23 Dekabr 2024, Bazar ertəsi

Adətən, ucqar dağ kəndlərinin insanları daha qonaqpərvər olurlar. Uca dağlara baş qoyub üzünü geniş düzənliyə tutan belə yurd yerlərinin insanları ilk gördüyümüz andan qonaqlara elə səmimi münasibət göstərirlər ki, sanki illərdir, tanıyırlar bir-birlərini. Düşünürsən ki, bəlkə, mətin qayaların, dağların ətəyindən pıqqıldayıb üzə çıxan bulaqların, yaz gələndə coşub-çağlayan dağ çayının, ya düzənlərdə adamın qəlbini oxşayan lalələrin saflığı, təmizliyi çöküb bu insanların qəlbinə? Budur, belə kəndlərdən birindəyik.
... Babək rayonunun Nəhəcir kəndində ilk olaraq kəndin yaraşıqlı məktəb binasının qapısını döyürük. Məktəblilərin yay tətili günləri olduğu üçün dəhlizdə səssizlik var. Hər tərəfdə səliqə-sahman göz oxşa­yır. Məktəb binası 2011-ci ildə istifadəyə verilib.
Məktəbin qocaman müəllimi Əli Tarverdiyev təhsil ocağının tarixindən söz açır, keçdiyi çətinlikləri dilə gətirir. Bildirir ki, əsası 1939-cu ildə qoyulmuş bu məktəbdə əvvəlcə kəndin uşaqları ibtidai təhsil alıblar, sonra səkkizillik, 1983-cü ildən tam orta məktəb kimi fəaliyyət göstərir. Müsahibimiz öz həyat yolunda çəkdiyi əziyyətlərdən də danışır. Deyir ki, ibtidai sinfi bitirəndən sonra Sirab kəndinə gedib. Bir il orada, üç il Culfa rayonunun Qazançı, sonrakı illəri Bənəniyar kəndində oxuyub.
Onun arzusu müəllim olmaq, öz doğma kəndində uşaqlara təhsil vermək imiş. Bu arzusunu reallaşdırıb və uzun illər məktəbə rəhbərlik edib. Deyir ki, 1967-ci ildə kənd camaatı ilə yığışıb məktəb binası tikdik. Amma getdikcə bina köhnəldi, yararsız hala düşdü. Onu da bildirir ki, çətinliklər içərisində olsaq da, məktəbimiz yaxşı məzunlar yetişdirmişdir. Qızıl, gümüş medal alanlar olub. Yetirmələrimiz bu gün müxtəlif sahələrdə çalışırlar. Burada dərs de­yən müəllimlərin hamısı öz məktəbimizin yetirmələridir.

Həmsöhbətim deyir ki, əvvəllər məktəbdə şagird sayı azalmağa başlamışdı. Övladlarının hərtərəfli şəraitə malik məktəblərdə təhsil alması üçün bəzi ailələr köçdü buradan. Amma kənddə aparılan abadlıq-quruculuq, yenidənqurma tədbirləri insanların başqa yerlərə getmələrini dayandırdı. Nəinki dayandırdı, artıq köçənlər də geri qayıtmağa başladılar. Bunun nəticəsidir ki, əgər keçən il birinci sinfə 2 uşaq gəlirdisə, bu il artıq onların sayı 11-dir. Ulu öndər Heydər Əliyevin təhsil siyasəti bu gün uğurla həyata keçirilir və öz bəhrələrini də verir. Bu gün uşaqların təhsilə marağı artıb. 2015-2016-cı tədris ilində məktəbi bitirən 5 məzundan 1-i ali, 4-ü orta ixtisas məktəblərinə qəbul olunub.
Bəli, son illər muxtar respublikanın bütün bölgələrində aparılan quruculuq tədbirləri Babək rayonunun Nəhəcir kəndini də ağuşuna alıb. Beş il bundan əvvəl uçuq-sökük, yararsız məktəb binasının yerində yaraşıqlı, tədrisin yüksək səviyyədə aparılması üçün hərtərəfli şəraitə malik üçmərtəbəli təhsil ocağı ucaldılıb. Hazırda məktəbdə 11 sinif otağı, kimya-biologiya, fizika laboratoriyaları, hərbi kabinə, elektron lövhəli sinif, kompüter sinfi və müəllimlər otağı, kitabxana, bufet var. Məktəb kitabxanasına şagirdlərin elmin sirlərinə dərindən bələd olmaları üçün 2741 dərslik və bədii ədəbiyyat verilib. 6 kompüter nəhəcirli şagirdlərin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etmələrinə geniş imkan açıb.
Məktəbdə müasir idman zalı var, həyətdə açıq idman qurğuları qoyulub. İdman zalında müxtəlif idman növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılıb. Odur ki, şagirdlər idman müəllimi Rəfail Yaqubovun rəhbərliyi altında bu sahədə uğurlara imza atırlar. Elə bunun nəticəsidir ki, məktəbin şagirdləri bu il “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyində qalib gələrək muxtar respublika yarışında Babək rayonunu təmsil edib və burada da yarışın ikincisi olublar.
Nəhəcir kəndində daha bir yeni ünvan insanların sağlamlığına xidmət edən səhiyyə məntəqəsidir. Kənd mərkəzində yerləşdirilmiş, 3 otaqla təmin olunmuş bu səhiyyə ocağında əhaliyə ilkin tibbi yardımın göstərilməsi, uşaqlar arasında peyvənd işinin təşkili diqqət mərkəzində saxlanılır.
İkimərtəbəli kənd mərkəzi kənddə bir neçə idarə və təşkilatın yerləşdiyi ünvandır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, mədəniyyət evi üçün hər cür şərait yaradılıb.
Kənddə xidmət mərkəzi də fəaliyyət göstərir. Burada 2 mağaza var, eləcə də əhaliyə müxtəlif məişət xidmətlərinin göstərilməsi üçün gözəl şərait yaradılıb.
Kənddə kompleks quruculuq işlərinin aparılması, Qahab və Nəhəcir kəndləri arasındakı 12,8 kilometrlik yolun, kənddaxili yolların təmir olunması, içməli su probleminin həll edilməsi, yeni ATS-in quraşdırılması, kəndin daimi elektrik enerjisi və təbii qazla təmin edilməsi, bir sözlə, bu kənddə əhalinin yaşayışı üçün lazımi şəraitin yaradılması insanların məskunlaşmasına səbəb olub. Üstəlik, başqa yerlərdən də bu dilbər guşəyə yaşamağa gələnlər var ki, bunun da nəticəsində son illər kənddə yeni fərdi evlər tikilib.
Nəhəcir kəndinin geniş otlaqları, bərəkətli torpaqları burada əkinçilik və heyvandarlıq üçün əlverişli şərait yaradır. Hazırda kənddə 580 baş qaramal, 5435 baş davar saxlanılır. Kənd adamları taxıl əkininə üstünlük verirlər. Həyətyanı sahələrdə isə hər ailə öz tələbatına görə tərəvəz bitkiləri əkib-becərir. Kənddə arıçılıq da gəlirli sahələrdən sayılır. Ümumilikdə, burada 267 arı ailəsi saxlanılır. Kənd sakinlərindən Kərəm Həsənovun 60 arı ailəsi, bundan başqa, 10 baş qaramalı var. Azər Hacıyev də təcrübəli arıçı sayılır. 30 arı ailəsi, 6 baş iribuynuzlu mal-qara bəsləyir. Rafiq Rəcəbov və Balakişi Əhmədov isə heyvandarlıqla dolanışıqlarını qurublar. Onların hər biri 150 baş, Şahvələd Rəcəbov isə 110 baş davar bəsləyir. Həvva Seyidova 10 baş qaramaldan aldığı məhsulla ailəsinin dolanışığını təmin edir.
Bu dağların qoynunda elə bir sakin yoxdur ki, qəlbən torpağa bağlı olmasın, zəhməti sevməsin. Bu amillər və kəndin ab-havası burada insanların uzunömürlülüyünün səbəbidir. İkinci Dünya müharibəsinin od-alovlarını görmüş Kazım Hacıyevin 93 yaşı var. O illərin ağrı-acılarından söz açan, Vətən sevgisini bu gün gənclərə, nəvələrinə aşılayan veteranın yaşıdları, həmkəndliləri Şahhüseyn Novruzov, Kəklik Novruzova, Həcər Qalayeva isə müharibə illərində kəndin çəkdiyi məşəqqətli günləri dilə gətirdilər, bugünkü firavan dolanışığa görə dövlətimizin başçısına minnətdar olduqlarını bildirdilər. Özünün ixtiyar çağlarını yaşayan insanlar kəndin cavanlarına milli dəyərlər zəminində öyüd-nəsihət verməyi də unutmurlar. Qonaqpərvərlik, böyüyə hörmət, kiçiyə məhəbbət, dövlətə sədaqət hər bir nəhəcirlinin qanına hopub.
Nəhəciri bir xeyli gəzib dolaşdıq. Halal çörəyini alın təri ilə torpaqdan qazanmış insanlarla həmsöhbət olduq. Və dönüşümüzdə Nəhəcir dağının ətəyindən çıxan, səsi-sorağı diyarın hər yerinə yayılmış mineral su mənbəyinə baxmağı da unutmadıq. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə olan, karbonqazlı, az minerallaşmış, hidrokarbonatlı, natriumlu su kənd adamlarının dediyinə görə, mədə-bağırsaq xəstəliklərində əvəz­olunmaz vasitədir, həmçinin qanazlığının müalicəsi zamanı içilməsi müsbət nəticə verir. Su mənbəyinin ətrafında oturacaqlar qoyulub, ağaclar əkilib və istirahətə gələnlərin rahatlığı təmin olunub. Su hər saatdan bir qaynayıb çıxır, 5 metrədək hündürlüyə fəvvarə vurur və sonra mənbəyinə qayıdır.
Kənddən ayrılarkən bir daha dönüb heyranlıqla qədim yurd yerini, füsunkar mənzərələri seyr etdik və mərhum Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabında kəndin adı haqqında yazılan fikirləri xatırladıq. Kitabda qeyd olunur ki, respublikamızda ən qədim toponimlərdən biri olan Nəhəcir tədqiqatçıların fikrincə, Nuh Peyğəmbərin gəmisinin düşdüyü Gəmiqaya dağının yaxınlığındakı 1799 metr hündürlükdə olan Nəhəcir dağının adı ilə adlanmışdır. Toponim Nuh Peyğəmbərin adı və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub “Nuhun yamacı” mənasını verir.
Deməli, Nuh Peyğəmbərin adı ilə bağlı olan bu yurd yerimiz müqəddəs bir ocaqdır. Odur ki, naxış vurduqca gözəlləşir, abadlığını füsunkarlığını artırır.

Hafizə ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR