Naxçıvan şəhəri rəngarəng, xoşətirli gül-çiçəklər və cürbəcür dekorativ ağaclarla dolu olan bir ünvana çevrilib. Meydanlardan, parklardan, xiyabanlardan, bağ-bağçalardan çiçəklərin rayihəsi gəlir, al-əlvan güllərin yaratdığı xoş mənzərələrdən insanın ruhu dincəlir, bu mənzərələr baxanların könlünü oxşayır. Belə məkanlardan birindəyəm.
Şəhərimizdəki Heydər Əliyev Muzeyinin qarşısında. Büllur kimi bərq vuran fəvvarənin yanında nəvəsi ilə istirahət edən Adilə Əlimərdanova ilə həmsöhbət oluram. Onun dediklərindən:
– Lap uşaq vaxtlarımdan gül-çiçəyi çox sevmişəm, bağ-bağata böyük marağım olub. Tale elə gətirib ki, çoxuşaqlı ailənin övladı olduğum üçün atam qardaşlarımı evlə təmin etmək məqsədilə böyük həyətimizi satıb, eyni binada üç mənzil alıb. Beləcə, öz gözəl bağ-bağçamızdan, rəngarəng güllərdən ayrı düşmüşəm. Elə ailə qurduqdan sonra da bağ-bağçalı həyət evi mənə qismət olmayıb. O vaxt şəhərimiz də, necə deyərlər, gül-çiçək baxımdan kasad idi. Bir-iki yerdə gülkarlıq olsa da, baxımsız olduqlarından, qulluq görmədiklərindən elə bahar aylarında solur, baxanların ürəyini ağrıdırdı. Həmişə bu gülkarlıqların yanından keçəndə onları sulamaq, diblərini yumşaltmaq könlümdən keçirdi. Ürəyimdə bu güllərin qulluğunda durmalı olanları qınayırdım. Nə isə...
Şəhərimizdəki parklarda istirahət etdiyim zaman xüsusi bir dinclik, rahatlıq tapıram, qızım, – deyə söhbətinə davam edir: – Dövlət tərəfindən xüsusi qayğı göstərilən belə yerləri mən öz həyətim hesab edirəm. Tez-tez nəvələrimi götürüb belə yerlərə üz tuturam. Nəvələrim də mənim kimi gül-çiçəkləri sevir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaxınlığındakı fəvvarənin önündə şəkil çəkdirən gənclər Naxçıvanda təhsil aldıqlarından, gözəl bir şəhərdə oxuduqlarından çox məmnun olduqlarını dilə gətirdilər. Türkiyədən Naxçıvana təhsil almaq üçün gəlmiş Elif Sultan Karasu və onun rəfiqəsi Yağmur Akyıldırım, xüsusən yaz-yay aylarında Naxçıvan şəhərinin müxtəlif yerlərində gəzməkdən, asudə vaxtlarını gözəl ünvanlarda keçirməkdən böyük zövq aldıqlarını bildirdilər. Elif Sultan Karasu dedi ki, uşaqlıqdan onda ədəbiyyata, kiçikhəcmli hekayələr yazmağa böyük həvəs var. Naxçıvan şəhəri, onun bənzərsiz mənzərələri, gur fəvvarəli meydanları, mehriban, qonaqpərvər insanları haqda hekayə yazır. Hekayənin adını isə şəhəri bəzəyən xoşətirli gül-çiçəyə həsr edib: “Al qızılgüllər şəhəri”. Bu hekayədə insanların öz şəhərlərinin, onun gözəl ünvanlarının qədrini-qiymətini yaxşı bilməsindən, öz şəhərləri ilə qürur duymalarından, gül-çiçəklərə necə qulluq göstərmələrindən, şəhərin gündən-günə gözəlləşməsində əməyi olan insanlara şəhər əhalisi tərəfindən necə hörmət bəslənməsindən söhbət açılır.
Həmsöhbətimin rəfiqəsi Yağmur Akyıldırım isə dedi ki, buraya gəlməzdən öncə Naxçıvan haqda yalnız ilkin məlumatları olub. Naxçıvan onların düşüncələrində mərkəzdən uzaq əyalət şəhəri kimi canlanıb. Ancaq buraya gəldikdən sonra qədim diyarın nəinki bu ölkənin, hətta regionun mədəniyyət mərkəzi, Naxçıvanın gözəl və abad bir şəhər olduğunu görüblər. Naxçıvan şəhərinin axşamlarının isə yay aylarında bir ayrı füsunkarlığı var. Hər yerdə rəngbərəng işıqlar yanır, parklar al-əlvan rənglərə boyanır. İnsanlar rahat bir şəkildə parklara çıxır, istirahət edirlər. Fəvvarələrdən düşən damlalar ətrafa xoş bir sərinlik gətirir. Hər şəhərdə insanların axşam saatlarında belə əmin-amanlıqla gəzdiyini görmək mümkün deyil. Axşam saatları əksər şəhərlərdə insana sakitlik, hüzur yox, təhlükə gətirir. İnsanlar bu saatlarda şəhərlərin mərkəzi küçələrinə çıxmaqdan ehtiyat edirlər. Ancaq burada belə deyil. Axşam, eləcə də gecə saatlarında heç bir müdaxilə ilə qarşılaşmadan istənilən ünvana getmək olar. Elə təkcə bu amil Naxçıvan şəhərini dünyanın ən təhlükəsiz şəhərləri sırasına çıxarır. Mənə xoş gələn digər bir məqam isə küçə və xiyabanlarda rəngbərəng güllərin olmasıdır. Maraqlı burasıdır ki, bu gül kollarının hər birinə ayrı-ayrılıqda xüsusi qayğı ilə qulluq göstərilir. Bu, Naxçıvan əhalisinin ətraf mühitin qorunmasına nə qədər önəm verdiyinin göstəricisidir. Həmsöhbətim əyilib güllərdən birini qoxulayır və söhbətinə davam edir: – Artıq bir neçə ildir ki, Naxçıvanda təhsil alırıq. Rəfiqəmlə tez-tez şəhərin müxtəlif parklarını gəzirik. Hər yer çox gözəldir. Ancaq ən çox vaxt keçirdiyimiz məkanlar Əcəmi seyrəngahı, Qızlar bulağı, görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsinin və Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının ətrafıdır. Ötən günlərdə təsadüfən şahidi olduğum bir hadisə məni çox təsirləndirdi. Belə ki, ulu öndər Heydər Əliyevin abidəsi yanında gəzintiyə çıxmış nənə və gülləri qoparmaq istəyən bir uşağın söhbətinə qulaq şahidi oldum. O uşaq yaxınlıqdakı yaşıllıq zolağındakı bir koldan gül qoparmaq istərkən nənənin ona dediyi bu sözləri eşitdim: “Bütün bu güllər bizim üçün əkilib, şəhərimiz gözəlləşib. Onları qorumalıyıq”.
Əcəmi seyrəngahında bütün oturacaqların dolu olduğunu gördük. Burada yerli sakinlərlə yanaşı, respublikanın başqa bölgələrindən gəlmiş qonaqlarla da rastlaşdıq. Onlardan biri, Zöhrə Məmmədova ilə həmsöhbət olduq:
– Biz oğlumla birlikdə müalicə üçün Sumqayıt şəhərindən Duzdağ Fizioterapiya Mərkəzinə gəlmişik. Hər gün Duzdağdan qayıtdıqdan sonra günbatana yaxın oğlum Yusiflə buraya gəlirik. Demək olar ki, Naxçıvanda olan bütün parklara getmişik, ancaq bura daha çox xoşumuza gəlir. Burada müasirliklə tarixilik vəhdət təşkil edir. Bir tərəfdə müasir “Gənclik” Mərkəzi, bir tərəfdə möhtəşəm memarlıq nümunəsi olan Möminə xatın türbəsi. Buraya dəfələrlə gəlməyimizə baxmayaraq, oğlum gələn kimi qaçıb bu memarlıq nümunəsinin üzərində həkk olunan ornamentləri incələyir, sanki yeni nəsə axtarır.
Digər bir istirahət məkanı – Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı da al- əlvan gül-çiçək sarıdan o birilərdən heç nə ilə fərqlənmir. Axşamüstü burada istirahət edən Məmmədovlar ailəsinin üzvü Şəfahət Məmmədova bildirdi ki, ailəliklə tez-tez buraya gəlirlər. Uşaqlar müxtəlif əyləncə və oyunlarla başlarını qatarkən onlar oturacaqlarda oturub, təmiz havanı, ətrafı bəzəyən çiçəklərin bihuşedici ətrini ciyərlərinə çəkirlər. Burada olan yaşıllıq, al-əlvan çiçəklər uşaqlardan çox böyüklərə zövq verir. O, bizim istirahətimizə zəmin yaradan, belə məkanların yaradılmasında əməyi olan hər kəsə minnətdarlıq etməyi də unutmadı, hər kəsi belə gözəlliyi qorumağa səslədi.
Fatma Babayeva