. Bir həqiqəti də etiraf etməyə bilmərəm. Ermənilərlə müharibə dövrü ümummilli liderimiz Heydər Əliyev olmasaydı, bu kəndi qoruyub saxlamaq da mümkün olmazdı. Ulu öndərimizin gecəli-gündüzlü yorulmaq bilmədən apardığı uğurlu siyasət təpədən-dırnağadək silahlanmış erməni yaraqlılarının gücündən üstün oldu. Məhz bu siyasət nəticəsində erməni təcavüzkarları yerinə otuzduruldu.
Odur ki, bu sərhəd yaşayış məntəqəsində adamların hər birinin qəlbində böyük öndərimizə, onun siyasi kursuna tükənməz məhəbbət, sevgi, ehtiram hissləri vardır. Yuxarı Yaycı kəndi bu gün əmin-amanlıq, firavanlıq içərisindədir. Milli Ordumuzun əsgərləri yaşayış məntəqəsinin keşiyində ayıq-sayıq dayanıblar.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mirqasım Eminov isə yurd yeri haqqında bu məlumatları bizimlə bölüşdü:
– Dəniz səviyyəsindən 1520 metr hündürlükdə yerləşən kəndimizdə 1138 nəfər yaşayır. 2300 hektar ümumi torpaq sahəmiz var. Ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı kəndimizin adamlarına çox böyük töhfə oldu. Düzdür, əvvəllər bəzi adamlarda çaşqınlıq yaranmışdı – suvarma, texnika çətinlikləri onları qorxudurdu. Lakin çox keçmədi ki, hər şey öz qaydasına düşdü. Dövlətimizin kəndliyə göstərdiyi qayğı və diqqət adamları torpaqdan möhkəm yapışmağa ruhlandırdı.
Torpaq bu gün yüzlərlə sakinin dolanışıq yerinə çevrilib. Yuxarı yaycılılar əkinçilik və heyvandarlıqla məşğul olurlar. Ərazinin dağ ətəyində yerləşməsi bu təsərrüfat sahələrinin inkişafına zəmin yaradır. 2016-cı ilin məhsulu üçün kənddə 81 hektar sahədə taxıl əkini keçirilib. Artıq biçin başa çatdırılıb və sahələrdə məhsuldarlıq 30 sentner olub. Bundan əlavə, həyətyanı sahələrdə və pay torpaqlarında 20 hektara yaxın müxtəlif məhsullar, o cümlədən heyvandarlıq üçün yem bitkiləri əkilib.
Kənddə əsas məşğuliyyət sahələrindən biri də heyvandarlıqdır. Örüş və biçənək yerləri də kifayət qədərdir. Heyvandarlar indidən qışa hazırlıq tədbirləri görür, mövsümü mütəşəkkilliklə başa vurmaq üçün yem tədarük edirlər.
Arıçılığı geniş şəkildə inkişaf etdirmək dağ kəndləri üçün bir ənənə halını alıb. Bütün bunlar da təsadüfi deyil. Dağ kəndlərindəki təmiz hava, güllü-çiçəkli yerlərin çox olması bu lazımlı sahənin inkişafına təkan verir.
Yuxarı Yaycı kəndində də arıçılıqla məşğul olan adamlar az deyil. Burada arı ailələrinin sayı 350-yə çatdırılıb. İstehsal olunan balın dadına, tamına isə söz ola bilməz. Arıçılıqla məşğul olan adamlar bu sahəni daha geniş şəkildə inkişaf etdirmək niyyətindədirlər. Çünki arıçılıq çox gəlirli sahədir. Nurəddin Nadirov, Hüseyn Süleymanov, Ələmdar Fərzəliyev təsərrüfatlarında daha çox arı ailəsi saxlayırlar. Füsunkar təbiəti, təmiz dağ havası, otlu-sulu yerlərin çoxluğu kənddə yüksək keyfiyyətli bal istehsal etməyə imkan verir.
Yuxarı Yaycıda meyvə ağacları da baş-başa verib. Odur ki, kənddə yaxşı bağbanlar nəsli də yetişib. Onlardan Səyavuş İsmayılov, Əli Abdalxanov, Məhəmmədəli Fətəliyev, Tofiq Süleymanov və başqaları hər il bazara tonlarla cəviz, badam, ərik, alça, alma, armud və üzüm çıxarırlar.
Muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq tədbirlərindən Yuxarı Yaycı kəndinə də xeyli pay düşüb. 2015-ci ildə burada kənd və xidmət mərkəzləri fəaliyyətə başlayıb, kənd tam orta məktəbinin binası isə yenidənqurma işlərindən sonra müəllim və şagirdlərin istifadəsinə verilib. Həyata keçirilən quruculuq işləri zamanı Aşağı Yaycıdan kəndə gələn 5,7 kilometr uzunluğunda avtomobil yolu genişləndirilib, yeni asfalt örtük salınıb, yol üzərində 1 selötürücü, 48 su keçidi tikilib, 390 metr beton kanal çəkilib. Yolun müasir tələblər səviyyəsində yenidən qurulması nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə imkan verib. Görüşüb söhbətləşdiyimiz kənd sakinləri yaradılan bu şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Yuxarı Yaycı adı gələndə çoxlarının nəzərində həm də Ağbulaq çeşməsi canlanır. Onun çağlayıb axdığı yer əsrarəngiz təbiətə malikdir. Şiş qayalar, daşlar sanki bir tamaşadır bu yerdə. Bu dağların, daşların altından süzülüb gəlir “Ağbulaq” çeşməsi. Kəndin əhalisi, əsasən, həm içmək, həm də həyətyanı sahələrini suvarmaq üçün “Ağbulaq” çeşməsinin suyundan istifadə edir. Son vaxtlar kənddə bir neçə məhəlləyə su xətti də çəkilib. Bəyzad kəhrizi də bu kənddədir. Təbiətin möcüzəsinə bir baxın. Yuxarı Yaycı kəndində az qala hər daşın altından bir bulaq çıxır. Hamısı da gecə-gündüz qaynayır, çağlayır...
Vətən sərhəddən başlanır. Yuxarı Yaycı da Vətənimizin başlandığı yaşayış məntəqələrindən biridir. Doğma yurda qırılmaz tellərlə bağlı olan kənd adamları dünən olduğu kimi, bu gün də sərhəddə ayıq-sayıq dayanıblar. Vətəni qoruya-qoruya qurub-yaradır, gündən-günə inkişaf edən muxtar respublikamızın, bütövlükdə, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ordumuza inam, kəndliyə qayğı onları daha işıqlı sabahlara aparır...

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR