Avqustun 12-də Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbiri açaraq son illər Kəngərlidə sığorta fəaliyyəti sahəsində görülmüş işlər haqqında danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, sığorta cəmiyyətin mühüm tələbatlarından biridir. Müasir dövrdə muxtar respublikamızın sosial-iqtisadi həyatında sığorta fəaliyyəti genişlənməkdədir. Muxtar respublikamızda sosial-iqtisadi inkişafın mühüm tələbatı kimi sığorta münasibətlərinin də genişləndirilməsi və sığortanın bir çox növlərinin tətbiq edilməsi tələb olunur. Vurğulanıb ki, sığorta müxtəlif gözlənilməz hadisələr zamanı insan sağlamlığına, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə təminat verərək cəmiyyətin inkişafı üçün zəmin yaradır. Bu baxımdan ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən, vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin və mülki məsuliyyətin icbari qaydada sığortalanması müasir dövrün tələblərindəndir.
Vaxtında sığortalanmaqla sığorta hadisələri baş verdikdə vətəndaşlar onlara dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüququna malikdirlər. Çıxışda bu barədə konkret misallar gətirilərək vaxtında sığortalanmağın zəruriliyi diqqətə çatdırılıb.
Hər bir sığorta növü üzrə Kəngərlidə görülmüş işlər təhlil edilərək bildirilib ki, ötən müddətdə rayonda bu istiqamətdə xeyli iş görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Bununla yanaşı, rayonda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası, kənd təsərrüfatı sığortası və digər sığorta növləri üzrə görüləsi işlər çoxdur. Belə ki, rayonda hələ də daşınmaz əmlakını sığorta etdirməyən vətəndaşlar və sahibkarlar, eləcə də yol hərəkətində iştirak edən avtonəqliyyat vasitəsi sahibləri tərəfindən mülki məsuliyyətini sığorta etdirməyən fiziki şəxslər vardır. Diqqətə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin edilməlidir.
Könüllü sığorta növlərindən biri olan kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunan baş direktor bildirib ki, 2016-cı il martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib. Bununla əlaqədar vurğulanıb ki, bu sahədə də Kəngərlinin fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə və təşkilati işlər genişləndirilməlidir.
Tədbirdə Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Anar Həsənov, Kəngərli Rayon Polis Şöbəsinin baş dövlət avtomobil müfəttişi Ədalət Şükürov, Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Əliyev görülmüş işlər barədə məlumat veriblər.
Tədbirə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov yekun vurub.
Xəbərlər şöbəsi