23 Dekabr 2024, Bazar ertəsi

Yovşan mürəkkəbçiçəklilər fəsiləsinə aid olan kosmopolit növdür. Avrasiyada, Şimali və Cənubi Afrikada, Şimali Amerikada 400-dək, Qafqazın çöl və səhralarında 180, o cümlədən Azərbaycanda 42 növü yayılmışdır. Hündürlüyü 0,5 metrə çatan çoxillik ot tipli bitkidir. Şaxələnən yeraltı kökümsov gövdəyə malikdir. Kökboğazından yerüstü zoğlar inkişaf edir ki, onların da zirvəsində ətirli çiçəkləri formalaşır. Zoğun aşağı hissəsindəki yarpaqları ikilələkli, orta hissəsindəki sadə lələkli, yuxarıda olanlar isə üçqanadlıdır. Bu bitkinin bütün yerüstü hissəsi (çiçəklərdən başqa) boz rəngdədir. Çiçəkləri süpürgə şəklində yerləşmişdir. İyul-avqust aylarında çiçək açan bitkinin özünəməxsus ətri olur.

Adi yovşan. Mülayim iqlimə malik qurşaqların hər yerində rast gəlinir. Yabanı halda yol kənarlarında, çay və göl sahillərində yayılmışdır. Quru halda ədviyyat kimi istifadə olunur. Ət xörəklərində göyərti kimi işlədilir. Tərkibində 0,026-0,2 faiz efir yağı vardır.Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda becərilir. Yovşandan hazırlanmış cövhərdən iştahagətirici vasitə kimi qızardılmış və yağlı xörəklərin, xüsusilə də ördək və qaz ətlərinin yeyilməsində istifadə edilir. Yovşanın tərkibində kifayət qədər efir yağı, flavonoid, kumarin, sekviterien laktonları, absintin, anab-sintin, artabsin, xamazulin, vitaminlər, üzvi turşular, şəkər, selikli və az miqdarda alkoloidli maddələr vardır. Tərkibində efir yağının olması onun qurdqovucu, valerian turşusunun olması sakitləşdirici, fenol birləşmələrinin olması vəba xəstəliklərinə qarşı müalicəvi təsirini göstərir. Tərkibi müxtəlif kimyəvi maddələrlə zəngin olduğundan tibdə bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Adi yovşan otunun dəmləməsi. Bir xörək qaşığı adi yovşanın xırdalanmış otunun üzərinə 1/2 litr qaynar su əlavə edirlər, bir neçə saat müddətində dəmləyirlər, süzürlər. Alınan dəmləmədən gündə 3 dəfə, hər dəfə 0,5 stəkan yeməkdən sonra qəbul edirlər.
Adi yovşan kökünün bişirilməsi. 30 qram xırdalanmış köklərin üzərinə 0,5 litr ağ şərab əlavə edilir, 10 dəqiqə müddətində qaynadılır, tam soyuyana qədər saxlanıb süzülür. Alınan bişirmədən 3 xörək qaşığı yeməkdən əvvəl qəbul edilir.
Acı yovşan. Acı yovşanın tərkibində əsas təsiredici maddə efir yağlarıdır. Efir yağı göy və ya tünd-yaşıl rəngdə acı duru mayedir. Efir yağının tərkibində tuyil spirti, tuyon, pinen, kadinen, fellandren, kariofillen, selinen, bizabolen, kurkumen və sair maddələr var. İsti havada ətrafa daha çox efir yağı ifraz edir. Buna görə də yay aylarında heyvanlar onu az yeyirlər. Yovşanın əsas xüsusiyyətlərindən biri parazit qurdlara qarşı öldürücü təsirə malik olmasıdır.
Keçmişdə onu tauna, qurdlara və dəri parazitlərinə qarşı dərman vasitəsi kimi işlətmişlər. Muxtar respublikamızın qış otlaqlarında acı yovşandan heyvanların parazit qurdlardan təmizlənməsində və mədə-bağırsaq sisteminin yaxşılaşmasında istifadə edilir.
Yovşan mərkəzi sinir və qanyaradıcı sistemin fəaliyyətini artırır, asteniya, zəiflik, anemiya və epilepsiya kimi xəstəliklərin müalicəsinə zəmanət verir. Tərkibində hərarətsalıcı və öskürəkkəsici maddələr olduğundan temperatur ilə müşayiət olunan malyariya, qrip və kəskin respirator xəstəliklərinin profilaktika və müalicəsində istifadə edilir. Acı yovşan 20-dən artıq dövlətin farmakopeyasına daxil edilmişdir. Acı yovşanın tərkibində 13,6 faiz kül, 15,6 faiz protein, 5,1 faiz yağ, 34,1 faiz sellüloz, 31,6 faiz azotsuz üzvi maddələr vardır.
Muxtar respublikamızda yovşanın böyük ehtiyatı vardır. O, əsasən, qış otlaqlarının əsas fitosenozunu təşkil edir və qış aylarında heyvanlar tərəfindən yeyilir. Bu isə heyvanların qurdlardan azad olmasını və proteinə olan tələbatını təmin edir. Azərbaycanın yay və qış otlaqları ərazisində yem və dərman bitkisi kimi perspektiv əhəmiyyət kəsb edən acı yovşan bitkisinin geniş yayılması aşkar olunmuşdur.
Acı yovşandan bir neçə xəstə­liyin müalicəsində istifadə etmək olar. Xalq təbabətində yovşanın may ayında toplanmış hissələrini qaynatmaqla əldə olunmuş məlhəm titrətmə, sarılıq, qaraciyər, dalaq, yuxusuzluq, ürəkgetmə, qusma, ishal, təngnəfəslik, bədən boşluğuna yığılmış mayelərin və bir sıra bağırsaq xəstəliklərinin müalicəsində geniş tətbiq olunur. Elmi təbabətdə halen preparatlarının tərkibinə daxil edərək yovşandan qüvvətləndirici, iştahagətirici, həzmyaxşılaşdırıcı vasitə kimi istifadə olunur. Müasir xalq təbabətində acı yovşandan mədə pozğunluqlarının aradan qaldırılmasında, qəbizlikdə, qızdırmada, ürəkgetmədə, qanazlığında, öd kisəsi xəstə­liklərində, vətərlərin genişləndirilməsində, yuxusuzluqda və eləcə də piylənmə əleyhinə, yovşanın yarpaq, çiçək və köklərindən hazırlanmış cövhərdən (məlhəmdən) soyuqdəymə və qankəsmədə, çibanların sağaldılmasında, bir çox yaraların müalicəsində istifadə edirlər. Yovşanın döyülmüş yarpaqlarını unla qarışdırıb xəşil bişirərək acqarına yeyir, bununla, qurdların qovulmasına nail olurlar. Kölgədə qurudulmuş yaşıl kütləsinin turşumuş südlə qarışığından hazırlanmış sıyığından bədənin əzilmiş hissələrinin və sınıqların müalicəsində işlədirlər. Yovşanla boymadərən bitkisini bir-birinə qarışdırıb köp əleyhinə istifadə edirlər. Adi yovşandan qida məqsədilə də istifadə etmək olar. Onun yarpaqları C vitamini, üzvi turşular, efir yağı, nişasta və sair maddələrlə zəngin olduğundan yeyinti məhsullarına əlavə edilməsi məsləhətdir. Acı yovşandan spirtli içkilərə, likör, vermurq və sair içki növlərinə iy və dad vermək üçün istifadə olunur. Yovşanın tərkibindəki efir yağından isə ətriyyat və sabun sənayesində istifadə edilir.
Müalicə yovşanı. Müalicə yovşanının gövdəsi budaqlanan olub, sıx yarpaqlarla örtülmüşdür. Yaşılımtıl-sarı rəngli çiçəkləri süpürgə əmələ gətirir. Tərkibində limon iyli efir yağı, abrotonin alkoloidi, qatran, aşı, flavanoid və sair maddələr vardır. Cavan zoğlarından alınan efir yağından qənnadı və likör məmulatlarına xoş iy və dad verilmək üçün istifadə olunur. Bundan hazırlanmış cövhər və preparatlardan qanazlığında və eləcə də xənazir xəstəliklərinin müalicəsində istifadə edilir. Yeyinti məqsədləri üçün müalicə yovşanının yarpağı, çiçəyi və gövdəsindən hazırlanmış ədviyədən sirkə, sous (xörək şirəsi), şorba, cövhər, şərab, ət, balıq və sair qida məmulatlarının tərkibinə qatırlar. Bu məqsədlər üçün onun cavan yarpaq, çiçək və qönçələrini toplayıb kölgədə qurudur, narın toz halına salaraq kip bağlanmış qablara doldurub quru və sərin yerdə saxlayır, yeri gəldikcə istifadə edirlər. İstər xörəklərin, istərsə də ət məhsullarının tərkiblərinə cüzi miqdarda yovşandan hazırlanmış cövhər əlavə edib, xarab olmadan uzun müddət saxlayırlar.

Əyyub ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR