23 Dekabr 2024, Bazar ertəsi

Burada sağlamlıq imkanları məhdud uşaqlara yüksək tibbi reabilitasiya xidməti göstərilir

Uşaqlara qayğı göstərmək, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələrini, milli-mənəvi dəyərlərimizə sadiq bir şəxsiyyət kimi formalaşmalarını təmin etmək muxtar respublikamızda qarşıya qoyulan əsas məqsədlərdəndir. Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu qəbildən olan uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

2007-ci ildə Naxçıvan Uşaq Bərpa Mərkəzinin istifadəyə verilməsi muxtar respublika sakinlərinin böyük sevincinə səbəb olub. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri uşaqlara göstərilən qayğının əhəmiyyətindən danışaraq qeyd edib ki, biz cəmiyyətimizi inkişaf etdirmək istəyiriksə, müstəqilliyimizi əbədi etmək istəyiriksə, uşaqlara qayğı göstərməliyik. Dövlətimiz də uşaqlara qayğı, diqqət işini özünün prioritet məsələlərindən biri hesab edir. Ona görə ki, ümummilli liderimizin dediyi kimi, uşaqlar bizim gələcəyimizdir. Bu gələcək isə bu gün qurulur. Bu gün biz uşaqlara necə diqqət və qayğı göstərəcəyiksə, gələcəyimiz də o cür qurulacaqdır. Sağlamlığını itirmiş uşaqlar bundan sonra reabilitasiya mərkəzində müalicə alacaqlar və öz sağlamlıqlarını bərpa edib cəmiyyətə inteqrasiya olunacaqlar. Bunlar Azərbaycanda inkişafın olduğunu, dövlətin öz insanlarına qayğısını, eyni zamanda ölkəmizin qloballaşan dünyaya inteqrasiyasını göstərir.

İndi bu mərkəz sağlamlıq imkanları məhdud olan uşaqların tibbi reabilitasiyalarının təmin olunmasında mühüm rol oynayan müəssisəyə çevrilib. Bu mərkəzdə anadangəlmə və ya sonradan müəyyən səbəblərdən sağlamlıqlarını qismən itirən uşaqların muxtar respublikadan kənara getmədən tamamilə dövlət vəsaiti hesabına müayinə və müalicə olunmalarına hər cür şərait yaradılıb.
Mərkəzin baş həkimi Şəhla Əhmədovanın dediyinə görə, burada müalicə olunanlar 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlardır. Belə uşaqların fizioterapiya müalicəsi almaları üçün mərkəzdə müasir tibbi avadanlıqlarla təchiz edilmiş müxtəlif tezlikli cərəyanlarla müalicə, infraqırmızı, ultrabənövşəyi, mikrodalğa ilə müalicə, manual masaj, parafin aplikasiyası otaqları, eyni zamanda su və balneoterapiya (mirvari vannası, burulğanlı vanna, basseyn), müalicəvi bədən tərbiyəsi zalı fəaliyyət göstərir.

Baş həkim bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunub. Naxçıvan Uşaq Bərpa Mərkəzi də öz işində adıçəkilən dövlət proqramını rəhbər tutaraq fəaliyyətini davam etdirir. Hazırda mərkəzdə 6 nəfəri stasionar, 10 nəfəri isə ambulator müalicə kursu qəbul edən 16 uşaq var. Mərkəzə müraciət edən hər bir uşaq ətraflı şəkildə müayinə olunduqdan sonra həkim-fizioterapevt tərəfindən onun üçün tərtib edilmiş fərdi tibbi reabilitasiya kitabçasında qeydiyyatlar aparılır və gündəlik olaraq təyin edilmiş prosedurların yerinə yetirilməsinə həkim tərəfindən nəzarət edilir. Mərkəzdə müalicə kursu qəbul edən uşaqların əksəriyyəti sinir sistemi xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Mərkəzin kollektivi həmin uşaqların müalicəsində burada yaradılmış şəraitdən geniş şəkildə istifadə etməklə onların ətraf mühitə adaptasiyasına, əzələ tonusunun və gücünün yaxşılaşdırılmasına, hərəkət amplitudalarının artmasına nail olurlar. Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi və reabilitasiyası daim diqqət mərkəzində saxlanılır. Mərkəzin müalicəvi bədən tərbiyəsi zalına uşaqlara göstərilən xidmətin daha da yaxşılaşdırılması və keyfiyyətin artırılması üçün yeni avadanlıqlar – yeriş imitatoru, unikreslo, artromot, aşil tendon gərici verilib. Uşaqlara göstərilən diqqət və qayğının daha bir nümunəsi kimi muxtar respublikada ilk dəfə olaraq mərkəzdə “ Multisensor terapiya” müalicə otağı istifadəyə verilib ki, bu müalicə metodu autizm sindromundan əziyyət çəkən, eyni zamanda diqqət dağınıqlığı olan hiper­aktiv uşaqların müalicəsində əvəzolunmazdır.
“Mərkəzdə müalicə kursu qəbul edən uşaqların hər birinə fərdi yanaşmaqla onlarda olan xüsusi istedadların vaxtında aşkara çıxarılmasına da kollektiv tərəfindən xüsusi diqqət göstərilir”, – deyən Şəhla Əhmədova onu da bildirdi ki, adıçəkilən dövlət proqramının icrası ilə əlaqədar olaraq mərkəzin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Teatrı mərkəzdə müalicə kursu qəbul edən uşaqların iştirakı ilə “Meşə çaqqalsız olmaz” tamaşasını səhnələşdirib, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində tamaşaya qoyub. Eyni zamanda mərkəzdə müalicə kursu qəbul edən uşaqların Naxçıvan şəhərində keçirilən şeir müsabiqəsində, əl işləri və rəsm əsərlərindən ibarət sərgidə iştirakları təmin edilib, onlardan üç nəfəri 3-cü yerə layiq görülüb. Bundan başqa, onların asudə vaxtlarının səmərəli keçirilməsi, əmək terapiyasına cəlb edilməsi, onlarda kiçik metorikanın inkişaf etdirilməsi, zehni inkişaflarının yaxşılaşdırılması, sərbəst şəkildə özünə qulluq vərdişlərinin aşılanması məqsədilə mərkəzdə tədris otağı və yeni avadanlıqlarla təchiz edilmiş art­terapiya otağı fəaliyyət göstərir. Uşaqların yay tətilini səmərəli keçirmələri üçün onların Naxçıvan şəhərindəki muzeylərə gəzintiləri təşkil olunur, filmlər nümayiş etdirilir. Qeyd edilənlərlə yanaşı, mərkəzdə müalicə kursu qəbul edən uşaqlardan bir qrupunun Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib. Bu kateqoriyadan olan uşaqların xarici dövlətlərdə də müalicəsi diqqət mərkəzində saxlanılıb. Belə ki, mərkəzdə müalicə edilən uşaqlardan 4 nəfəri avqust ayının 4-də Türkiyədə müalicə kursu keçib. Mərkəzdə müalicə kursu qəbul edən uşaqlardan ehtiyacı olanların Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən defektoloji bölmə, təlim-bərpa otağı, psixoloji dəstək xidmətinin də fəaliyyətindən yararlanmaları diqqət mərkəzində saxlanılır, distant təhsilə ehtiyacı olan uşaqlar haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilir.
Şəhla Əhmədova onu da qeyd etdi ki, Uşaq Bərpa Mərkəzinə müraciət edən vətəndaşlardan ehtiyacı olanların Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə göndərilmələri təmin edilir. Eyni zamanda onlar haqqında məlumat hər ayın sonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilir. Mərkəzdə müalicə alan uşaqların müxtəlif tədbirlərdə iştirakı da təmin olunur.
Mərkəzlə tanışlıq zamanı müşahidə etdik ki, burada çalışan hər bir həkim və orta tibb işçisi yaradılan şərait müqabilində müraciət edən xəstələri öz doğma övladı kimi qəbul edərək onlara mənəvi dayaq olmağa, eyni zamanda nümunəvi tibbi xidmət göstərməyə çalışır.
Uşaq Bərpa Mərkəzində müalicə olunan uşaqların valideynləri burada yaradılan şəraitdən, göstərilən tibbi xidmətdən razılıqla danışdılar.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR