23 Dekabr 2024, Bazar ertəsi

Qarpız deyəndə ağıla ilk gələn Nehrəm qarpızı olur. Babək rayonunun Nehrəm kəndində yetişdirilən qarpızın dadı tamamilə seçilir. Əsrlərdir ki, nehrəmlilər bostan məhsulları əkib-becərir, yetişdirdikləri qarpızın böyüklüyü, dadı, tamı ilə çoxlarını heyrətləndirirlər. Sərinlik gətirən, böyük müalicəvi əhəmiyyəti olan qarpız Nehrəm əkinçiləri üçün həm də qazanc mənbəyidir.

Culfa-Babək magistral yolunun üstündə sıra ilə düzülən bostan məhsulları içərisində Nehrəm qarpızı göz oxşayır. Neçə illərdir, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçiləri yaxşı səriştə və təcrübə qazanıblar. Yol kənarında bir neçə torpaq mülkiyyətçisi ilə həmsöhbət olduq. Öyrəndik ki, bu il sahibkar Cəmşid Həsənov 7 hektardan çox sahədə qarpız yetişdirib. Onun 3 övladı var. Hamısı da əkin-biçinlə məşğul olur. Əldə olunan qazanc ailəsinin tələbatını tamamilə ödəyir. O, qarpızın becərilmə üsullarından da danışdı. Dedi ki, aprel ayının sonu, may ayının əvvəllərində bostan məhsullarının əkininə başlayırıq. Kollar çiçəkləyənə qədər bir neçə dəfə su veririk. 3-4 dəfə tarlada alaq işləri aparır, kolların diblərini boşaldır, vər qoyuruq.

Digər sahibkar Rasim Məmməd­ov cari ilin əkin mövsümündə müxtəlif qarpız və qovun sortlarının toxumlarından istifadə edib. Əkinlərə aqrotexniki qaydada qulluq göstərib. Hər hektardan isə 40 ton məhsul əldə edib. Dediyinə görə, əvvəllər bir sıra problemlərlə qarşılaşsa da, indi bunlar tamamilə aradan qaldırılıb. Su sarıdan heç bir çətinlik yoxdur. Texnika ilə təchizat yetərincədir. Yetişdirilmiş məhsulun satışına da hərtərəfli şərait yaradılıb. O da ailəsi ilə birlikdə bu imkanlardan səmərəli istifadə edir və çəkdiyi zəhmət hədər getmir. Bu il də xeyli gəlir əldə edib, hələ özünün zarafatla dediyi kimi, deyəsən, qar yerə düşənəcən sahədə məhsulu olacaq.
Nehrəm qarpızından söhbət açmışkən onu da qeyd edək ki, yay aylarında ən çox istifadə etdiyimiz bu məhsulun insan orqanizmi üçün bir çox xeyrindən hələ də çoxlarının xəbəri yoxdur. Həkimlərin dediyinə görə, qarpız xərçəng xəstəliyinin müalicəsində xüsusi əhəmiyyətə malikdir. Qarpızın tərkibi xərçəng xəstə­liyinin müalicəsində önəmli hesab edilən likopen və sitrolin ilə zəngindir. Qarpız həmçinin sərinləşdirici təsir göstərməklə yanaşı, iştahaaçandır, göz, mədə ağrısının qarşısının alınmasında da faydalıdır.
Onu da qeyd edək ki, nə qədər dadlı, xeyirli və yay aylarında əvəzsiz qida olsa da, qarpızın insanı zəhərləmə təhlükəsini də yaddan çıxarmaq lazım deyil. Həkimlərin dediyinə görə, zəhərlənmə halları əsasən, məhsul yetişdirilərkən azotdan daha çox istifadə edildikdə, dərildikdən sonra gün altında çox qaldıqda və keyfiyyətini itirdikdə baş verir. Kəsildikdən sonra bir müddət qalmış və antisanitariya vəziyyətində satılan qovun-qarpız yemək təhlükəlidir.
Ümumiyyətlə, bu gün muxtar respublikamızda dadlı və keyfiyyətli məhsullar yetişdirmək üçün hər cür şərait var. İnsanların torpağın əsl sahibinə çevrilməsi, sahibkarlara kreditlərin verilməsi, su anbarlarının yaradılması, meliorasiya sistemlərinin yüksək səviyyədə təkmilləşdirilməsi buna imkan verir. Artıq bərəkətli və münbit torpaqlarımızda yetişdirilən keyfiyyətli məhsullarımız xaricdən gətirilən və tərkibi bəlli olmayan məhsulları sıxışdırıb bazardan çıxarmaqdadır. Öz torpaqlarımızda belə məhsulları yetişdirmək imkanları yetərincə olsa da, bəzi məhsulları tənbəllik ucbatından kənardan alınan, xarici görünüşü gözəl, lakin keyfiyyətcə yararsız olan məhsullarla əvəz etmişik.
Unutmamalıyıq ki, bəzi ölkələr, sadəcə, öz keyfiyyətsiz məhsullarını, bitki sortlarını, toxumlarını biznes xatirinə xaricə ixrac edirlər. Xaricdən gətirilən hər hansı bir meyvəni kəsirsən, üstündən bir həftə keçir, nə xarab olur, nə də qaralır. Deməli, bunun geni dəyişdirilib. Bu meyvə insan orqanizmi üçün çox zərərli və təhlükəlidir. Ona görə də çalışmalıyıq ki, bitki sortlarımız, toxumlarımız sıradan çıxmasın. Nehrəm qarpızının, necə deyərlər, dəyərini bilən nehrəmlilər bu qiymətli məhsula belə baxırlar.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR